Belə xain hərəkətlər insanlarımızı qarşıya qoyulmuş məqsəddən çəkindirməyəcək- YUNUS OĞUZ
12 Oktyabr 2020 03:06 Siyasət"Ermənistan yenə öz xislətini göstərdi.Terrorçu vandal və nəinki regiona, hətta bəşəriyyətə, dünya ölkələrinə təhlükə olduğunu bir daha sübut etdi". Bunu Olaylar.az-a Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin sədri Yunus Oğuz bildirib.
Onun sözlərinə görə, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq, dinc insanları qətlə yetirməsinin adı terrordur.
QHT sədri vurğulayıb ki, son günlər Azərbaycan ordusunun işğal edilmiş torpaqlarda işğalçı Ermənistana qarşı uğurlu əks-hücumlar həyata keçirməsi və ərazilərimizin azad olunması, düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsi Ermənistanı cox ciddi narahat edir. Ermənistan bu əks-hücumların işğal olunmuş torpaqların tam azad edilməsinə gətirib çıxaracağını bilir. Ona görə də xain əməllərini vəhşicəsinə həyata keçirir.
QHT sədri bildirib ki, ermənilərin Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq, dinc insanları qətlə yetirməsi Xocalı faciəsinə bərabər terror aktıdır və dünya bu vəhşiliyə susmamalıdır.
" Mən əminəm ki, belə xain hərəkətlər insanlarımızı qarşıya qoyulmuş məqsəddən çəkindirməyəcək, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Qısa bir zamanda torpaqlarımız işğaldan azad ediləcək."-deyə Yunus Oğuz bildirib.