HƏQİQƏT ANI

Elə bil, hamımız birdən ayıldıq. Gördük ki, daha nəyisə, hansı vədisə gözləyəsi halımız yoxdur. Ölkə başcısı Ali Baş Komandanımızın dediyi zaman artıq çatıb.

Elə bil, hamımız birdən ayıldıq. Gördük ki, daha nəyisə, hansı vədisə gözləyəsi halımız yoxdur. Ölkə başcısı Ali Baş Komandanımızın dediyi zaman artıq çatıb.

Axı, düz 30 ildir ki, Azərbaycanın haqqı tapdalanır. 20 faiz torpağımız tapdaq altındadır. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var.

Əl saxla düşmən. Nə qədər tamam tarımar olmamısan, nə qədər ki, miskin vəziyyətinə düşməmisən torpaqlarımızı tərk et. Axı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev beynəlxalq hüquqa söykənərək, Azərbaycan Respublikasının Konstitusiyasının ona verdiyi səlahiyyətlərdən istifadə edərək əks-hücum əmrini verib və daha heç bir qüvvə, heç bir təşkilat onu saxlamaq iqtidarında deyil.

Bu gün Azərbaycanda təkcə vətənə, xalqa, doğma torpağa olan sevgidən yaranan güc qalib gəlmir. Həm də yeridilən müdrik siyasətin vəhdəti qələbə çalır. Hamının söylədiyi bir kəlmə var: Biz Ali Baş Komandanın yanındayıq. Bu, yüz nəfər deyil, min nəfər deyil. Bu, 10 milyon xalqdır. 

Təəssüf ki, Ermənistan bu gücü, qüdrəti görsə də heç cür həzm edə bilmir, yenə avantüralara əl atır.

"Əl-Cəzirə" televiziya kanalına müsahibə verərkən jurnalist xanım ölkəmizin başçısına belə bir sual verir:

-Ermənistan nəyə görə risk edib təxribata əl atır?

Cənab Prezident arqumentlərlə bunun səbəbini çox gözəl aydınlaşdırır:

- Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahlandırmaq və "baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil" söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Güya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə. Onların fikrincə, hər şey çox məntiqlidir. Lakin onlar böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi.

Artıq bir neçə gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strareji yüksəklikləri düşməndən azad edib, bir neçə yaşayış məntəqəsi işğaldan təmizlənib. Uzun fasilədən sonra yenidən doğma yurda ayaq basırıq və indi bu torpaqlarda üçrəngli bayrağımız dalğalanır.

Bu gün Azərbaycan Ordusunda da, ölkə ictimaiyyətində də böyük ruh yüksəkliyi var. Dövlət başçısının dediyi kimi, qanlı döyüşlər Azərbaycan xalqının həqiqət anıdır.

Və yazımı Ali Baş Komandanın vətən uğrunda savaşaraq yaralanan hərbi qulluqçulara baş çəkərkən dediyi son fikirlə bitirmək istəyirəm:

- "Biz zəfər çalacayıq, Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!"

Əminə YUSİFQIZI,

Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru,

Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31