Azərbaycan diaspor təşkilatları pandemiya dövründə
29 İyun 2020 11:12 SiyasətDünyanı cənginə alan koronavirus pandemiyası mənfi tərəfləri ilə yanaşı, öz müsbət çalarları ilə də yadda qaldı. Belə ki, pandemiya bəşər övladına bir insanlıq, yardımlaşma dərsi keçdi.
COVİD-19 pandemiyası həmçinin dünya azərbaycanlıları arasında birlik-bərabərlik, həmrəyliyin ən yüksək səviyyədə olduğunu təsdiqlədi, onu sübuta yetirdi. Bu günlər dünyaya bir daha sübut olundu ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar həmrəydirlər, bir-birilərinə dəstəkdirlər. Çünki onları müqəddəs azərbaycançılıq ideologiyası birləşdirir.
Qeyd etdiyimiz kimi, pandemiya günlərində xaricdə yaşayan soydaşlarımız bir-birilərinə dəstək olmağı, yardım göstərməyi özlərinin müqəddəs borcu bildi, bu məqsədlə müxtəlif aksiyalar həyata keçirdilər. Bu prosesdə fəal olan diaspor təşkilatlarımız təkcə fəaliyyət göstərdikləri ölkələrdəki azərbaycanlılar deyil, eyni zamanda başqa-başqa ölkələrdə yaşayan soydaşlarımıza, eyni zamanda Azərbaycana belə yardım göstərməkdən çəkinmədilər.
Məsələn pandemiya günlərində Türkiyənin Antalya bölgəsində olan Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi İqdırda ciddi ehtiyacı olan 30 ailəyə dəstək olub, onları zəruri ərzaq və gigiyenik vasitələrlə təmin edib. İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal vasitəsilə müəyyən edilən 30 ehitiyacı olan ailələr sırasında tələbələr də yer alıb.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi deyib ki, pandemiya səbəbindən Türkiyədən Belçikaya qayıda bilmədiyindən burada əli-qolu bağlı qalan, ərzaq və digər zəruri vasitələrə ehtiyacı olan şəxslərə yardım etməyi özünə borc bilib. Ayhan Dəmirçi bu işdə ona dəstək olan Ham bələdiyyəsi İnteqrasiya qrupu könüllülərinə, eləcə də İqdır Azərbaycan Evi Dərnəyinə təşəkkür edib. O, bildirib ki, ümumilikdə Antalya və İqdırda aralarında tələbələrin də olduğu 130 ailəyə yardım edilib.
COVİD-19 pandemiyası dövründə yaranmış vəziyyətə görə Moldovada yaşayan və ehtiyacı olan soydaşlarımıza yardım etmək məqsədi ilə Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə operativ qərargahı yaradılıb. Səfir Qüdsi Osmanovun təşəbbüsü ilə yaradılan qərargahda diplomatlarımızla yanaşı diaspor təşkilatının nümayəndələri də təmsil olunurlar. Konqresin fəal üzvü Maarif Rəhimov qərargahın sədri təyin olunub.
Moldovada yaşayan, təqribən 5000 nəfər soydaşımızdan, 400 nəfəri COVİD-19 pandemiyası ilə əlaqədar çətin vəziyyətə düşüblər. Bunun səbəbi tikinti, yolsalma, kənd təsərrüfatı, ticarət və digər sahələrdə çalışan həmyerlilərimizin işsiz qalmalarıdır. Səfir Qüdsi Osmanovun və Moldovadakı imkanlı həmvətənlərimizin qərargahın fonduna köçürdükləri vəsait sayəsində, vətəndaşlığından asılı olmayaraq, ehtiyacı olan azərbaycanlılara ərzaq və tibbi ləvazimatlardan ibarət yardım göstərilir. Onların arasında tələbələr, çoxuşaqlı ailələr, həbsxanada cəza çəkən soydaşlarımız var.
Dəstək kampaniyası təkcə Kişinyovu deyil, bütün Moldovanı əhatə edir. Qərargahın nümayəndələri Moldovanın ucqar şəhər və kəndlərində ehtiyacı olan soydaşlarımıza yardımlar çatdırırlar.
Aprelin 22-də qərargah nümayəndələri Qaqauziya Muxtar Ərazisinə səfər ediblər. Qonaqları Muxtar Ərazinin xarici əlaqələr departamentinin rəhbəri Vitali Vlax qarşılayıb. O, bu nəcib təşəbbüsə görə, Azərbaycan dövlətinə təşəkkürünü bildirib və deyib ki, dövlətimiz həmişə Qaqauziyaya maddi və mənəvi dəstək göstərib.
Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət edilib və önünə gül dəstələri düzülüb.
Daha sonra Qaqauziyada yaşayan və təhsil alan azərbaycanlı ailələrə və tələbələrə ərzaq və tibbi ləvazimatlardan ibarət yardım çatdırılıb. Azərbaycanın Moldovadakı səfirliyinin onlarla daim əlaqə saxladığını vurğulayan tələbələrimiz göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Bundan əlavə, qərargah nümayəndələri Qaqauziyada həyata keçiriləcək sosial layihəyə də maliyə yardımı göstəriblər.
Ümumiyyətlə, ölkə üçün çətin bir dövrdə Moldova Azərbaycanlıları Konqresi yerli xalqla çiyin-çiyinə dayandığını, ölkənin ictimai-siyasi və humanitar həyatına tam inteqrasiya olduğunu sübut etməkdədir. Konqres pandemiya ilə mübarizə üçün Kişinyov meriyasına vəsait köçürüb, Moldova Prezidenti İqor Dodonun təşəbbüsü ilə həyata keçirilən sosial layihələdə fəal iştirak edir. Aprelin 16-da səfir Qüdsi Osmanovla görüşü zamanı ölkə prezidenti həmvətənlərimizin xidmətlərini xüsusilə vurğulayıb və Azərbaycan icmasına öz təşəkkürünü bildirib.
Macarıstandakı Azərbaycan diasporu da pandemiya günlərində fəal olub, bu ölkədə yaşayan soydaşlarımıza yardım göstərib. Macarıstandakı Azərbaycan Evinin rəhbəri Rami Əmirli qeyd edib ki, bu korona virusun törətdiyi dəhşət Macaristanda da bir cox azərbaycanlilarimizin düz 4 aydir öz ailələrinə govuşmağina imkan vermir: "Burada hətta, ailəli olan qadin vətəndaşlarımız da var. Bu doğrudan da dözülməz bir haldır. Hətta anası rəhmətə gedən qadin vətəndaşımızın əhvalı dəfələrlə pisləşib və biz onu həkimə aparmaq məcburiyyətində qalmışıq".
Ramiz Əmirli deyib ki, Budapəşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evi koronavirus baş verən gündən müraciət edən bütün vətəndaşlarımızın hər bir dərdinə şərik çıxıb və onlara vacib lazımi köməklikləri göstərib: "Onların çoxlarının vizalarının artırılması üçün dəfələrlə Miqrasiya şöbəsinə aparmışıq, çox insanlara imkanımız daxilində ərzaq və maddi köməkliklər göstərmişik. Hətta bir çoxlarını tam olaraq Azərbaycan Evi öz himayədarlığına götürüb. Bütün bu işlərdə həmişə hörmətli səfirimiz Vilayət Quliyev və səfirliyimizin bütün işçiləri vətandaşlarımızın yanında olublar. Amma, bütün bunlar heç də hər şeyi həll eləmir. İnsanlar vətəninə, doğmalarının yanına dönmək istəyirlər. Dönmək istəyən vətəndaşlarımız arasında 140 nəfərə yaxını burada təhsil alan tələbələrimiz də var. Budapəştdən vətənimizə dönə bilməyən bir çox vətəndaşlarımız bu günlərdə Azərbaycan Evinə təşrif buyurub belə qərara gəliblər ki, Azərbaycan Respublikasi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradova müraciət ünvanlayaq. Hörmətli Fuad müəllimdən xahiş edək ki, Komitənin və ya dövlətimizin köməkliyi nəticəsində vətəndaşlarımızın tezliklə vətənimizə dönməsinə yardımçı olsun". Ramiz Əmirli deyib ki, Azərbaycan Evində çay süfrəsi ətrafında bur araya gələn soydaşlarımız bir- biriləri ilə söhbətləşib və fikir mübadiləsi aparıblar: "Əlbəttə ki, hər bir çıxılmaz vəziyyətin bir çıxış yolu da var. Ümüd edirik ki, hörmətli Fuad müəllim vətəndaşlarımızın bu müraciətini lazımi ünvanlara çatdıracaq və tezliklə vətəndaşlarımız doğma vətəniməzə dönə biləcəklər".
Benilüks Azərbaycanlıları Konqresi də pandemiya günlərində istər fəaliyyət göstərdiyi ölkədə yaşayan soydaşlarımıza, istərsə də Azərbaycanda yardıma ehtiyacı olan insanlara dəstək verməkdən çəkinməyib. Belə ki, Benilüks Azərbaycanlıları Konqresi və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəstəyi ilə əlillərə və aztəminatlı ailələrə sovqatlar çatdırıldı. Ümumilikdə hər iki təşkilat tərəfindən 200 ailəyə yardım edilib. İlkin mərhələdə Saray qəsəbəsində yaşayan 55 Şəhid ailələri və Qarabağ əlilləri ərzaq sovqatı ilə təmin olunub.
Süleyman İsmayılbəyli
Olaylar.az