Minsk üçün demokratiya adı altında qurulan oyun- ARAŞDIRMA
20 Avqust 2020 14:08 Siyasətİlk dəfədir ki, keçmiş ittifaq ölkələrindən birində baş verməsi mümkün görünən hakimiyyət dəyişikliyinə həm Rusiya, həm də Qərb, Avropa razıdır. Söhbət Belarusdan gedir. Bir qayda olaraq postsovet ölkələrindən hər hansı birində keçirilən bu və ya digər seçkilərdən sonra xalqın ayaqlanması və seçki nəticələrinin qəbul edilməyib iqtidarın istefaya göndərilməsi tələbi Kreml tərəfindən müsbət qarşılanmayıb, Moskva maksimum imkanlardan istifadə edərək belə cəhdlərin qarşısını almağa çalışıb. Buna nail ola bilməyəndə isə tamamilə başqa metod və vasitələrlə inqilab baş verən ölkələrdə öz maraqlarını təmin etməyə çalışıb. Yaxın tariximizdə baş verən Ukrayna, Gürcüstan olayları fonunda bunu aydın görmək mümkündür.
Düzdür, bəziləri deyə bilər ki, bir neçə il əvvəl blogger, inqilabçı, siyasi təlxək Paşinyannın hakimiyyət əleyhinə kütləvi aksiyalara start verməsinə Rusiya seyriçi qaldı və Qərbin adamı kimi tanınan Paşinyan qısa zaman ərzində Rusiyameyilli qüvvələri zərərsizləşdirərək Ermənistanda hakimiyyəti ələ aldı. Ancaq burada br məqama diqqət etmək lazımdır ki, bu da Ermənistanın Rusiyanın for-postu olmasıdır. Rusiya gözəl başa düşür ki, hətta SOROS-un qucağında böyüyən, yaxud Ağ Evin qapı xeyir-duası ilə hakimiyyətə gələn istənilən erməni lideri sonucda Rusiya faktoru ilə barışmaq məcburiyyətində qalacaq. Çünki Ermənistan hər nə qədər Qərbyönümlü siyasət yürütsə də, onun "zənciri" hələ də Rusiyanın əlindədir və yaxın perspektivdə də bu belə olacaq.
Belarusa gəlincə isə, yuxarıda da qeyd etdiyimiz kimi bir çox hallarda bəyaz Rusiya kimi də təqdim edilən bu respublika barmaqla sayılacaq ölkələrdəndir ki, indiki situasiyada burada hakimiyyət çevrilişinin baş verməsində Qərb, Avropa ilə yanaşı Moskva da maraqlıdır. Qərbin, Avropanın Belarusda hakimiyyət çevrilişi etmək arzusu məlumdur. Əslində burada bir neçə səbəb var. Ən başlıcası "ərəb baharı"nı yeni mərhələyə daşımaq, daha bir ölkəni viran qoymaq, insanıarın sosial durumunu ağırlaşdırmaq, daha bir qeyri-sabit məkan yaratmaq. Diqqət etsək görərik ki, demokratiya dalğası adı altında kütləvi aksiyalar və hakimiyyət çevrilişlərinin baş verdiyi heç bir ölkədə bu günə qədər ictimai-siyasi sabitliyi bərpa etmək mümkün olmayıb. İraq, Liviya, Yəmən, Suriya, Misir və daha neçə ölkə ilə bu siyahını uzatmaq olar. Eyni zamanda Ukrayna, Gürcüstan da bu proseslərdən kənarda qalmayıb. Və məqsəd ondan ibarətdir ki, "demokratiya" hərəkatının növbəti dayanacağı Belarus olsun. Səbəb? Səbəb indiki durumda Belarus insanının sosial rifah halında yaşaması. Səbəb? Belarus hakimiyyətinin xarici təhdid və hədələrə boyun əyməməsi. Səbəb? Bir sıra hallarda Minskin həm Qərbin, həm də Rusiyanın maraqlarına zidd addımlar atması. Ona görə də Belarusda hakimiyyət dəyişikliyi etmək hər iki güc mərkəzinin maraqlarına uyğundur.
Rusiya ona görə Belarusda yeni hakimiyyətin formalaşmasına maraqlıdır ki, bir çox hallarda hazırkı prezident Kremlin siyasətinə qarşı dirəniş göstərir. Moskvanın yaratmış olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyində Ermənistanın xeyrinə olan hansısa qərarların qəbuluna veto hüququndan istifadə edir. Eyni zamanda artıq neçə illərdir ki, Minsk müstəqil siyasət yürüdür və bir vaxtlar Belarusun Rusiya ilə birləşdirilməsi barədə deyilənləri indi Minsk ümumiyyətlə yaxına buraxmır. Ona görə də indiki situasiyada Rusiya Belarusda Moksvanın maraqlarına daha yaxın olan birinin hakimiyyətə gəlməsində maraqlıdır. Ancaq görünən odur ki, hələlik Rusiyanın maraqlarının təmin olunması mümkün görünmür.
Qərb, Avropaya gəlincə, bu region üçün də Belarus hakimiyyətinin müstəqil siyasət yürütməsi qəbuledilməzdir. Hətta bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun televiziyalardan birinə verdiyi müsahibədən məlum olur ki, dövlət başçısı fransalı həmkarının xahişini belə rədd edib. Ona görə də Rusiyada olduğu kimi, Avropa, Qərbdə də Belarusda hakimiyyət dəyişikliyi arzusundadırlar. Təbii ki, Belarusa qarşı münasibətin mənfi istiqamətdə doğru dəyişməsində iqtisadi amil də mühüm rol oynayır. Belə ki, hazırda Belarus Çin üçün ən cəlbedici ölkədir. Bu gün Belarusda yüzlərlə Çin şirkəti fəaliyyət göstərir. Demək olar ki, Çin Belarusun hər bir sahəsinə sirayət edib. Nəzərə alsaq ki, Qərb bütün dövrlərdə Çin iqtisadiyyatını sıxışdırmağa, məhv etməyə çalışıb, bu mənada Belarusa qarşı mənfi münasibətin formalaşmasında iqtisadi amil, daha dəqiq desək Çin amili də mühüm rol oynayır. Təsadüfi deyil ki, Belarusda kütləvi aksiyalar, tətillər və hakimiyyət əleyhinə mitinqlər başlayan kimi president Aleksandr Lukaşenkoya ilk siyasi sığınacaq verilməsi mümkünlüyü barədə açıqlama da Pekindən gəıldi və Çin rəsmi şəkildə bu mövqeyini ortaya qoydu.
Bir sözlə göründüyü kimi, nə Qərbi, nə Avropanı, nə də elə Rusiyanın özünü Belarusda demokratiyanın olub-olmaması maraqlandırmır. Bu güc mərkəzlərini maraqlandıran yalnız və yalnız uzun illər ictimai-siyasi sabitliyi qoruyub saxlayan Belarusda da gərginlik yaratmaq, bu ölkədə xaos, anarxiyaya yol açmaq, nəticə etibarilə burada öz maraqlarını təmin etməkdir. Daha dəqiq desək cərəyan edən hadisələr Minsk üçün demokratiya adı altında qurulan bir oyundur.
S.İsmayılbəyli