Azərbaycan dövləti həm Ermənistan, həm də dünyaya dərs keçməkdədir
8 Oktyabr 2020 16:17 SiyasətXəyal Bəşirov: "Özlərini Azərbaycana müttəfiq və dost göstərən dövlətlər əslində haqqın deyil, nahaqqın yanında olduqlarını göstərməklə Azərbaycan kimi səmimi dostu itirdilər!"
Azərbaycan dövləti və Azərbaycan Ordusu tarix yazır. Sentyabrın 27-də erməni təxribatına qarşı Azərbaycan Ordusunun əks hücuyma keçməsi və ərazilərimizin bir hissəsini işğaldan azad etməsi ölkəmizin həm regionda, həm də dünyada gücünü, qüdrətini bir daha nümayiş etdirdi, sübuta yetirdi. Azərbaycan dövləti təsdiq etdi ki, verilən bəyanatlar, deyilən sözlər əbəs deyil və bütün bunların arxasında real güc, qüvvə dayanır. Elə siyasi ekspert Xəyal Bəşirov da bu qənaətdədir. Onun sözlərinə görə, Azərbaycan dövləti Ermənistanın işğalına, terroruna və soyqırımlarına qarşı ilk gündən 27 sentyabr 2020-ci il tarixə qədər və ondan sonrakı dövrdə göstərdiyi münasibətlə bir çox məslələrdə həm də, bütün dünyaya dərs keçməkdədir: "Özünün davranışı ilə Azərbaycan göstərdi ki, ərazisi, əhalisi və müstəqillik tarixi baxımından kiçik bir dövlət olması, ona ədalətlilik, dövlətçilik və beynəlxalq münasibətlər sahəsində dünyaya nümunə göstərməkdə heç də mane olmur. Ağıl yaşda deyil, başdadır!. Azərbaycan bütün dünyaya sübut etdi ki, maraqlarına lazım gələndə bir insanın hüquq və azadlıqları üçün bütün dünyaya car çəkən beynəlxalq təşkilatlar və dövlətlər bütöv bir xalqa və dövlətə qarşı təcavüzə, soyqırımına və işğala səssiz qalmaqla, əslində baş verən hər bir olaya ayrı-ayrı pəncərədən baxıb, fərqli münasibət göstərirlər. 30 ilə yaxın bir dövr ərzində bu konfliktin həlli istiqamətində heç bir real addım atmayan bəzi özlərini Azərbaycana müttəfiq və dost göstərən dövlətlər əslində haqqın deyil, nahaqqın yanında olduqlarını göstərməklə Azərbaycan kimi səmimi dostu itirdilər!. Onilliklər ərzində bu münaqişənin həllinə heç bir təsir göstərmək iqtidarında olmayan (əslində bir çoxlarının maraqlarında deyil) qocaman təşkilatlar olan BMT, ATƏT kimi bir sıra təşkilatların fəaliyyətlərini dayandlrmaları artıq tarixi bir zərurətdir! Ağsaqqallıq eləməyi bacarmayan "ağsaqqal" cəmiyyətdə artıqdır!".
Ekspertin qənaətincə, Azərbaycan dövləti və xalqı bütün dünyaya göstərdi ki, bir nəslin dəyişməsi qədər zamanın keçməsinə baxmayaraq, onlar özlərinə aid olanı qaytarmaq və onlara qarşı edilən bütün vəhşiliklərin layiqli cavabını vermək üçün istənilən an bir yumruq ətrafında birləşməyi bacarırlar! Xalqımız onu da ortaya qoydu ki, dünyanı informasiya texnologiyaları ilə idarə edən güclərin heç bir informasiya taktikası, heç bir təxribat xarakterli informasiya platforması onu haqq yolundan döndərə bilməz: "Dövlətimiz həm də regionumuzda mövcud olan münasibətlərə aydınlıq gətirmək istiqamətində mühüm addım atmış oldu. Özlərinin maraq və mənafelərindən irəli gələrək iki düşmən dövlətə -həm Azərbaycana, həm də ona düşmənçilik edən Ermənistana münasibətdə eyni məsafədən davranmaq taktikasını seçənlərə də sözünü açıq şəkildə dedi: Ya haqqın yanında olun, ya nahaqqın! Ya xeyirin yanında olun, ya da şərin! Ya Azərbaycanın yanında olun, ya da Ermənistanın! Bu qədər açıq və konkret!. Ermənistan dövlətinin və ona havadarlıq edən bir çox quvvələrin Azərbaycana uzun müddət rəhbərlik edən çox güclü və təcrübəli siyasətçi Heydər Əliyevdən sonra Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həll olunacağı ilə bağlı çox böyük ümidlər yaranmışdı. Düşünürdülər ki, ölkədə onu əvəz edə biləcək hansısa bir bacarıqlı, təcrübəli və uzaqgörən siyasətçi və diplomat olmayacaq".
Xəyal Bəşirovun sözlərinə görə, ancaq Prezident İlham Əliyev təkcə Ermənistana deyil, onun dəstəkçilərinin də daxil olduğu bütün dünyaya sübut etdi ki, Heydər Əliyev Azərbaycan xalqının yetdişdirə bildiyi son dahi rəhbər deyil: "Tarix xalqımıza İlham Əliyevin timsalında ondan heç də geri qalmayan rəhbər, siyasətçi, diplomat və sərkərdə bəxş edib. Düşünürəm ki, Prezident İlham Əliyevin xüsusilə də son günlərdə atdığı cürətli addımlar, yürütdüyü diplomatiya, etdiyi çıxışlar və orduya sərkərdəliyi xalqımızın ona olan sevgisini sonsuz etdi və əbədiləşdirdi. Prezident İlham Əliyev bu günə qədər atdığı, bundan sonra da atacağı və bütün torpaqlarımızı azad edərək düşməndən layiqli intiqamımızı almaqla bağlı möhtəşəm addımları ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş olacaq. Düşünürəm ki, bundan sonra pandemiyanın dəyişdiyi dünyada və beynəlxalq münasibətlərdə Azərbaycanın da təsir göstərdiyi dəyişik çalarlar mütləq özünü göstərəcək. Bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Elə Qarabağ və digər ərazilərimizlə bağlı da". Ekspert onu da diqqətə çatdırıb ki, Paşinyan Ermənistan üçün "Sülh Göyərçini" yox, bədbəxtlik simvolu olan "Qara Qarğa" oldu: "Ermənistanın dövlət rəhbərliyi, xüsusilə də Paşinyan və onun ətrafı üçün artıq çox gec olsa da, Ermənistan əhalisi üçün hələ də gec deyil. Daha çox Dağlıq Qarabağ və ətraf rayonlarımızda yaşayan ermənilər gözlərini açıb həqiqəti görsünlər artıq. Artıq görsünlər ki, bu günə qədər Ermənistana rəhbərlik edənlərin hamısından daha sürətli şəkildə məhvə aparır onları indiki hakimiyyət. Azərbaycanın nümunəsində əsl dövlətin fərqini görsünlər. Özlərinə aid olmayan və bütün dünyanın Azərbaycana aid olduğunu rəsmi olaraq qəbul etdiyi torpaqların uğrunda erməni əsgərlərini qırğına verən Erməni dövləti ilə, vətəndaşının sağlamlığını və təhlükəsizliyini hər şeydən üstün tutan, canlı quvvəsinin itkilərini minimuma endirmək üçün milyonlarla pul xərcləyib dünyada yalnız iki dövlətin sahib olduğu Harop dronlarını əldə edən Azərbaycanı müqayisə etməyi bacarsınlar. Düşmənçiliyi və müharibəni xalqımıza, millətimizə, onun qadın, qoca və körpələrinə yönəldən Ermənistanın cinayətkar hakimiyyəti ilə, milliyyətindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hətta erməni əsilli yaşlı qadının təhlükəsizliyinə belə təminat verən Azərbaycan hakimiyyətinin fərqini görsünlər. Azərbaycan son günlərdə baş verən proseslərlə, o cümlədən də erməni əsilli bir qadını elə Ermənistanda hakimiyyətdə olan xunta rejiminin raketindən qorumaqla bir daha dünyaya mesaj verdi ki, o müharibənin deyil, sülhün tərəfdarıdır! Sadəcə hər şeyə rəğmən ərazilərini və insanlarını qorumaq onun üçün ən prioritet faktordur. Ermənistan əhalisi anlamalıdır ki, "demokratik inqilab" oyunu qurub, "sülh göyərçini" olacağı barədə yalançı vədlər verərək tam təsadüf nəticəsində hakimiyyəti mənimsəyən Paşinyan, Ermənistan dövləti və xalqı üçün bədbəxtliyin simvolu olan "qara qarğa" rolunu oynamaqdadır". Ekspert qeyd edib ki, hər bir halda, gec və ya tez bu proseslər Paşinyanın acı sonluğu ilə bitəcəkdir, sadəcə bu nə qədər gecikirsə alovu bir o qədər geniş vüsət almaqla ətrafında daha çox insanın külə çevrilməsinə səbəb olacaqdır: "Həm Ermənistanda, həm də bütün dünyada olan ermənilər anlamalıdırlar ki, mümkün deyil! 30 il ərzində dünyada bəzi hallarda hədə qorxu-gəlmədikləri, bəzi hallarda da yalvarmadıqları, yaltqalıq etmədikləri və qarşısında diz çökmədikləri təşkilatlar, dövlətlər və şəxslər qalmadı, ancaq yenə də işğal etdikləri bir santimetr ərazimizin onlara aid olduğunu qəbul etdirə bilmədilər. Bilməyəcəklər də! Çünki bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanındır! Bütün dünya onu da bilir ki, elə bir qanusuz tanınma Ermənistan dövlətinin regionda sonunun bşlanğıcı üçün son siyasi qığılcım olacaq". İşğalçı dövlətin neft və qaz kəmərlərini hədəfə almasına da toxunan Xəyal Bəşirov deyib ki, işğalçı Ermənistan bu dəfə Bakı-Tbilisi-Ceyhan kimi regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan neft kəmərini hədəfə alır: "Verilən məlumata görə bir neçə gün əvvəl neft kəmərini hədəfə alan mənfur düşmən kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. Bir tərəfdən Paşinyan danışıqların bərpasını, bunun üçün hər bir güzəştə gedəcəyini bildirir. Digər tərəfdən isə bir neçə gün əvvəl bu hadisə baş verir. Təbii ki, yenə də, hamının ağlına ilk olaraq səmimiyyətdən uzaq Paşinyanın həmişəki kimi dediyinin tam ziddinə hərəkət edərək saxtakarlıq etdiyini düşünür. Paşinyanın saxtakar olması bir həqiqətdir. Ancaq bu dəfə vəziyyət onun saxtakarlığı ilə bağlı olmayıb, tamamilə fərqlidir. Çünki, Paşinyan vəziyyətin nə qədər ciddi olduğunu gözəl anlayır. Və kiçik bir səhfin onun onsuz da uçuruma doğru gedən hakimiyyətinin süqutunu bir az da sürətləndirəcəyini də bilir. Bəs o zaman, vəziyyətin bu qədər gərgin olduğu və işğalçı Ermənistan ordusunun Azərbaycan tərəfinin şiddətli və sarsıdıcı zərbələrindən özünə gələ bilmədiyi bir məqamda neft kəmərini hədəfə almaq kimi təhlükəli bir addımın izah nədir?. Bu artıq Ermənistanda hakimiyyətdaxili xaosun və qarşıdurmanın pik həddə çatdığından xəbər verir. Ölkə daxilində Paşinyanın hakimiyyətdən getməsini planlayan və onun uğursuz siyasətində müvəqqəti də olsa geridönüşün olmasına imkan vermək fikrində olmayan quvvələr Paşinyanın daınşıqları bərpa etməsinə ciddi cəhdlə mane olmaqdadırlar. Düşünürəm ki, məhz həmin quvvələrin göstərişi ilə bu gün qeyd olunan terror aktına cəhd edilib".
Süleyman