Avropanın bəzi siyasi çevrələri Aya Sofyaya görə təlaş keçirirlər

Mayis Səfərli: "Türkiyə dövləti və türk milləti Aya Sofya ilə bağlı özünün rəva bildiyi qərarı verəcək"

"Yəqin ki, koronavirus pandemiyası səbəbindən çoxlarınız dünya mətbuatını da izləyirsiniz. Əgər belədirsə, bir sıra xarici kütləvi informasiya orqanlarında son günlər az qala manşetləri zəbt edən yeni bir mövzunun koronavirusu kölgədə qoyduğunu bilməmiş deyilsiniz. İstanbuldakı məşhur Aya Sofya məbədinin yenidən, cami kimi istifadəyə verilməsi ilə bağlı ictimai tələbin gündəmə gəlməsi bütün xristian dünyasını ayağa qaldırıb və mətbuatın bir nömrəli mövzusuna çevrilib". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, tarixdən bildiyiniz kimi, Anadoluda Osmanlı dövlətinin qurulmasını Bizans imperiyası qısqanclıq və paxıllıqla qarşıladı: "Fürsət düşdükcə, osmanlılara çətinliklər yaradır, ticari əlaqələrinə əngəllər törədir, tez-tez hücum edib türklərin kəndlərini, obalarını yağmalayır, yandırır, ziyan vururdular. Bütün bunlar təbii ki, osmanlıları səbrini daşdırır, cana doydururdu. Bizansla qonşuluq artıq zəhərli ilanla bir otaqda gecələməyə bənzəyirdi. Buna son qoyulmalı idi. Və qoyuldu da! Tarixin ən döyüşkən xalqı olan türklər o dövrün nəhəng imperiyasının darmadağın etdilər... 28 may 1453 -cü ildə Osmanlı - Bizans savaşının qalibi 21 yaşlı Fateh Sultan Mehmet Xan Konstantinopola  (İstanbulun o zamankı adı) girdi. O, köhlən atını Aya Sofyaya sürdü. Dünya  memarlığının incisi olan məbədin həyətində minlərlə əsgər və insan Fateh Sultanı alqışlarla qarşıladılar. Gənc hökmdar atından enərək içəriyə keçdi və səssizcə bir müddət ibadətgahı seyr etdi. Böyük salona daxil olan Sultan dizlərini yerə qoydu və cümə namazını qıldı. Onu müşaiət edən əsgərlər də "Allahu Əkbər"sədaları ilə ibadətə qatıldılar". Onun bildirdiyinə görə,  Fateh Sultan Aya Sofyanın qorunması və baxımı üçün öz adına bir vəqf qurdu, məsrəflərin qarşılanması üçün 14500 qızıl pul bağışladı: "

O gündən düz 481 il Aya Sofya məscid kimi fəaliyyət göstərmişdir. Lakin, 24 noyabr 1934 -cü ildə hökumətin qərarı ilə Aya Sofya muzeyə çevrildi. Söz yox ki, burada siyasi motivlərin olduğu hər kəsə bəllidir. Avropaya inteqrasiya etmək, ticari, iqtisadi əlaqələr qurmaq istəyən gənc Türkiyə Cumhuriyyətinin bu addımı tarixi kontekstdə başa düşülən idi. Aradan 86 il keçsə də Türkiyəni - bu Avropa ölkəsini-Avropada görmək istəmirlər. İllərdir ki, bizə qardaş ölkəni Avropa Birliyinin kandarında saxlayırlar. Türkün saf əxlaqı, insansevərliyi, ədaləti, mərdliyi, bacarığı sanki Qoca Qitədə bir çox siyasi dairələr üçün təhlükə mənbəyidir. Bu gün Avropada 6 milyon türk, onun bir neçə misli qədər müsəlman yaşayır. Lakin oradakı camilərin sayı Islam inanclı avropalıların tələbatını əsla ödəmir. Yeni bir məscid inşa etmək üçün izn almaq müşkül məsələdir. Hətta bəzi Avropa şəhərlərində azan səsi yasaqdır. Müsəlman ibadətgahlarının çoxu minarəsizdirlər. Ultra mıllətçi, nasist ünsürlər tez-tez məscidlərə hücum edir, ibadət edənləri aşağılayır. Son illərdə neçə-neçə camilər partladılmış, atəşə verilmişdir. Təəssüflər olsun ki, bu cür cinayət əməllərinə, dini ayrı-seçkiliyə susqunluq nümayiş etdirən Avropanın bəzi siyasi çevrələri, hüquq müdafiə təşkilatları indi Aya Sofyaya görə əməlli -başlı təlaş keçirirlər. Onlardan soruşuram, doğrudan da haqq, ədalət tərəfdarısınızsa, niyə, Azərbaycan torpaqlarını zəbt etmiş ermənilərin cinayətləriinə, işğal altındakı ərazilərdə yüzlərlə məscidlərimizi, mədəniyyət adidələrimizin dağıdılmasına göz yumursuz? Cavabınız yoxdur. Oturun oturduğunuz yerdə. Aya Sofya Türkiyənindir. Türkiyə dövləti və türk milləti Aya Sofya ilə bağlı özünün rəva bildiyi qərarı verəcəkdir. Bütün dünya o qərara hörmətlə, sayğı ilə yanaşmağa borcludur. Qardaş Türkiyə! Qardaşın Azərbaycan hər zaman olduğu kimi yanındadır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31