Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, sosial öhdəliklərini vaxtında tam yerinə yetirir Təhlil
24 İyun 2020 13:10 Siyasətİmzalanan sərəncamlar, verilən qərarlar insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
Bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizə mümkün təsirləri, iqtisadiyyata mənfi fəsadlarına baxmyaraq Azərbaycan dövləti öz vətəndaşlarının sosial durumunu yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Baxmayaraq ki, pandemiya səbəbindən bir sıra sahələrdə fəaliyyət dayanıb, lakin buna rəğmən həmin sahələrdə çalışanların əmək haqqı vaxtlı-vaxtında ödənilir. Eyni zamanda əhalinin aztəminatlı təbəqəsi üçün 190 manat birdəfəlik yardımın edilməsi də müsbət təcrübələrdən biri idi və dövlətin öz vətəndaşlarına, onların sosial problemlərinin həllinə nə dərəcədə həssas yanaşdığını təsdiqləyirdi.
Bildiyimiz kimi, koronavirus pandemiyasının belə demək mümkünsə ikinci dalğasının baş verməsi yenidən paytaxt Bakı da daxil olmaqla, bir sıra şəhər və rayionlarda sərt karantin tədbirlərinin tətbiq edilməsinə yol açıb. Belə olan halda bir çox vətəndaşlarımız yenidən öz iş yerlərini müvəqqəti də olsa itirdikləri üçün dövlət onlara növbəti dəfə birdəfəlik yardım aetməyi qərarlaşdırıb. Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərar əsasında sərt karantin tədbirlərinin tətbiq edildiyi şəhər və rayonlarda əhaliyə yenidən 190 manat birdəfəlik yardım veriləcək. Heç şübhəsiz ki, atılan bu addım da bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş nəmnunluğu, onun sosial rifahının yaxşılaşdırılması dayanır. Elə millət vəkili Sədaqət Vəliyeva da belə düşünür. O, bildirib ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir: "Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi davam etdiriləcək. Eyni zamanda, yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi və bu yardımın verilməsinin müddətinin uzadılması da həyata keçiriləcək. Eləcə də işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək. Bütün bu tədbirlər dövlətin ən çətin zamanlarda vətəndaşlarının yanında olduğunu bir daha sübut edir". Sədaqət Vəliyevanın sözlərinə görə, dövlət bu cür çətin və həssas məqamlarda sosial proqramların dayanmamasına, ixtisar olunmamasına çalışır: "Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, sosial öhdəliklərini vaxtında tam yerinə yetirir. Heç kəsə də sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, xüsusilə də məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məhz məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 paket reallaşdırıldı və Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə milyonlarla manat vəsait xərcləndi. Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, ilk sərt karantin zamanı yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərildi. 20 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verildi. Dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün daha bir sıra addımlar da atdı. Məsələn, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı və 10 milyon manat ayrıldı. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənildi və buna da 40 milyon manat xərcləndi. Dünən isə Nazirlər Kabinetinin sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda sosial tədbirlərin davam etdirilməsi haqqında qərar verməsi bir daha onu sübut edir ki, dövlətin sosial siyasəti ardıcıl xarakter daşıyır və reallaşdırılır. Bütün görülən işlər, sosial tədbirlər də isbatlayır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş dayanır və dövlət hər zaman vətəndaşının yanındadır". Deputat deyib ki, ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətin, xalqın ehtiyacları əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub: "İmzalanan sərəncamlar, verilən qərarlar insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bütövlükdə isə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir".
Füzuli
Olaylar.az