Hər zaman əsgərləri ilə birgə olan Ali Baş Komandan
26 İyun 2020 13:33 SiyasətAprel zəfərində səngərdə əsgərləri ilə birgə olan Azərbaycan Prezidenti Silahlı Qüvvələrimizin 102 illiyini də onlarla bir yerdə qeyd etdi
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin respublikanın hər bir bölgəsinə, əyalətinə səfəri bir qayda olaraq mühüm əhəmiyyəti, cəmiyyətə ünvanlanan vacib mesajları ilə yadda qalır. Digər tərəfdən dövlət başçısının həm öz şəxsi həyatı, həm də dövlət, ölkə üçün əlamətdar tarixlərdə, zamanlarda əyalətlərə səfər etməsi, cəmiyyət, ictimaiyyət nümayəndələri ilə bilrikdə olması artıq ənənə halını alıb. Dövlət başçısının bir qayda olaraq öz ad günləri ərəfəsində respublikanın müxtəlif regioinlarına səfər edərək xalqla bir yerdə olduğunun dəfələrlə şahidinə çevrilmişik. Eləcə də yuxarıda qeyd etdiyimiz kimi, mühüm tarixi günlər, əlamətdar hadisələr ərəfəsində Cənab Prezident bölgələrə gedərək həmin tarixi günü vətəndaşlarla birlikdə qeyd edir. Bu mənada bu günlərdə Silahlı Qüvvələrin yaranmasının 102-ci ildönümü ərəfəsində dövlət başçısının bir sıra regionlara səfər etməsi və mühüm obyektlərin açılışında iştirak etməsi, eyni zamanda N saylı hərbi hissədə olması xüsusi qeyd edilməlidir. Sonuncu qeyd etdiyimiz fakt həm də ölkənin Ali Baş Komandanının Silahlı Qüvvələr Gününü öz əsgər və zabitləri ilə qeyd etməsi anlamına gəlir. Bu o deməkdir ki, Ali Baş Komandan bütün situasiyalarda öz əsgərinin yanındadır. Bu istər xoş, istərsə də dar gün olsun, fərq etmir. Necə ki, 2016-cı ilin Aprel zəfəri günlərində Ali Baş Komandan, Cənab İlham Əliyev ön cəbhəyə gedərək düşmənlə üz-üzə dayanan qəhrəman əsgər və zabitlərimizlə eyni səngəri bölüşdü, onlarla məhz kifayət qədər təhlükəli olan cəbhənin ön xəttində görüşdü, eləcə də Silahlı Qüvvələrimizin 102-ci ildönümü ərəfəsində yenə də Ali Baş Komandan onlarla birlikdə oldu. Bu bir ölkənin Ali Baş Komandanının öz əsgərlərinə olan ən yüksək diqqət və qayğısı, onlara etimadıdır. Məhz bu diqqət və qayğı, etimad nəticəsində isə Azərbaycan Ordusu daha da inkişaf edir, daha da güclənir və nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından birinə çevrilir. Təsadüfi deyil ki, elə Mingəçevir şəhərinə səfəri zamanı N saylı hərbi hissədə olarkən Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev də bu fakta diqqət çəkərək ordu quruculuğuna diqqətin artdığını vurğulayıb. Prezident bildirib ki, son illər ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan Azərbaycan standartları ən yüksək qiymətə layiqdir. Dövlət başçısı qeyd edib ki, bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur: "Bu, bir daha Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür". Prezident bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir: "Texniki təchizat baxımından Azərbaycan Ordusu
güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı təşkil edilir, bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənmişdir".
Milli Məclisin deputatı Müşfiq Cəfərov da deyir ki, hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda güclü və döyüş hazırlığı yüksək olan ordu hesab olunur: "Bu gün biz bilirik ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Günü-gündən hərbi qüdrətimiz artır və artmağa da davam edəcək.
Milli Məclisin deputatı Jalə Əliyeva da deyib ki, Qafqazda ən müasir ordu hesab edilən Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır: "2016-cı ildə baş verən dördgünlük Aprel döyüşləri bunu düşmənlə yanaşı, bütün dünyaya da nümayiş etdirdi. Ermənistan həmin dördgünlük savaşda 560 hərbçisini itirdi. Bu, əhalisi üç milyondan az olan Ermənistan üçün əsl fəlakət oldu. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, Müdafiə naziri istefaya göndərildi. Bir az keçəndən sonra isə Ermənistanı inqilab dalğası bürüdü, bu ölkəni illərdir fəlakətə sürükləyən, xüsusilə, Aprel biabırçılığına imza atan hərbi cani Serj Sarkisyan hakimiyyətdən devrildi. Eyni zamanda, hakimiyyəti çevriliş yolu ilə ələ keçirən fitnəkar və təxribatçı baş nazir Nikol Paşinyan da yaxın zamanlarda baş verənlərdən ibrət, dərs götürmədi, Naxçıvan istiqamətində növbəti təxribat əməllərinə əl atıldı. Lakin düşmən bu dəfə də Aprel döyüşlərində olduğu kimi layiqli və tutarlı cavabla geri oturduldu. 2018-ci ilin mayında müasir hərb salnaməmizdə xüsusi yeri olan Günnüt əməliyyatı gerçəkləşdirildi, ermənilərə və Ermənistana ağır zərbə endirildi. Nəticədə mühüm strateji əhəmiyyətə malik böyük bir ərazi Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bütün dünya bir daha müstəqil Azərbaycanın və onun Ordusunun nəyə qadir olduğunu və ola biləcəyini gördü, duydu, etiraf etdi". Jalə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycanda ordu quruculuğunun bu gün sürətlə davam etdirilir: " "Azərbaycan Ordusu son dərəcədə müasir və yüksək döyüş qabiliyyətinə malik güclü ordudur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, böyük göstərici və qürur mənbəyidir. İnanıram və əminəm ki, Ordumuz yaxın dövrlərdə həmin 50-likdə daha ön sıralarda yer alacaq. Eyni zamanda, müzəffər Ordumuz tezliklə Qarabağımızda, işğal altındakı yurd yerlərimizdə növbəti və birdəfəlik zəfər qazanacaq, tarix yazacaq, nəticədə işğala son qoyulacaq və ölkəmizin bütün ərazilərində Azərbaycanın suverenliyi bərqərar olacaq".
Süleyman
Olaylar.az