Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
5 Avqust 2020 15:02 SiyasətAnar Məmmədov: "Dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib"
Bəşəriyyət hələ də koronavirus bəlası ilə mübarizə aparır. Artıq yarım ildən çoxdur ki, dünyanı bürüyən və pandemiya xarakteri daşıyan COVİD-19 virusu bütün ölkələrdə hər bir sahəyə, xüsusilə də iqtisadiyyata ciddi zərbə vurub, əhalinin sosial durumu, gündəlik dolanışıq səviyyəsi bu səbəbdən ağır fəsadlarla üzləşib. Hətta dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin iqtisadiyyatı belə bu problem qarşısında duruş gətirə bilməyərək ciddi şəkildə geriləyib. Nəticə etibarilə ayrı-ayrı ölkələrdə sosial layihələr təxirə düşüb, əhalinin əmək haqqı və pensiyalarının ödənilməsində çətinliklər yaranıb. Lakin bəzi istisna halı daşıyan ölkələr də var ki, bunların sırasında ilk yeri Azərbaycan tutur desək yanılmarıq. Belə ki, yarım ildən artıq müddətdə yaşayan pandemiya fəlakətinə rəğmən Azərbaycanda əmək haqqı və pensiyaların verilməsində heç bir gecikmə halı baş verməyib. Bu azmış kimi dövlətin imkanları hesabına bir neçə dəfə pandemiyadan zərər çəkmiş bir sıra sahələrin təmsilçilərinə yardımlar edilib, onlara maddi dəstək göstərilib. COVİD-19 səbəbindən iş yerlərini müvəqqəti itirmiş vətəndaşlara 190 manat birdəfəlik maddi yardımın verilməsi və bu prosesin bir neçə ay davam etməsi, sahibkarlara dəstək mexanizminin hazırlanıb onlara maddi yardım göstərilməsi, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan həssas qrupun nümayəndələrinə dövlət tərəfindən yardımların edilməsi deyilənlərin sübutudur. Bütün bunlarla yanaşı dövlət nəzərdə tutduğu heç bir sosial layihəni də təxirə salmadı və onları pandemiyadan əvvəl olduğu kimi davam etdirdi. Son bir neçə ay ərzində paytaxt və regionlarda açılan yeni obyektlərin timsalında bunu aydın görmək mümkündür.
Hazırda da bu uğurlu addımlar davam etdirilir və pandemiya davam etməsi səbəbindən istər işsiz vətəndaşlara, istərsə də sahibkarlara dövlət dəstəyi davam edir. Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Məlumat üçün qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Həmin tədbirlər nəticəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorundu, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilir, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Bundan başqa 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi.
Ölkədə həyata keçirilən sosialyönümlü tədbirlərə diqqət çəkən Milli Məclisin deputatı Anar Məmmədov deyir ki, Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Deputatın sözlərinə görə, Cənab Prezident İlham Əliyev 17 il ərzində atdığı bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Artıq aylardır ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır: "Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb. Məhz, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir".
Anar Məmmədov qeyd edib ki, dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib: "Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb. Dövlət çalışır ki, bu cür çətin və həssas məqamlarda sosial proqramlar dayanmasın, ixtisar olunmasın. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması bir daha koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirlərinin Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır".
Anar Məmmədov deyib ki, bu gün cənab Prezidentin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur.
Süleyman