Prezidentdən məsuliyyətsiz vətəndaşlar üçün ciddi xəbərdarlıq -Təhlil

İlham Əliyev: "Qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməyənlərə qarşı cərimə tətbiq edilməlidir"

Azərbaycan dövləti bütün dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı səmərəli mübarizəsini həyata keçirir. Tam əminliklə deyə bilərik ki, dövlət bu istiqamətdə üzərinə düşən bütün vəzifələri maksimum dərəcədə icra edir və eyni zamanda icra etməkdədir. Pandemiyanın yayılmağa başladığı bir neçə ay müddət ərzində paytaxt və iri sənaye şəhərləri, regionlarda müasir standartlara cavab verən klinikalar, tibb müəssisələri, həminin modul tipli xəstəxanaların istifadəyə verilməsi, həmin tibb müəssisələrinin ən müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin edilməsi və. s Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı səmərəli mübarizənin göstəricilərindəndir. Etiraf edək ki, ilkin mərhələdə qeyd edilən istiqamətdə görülən işlər, həyata keçirilən antipandemiya tədbirləri öz müsbət effektini verdi. Bunu həm virusa yoluxanların, həm də bu səbəbdən həyatını itirənlərin sayından aydın görmək mümkün idi. Təsadüfi deyil ki, antipandemiya tədbirləri çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq aləm, ayrı-ayrı nüfuzlu təşkilatlar və dünya dövlətləri tərəfindən də təqdir edilir, müsbət təcrübə, nümunə kimi dünyaya təqdim edilirdi. Bir sözlə Azərbaycan dövləti və xalqı olaraq ilk sınaqdan uğurla çıxılmışdı. Təbii ki, burada həm Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu tədbirlər, həm də vətəndaşlarımızın məsuliyyətli davranışları müsbət nəticələrinin əldə edilməsinə imkan yaratmışdı. Lakin sonradan, bəlkə də bilərəkdən, yaxud hansısa qüvvələrin arzu və istəyi əsasında insanlar arasında yaradılan inamsızlıq sindromu, hökumətin qəbul etdiyi qərarlara, karantin rejimin qaydalarına əməl etməmək kimi mənfi tendensiyalar bizi dövlət olaraq koronavirusun ikinci dalğası ilə üz-üzə qoydu. Baxmayaraq ki, istər dövlət və hökumət rəsmiləri, istər parlamentarilər, istərsə də cəmiyyətin ictimai-siyasi təbəqəsi vətəndaşlarımıza məsuliyyətli olmağı, karantin qaydalarına riayət etməyi tövsiyə edirdi. Lakin vətəndaş məsuliyyətsizliyi və inamsızlıq sindromu bizi yenidən əvvələ qayıtmağa məcbur etdi. Çünki vətəndaş, cəmiyyət ona ünvanlanan mesajdan, xəbərdarlıq və tövsiyələrdən nəticə çıxarmadı. Təkcə özü deyil, ətrafdakıları da real təhlükə altına atdı, virusun geniş yayılmasına vəsilə oldu. Halbuki dövlətin ən üst rəsmisi səviyyəsində dəfələrlə xalqa, cəmiyyətə müraciət edildi, tövsiyə olundu ki,  qoruyucu maskalardan istifadə edilsin, sosial məsafə saxlanılsın, izolyasiya tədbirlərinə əməl edilsin. Təsəvvür edin, ən yüksək səviyyədə təhlükəsizliyi təmin edilən ölkə başçısı, Cənab Prezident İlham Əliyev qoruyucu maskadan istifadə edib, keçirdiyi rəsmi görüşlərdə sosial məsafə saxladığı halda, sadə vətəndaşlarımız bu zəruri qayalara əməl etmədi. Hətta dövlət başçısının, eyni zamanda onun xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın örnək addımı belə vətəndaşımızda məsuliyyət hissini artırmadı. Nəticə isə nə qədər təəssüf etsək də göz qabağındadır və təkcə ötən gün Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanların sayı 600 nəfərə yaxınlaşıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı ümumilikdə 14 min nəfər təşkil edib.

Vəziyyətin kifayət qədər ciddi və təhlükəli olması dövlət başçısının yenidən bu məsələyə diqqət çəkməsini zəruri edib. Ümumiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi sözügedən pandemiya yayılmağa başlayandan və Azərbaycanda qeydə alındığı vaxtdan Cənab Prezident bu məsələyə xüsusi həssaslıqla yanaşıb və hətta bir neçə dəfə həm dövlət başçısı özü, həm də Onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva bir neçə dəfə xalq müraciət edərək vətəndaşlarımızı daha məsuliyyətli, daha tədbirli olmağa çağırıb. Və ötən gün dövlət başçısı və Birinci vitse-prezidentin Gəncə şəhərinə səfəri zamanı keçirdiyi görüşlərin əksəriyyətində qoruyucu tibbi maskadan istifadə etməsi bir daha vətəndaşlarımıza özlərini və ətraflarını qorumaq üçün karantin qaydalarına əməl etmələrinin vacibliyi mesajı idi.  Təsadüfi deyil ki,  dövlət başçısı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı da bu məsələyə bir daha diqqət çəkib. Dövlət başçısı haqlı olaraq bəzi vətəndaşlarımızın məsuliyyətsizliyini sərt şəkildə tənqid edib. Eyni zamanda prezident bu kimi məsuliyyətsiz insanlara qarşı ictimai qınağın olmasının zəruriliyini də vurğulayıb: "Son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək".

Dövlət başçısı haqlı olaraq onu da bildirib ki, qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməyənlərə qarşı cərimə tətbiq edilməlidir: "Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır. Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik".

Göründüyü kimi, öz sağlamlığımızı, təhlükəsizliyimizi qorumaq öz əlimizdədir. Ya bütün qərarlar, qaydalara əməl edib hamılıqla virusa qarşı birgə mübarizə aparmalı, ya da onun ölkəmizdə daha çox can almasına yol açmalıyıq. Bir növ artıq bu məsələ dövlət başçısının da dediyi kimi milli təhlükəsizlik məsələsinə çevrilib: "Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31