Ermənistanda siyasi böhran yaşanır -Rəy
24 İyun 2020 10:54 SiyasətBaş verən hadisələr işğalçı ölkəni xaosa aparır
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü Azər Hüseynov qeyd edib ki, Ermənistanda ölkənin siyasi gündəmi hakimiyyətdaxili çəkişmələrlə müşayiət olunur: "Məlum olduğu kimi 16 iyunda "Çiçəklənən Ermənistan " partiyasının sədri , Ermənistan parlamentindəki fraksiyanın lideri Qaqik Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Həmçinin Q.Çarukyan Ermənistanın Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilib. Partiya sədrinin həbs ediləcəyi hadisələrin gedişatından bəlli olur. Çarukyan Paşinyan hakimiyyətini tənqid etdiyinə görə təzyiq və siyasi təqibə məruz qalmışdır. Çarukyanla bağlı son hadisələr bəzi Qərb təşkilatlarının işğalçı ölkədə baş verənlərə göz yumması ilə müşahidə olunur. Çarukyanın tərəfdarları TX-nın və Ermənistan parlamentinin binaları önündə etiraz aksiyasına cəhd etsələr də hüquq mühafizə orqanları tərəfindən qarşısı kobud şəkildə alınmış və yüzlərlə adam saxnlılmışdır. Hətta aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edilmişdir. Hakimiyyətin bu cür qanunsuz hərəkətlərindən qəzəblənən aksiya iştirakçıları beynəlxalq təşkilatların Ermənistandakı nümayəndəliklərinə, səfirliklərə məlumat versələr də həmin beynəlxalq qurumlar tərəfindən heç bir reaksiya verilməyib". O, qeyd edib ki, Paşinyan millətçidir, faşist ideologiyasına xidmət edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində aqressiv mövqe tutur, beynəlxalq hüquq normalarına məhəl qoymur: "Xalq fədaisi donu altında erməni xalqını aldadır. Öz hakimiyyətinin ömrünü uzatmaq üçün bütün vasitələrə əl atır, əleyhinə çıxanları həbs etdirir, vəzifədən uzaqlaşdırır, sıxışdırır, ölkədən çıxarır, təqib və təhqirə məruz qoyur. Vaxtilə hakimiyyətə gəlmək üçün demokratiyanı, ədaləti, bərabərliyi əldə şuar edən bu adamın antidemokratik hərəkətləri təbiidir. Çünki, o hakimiyyətə demokratik yolla deyil, kimlərinsə sifarişi, dəstəyi ilə gəlib və həmin tərəflərin də tapşırıqlarını yerinə yetirir. Hər zaman olduğu kimi Paşinyan üçün xalqın taleyi, mənafeyi, ölkənin gələcəyi, demokratiya, demokratik təsisatların, beynəlxalq təşkilatların guya əsaslandığı ali dəyərlər əsas ola bilməz. Onun üçün havadarlarının mənafeyi maraqlıdır. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmışdır.Paşinyan özünə rəqib bildiyi və ya gələcəkdə rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etdirir və Qərb bunu sükutla qarşılayır. Bu da onun əl-qolunu daha da açır. Ermənistanda son hadisələrdən sonra N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hal hazırda Ermənistanda pandemiya böhranı iıə yanaşı siyasi böhran da yaşanır. Bizim ölkəmizdə baş verən ən kiçik məsələyə reaksiya verən bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən qanunsuzluqlara görə susub və bir dəfə də olsun Ermənitsan hakimiyyətini ittiham etməyiblər. Burdan qərb "demokratiya"sının əsl mahiyyətinin nədən ibarət olduğu bəlli olur. Ermənistanda siyasi və iqtisadi böhran dərinləşdikcə mövcud iqtidardan narazılıq artır, ölkə daxilində vətəndaş həmrəyliyinin olmaması Paşinyan və onun komandasının uğursuzluğunu günbəgün artırır. Paşinyan bütün problemləri koronavirusla əlaqələndirməyə çalışsa da müxalifət Paşinyanın səriştəsizliyini başlıca səbəb kimi göstərir. Bütün bunlar isə deməyə əsas verir ki, Dünya yaxın günlərdə Ermənistandakı yeni sürprizlərin şahidi olacaq".
20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev bildirib ki, Ermənistanda acınacaqlı sosial vəziyyət artıq öz pik nöqtəsinə çatır. Erməni mətbuatında demək olar ki, hər gün Nikol Paşinyanın yarıtmaz siyasəti haqqında kəskin tənqidi yazılar dərc olunur. Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır. Ermənistanda uzun illərdir baş alıb gedən sosial-iqtisadi böhran və səfalət indi "Paşinyan mərhələsi"nə qədəm qoyub. İşğalçı ölkənin mətbuatında Ermənistanda baş qaldıran yeni etiraz dalğası ilə bağlı hiddət və təşviş dolu yazılarda populist vədlərlə hakimiyyətə gələn Nikol Paşinyan hökumətindən narazılıq ifadə olunur. Erməni mətbuatı Ermənistanda bir-birinin ardınca bağlanan zavod və fabriklərin, istehsalat müəssisələrinin işçilərinin bir parça çörəyə möhtac qaldıqlarını, yenidən küçələrdə etiraz aksiyaları keçirdiklərini yazır: "Bu gün ixtisar olunub ailəsi çörəksiz qalan bu insanlar hələ keçən il küçələrdə Paşinyanı dəstəkləyirdilər. Və Paşiyanın yalan vədləri və sözünü tuta bilməməsi artıq həmin insanları özündən çıxardıb. Paşinyanın ağzı köpüklənə-köpüklənə meydanda xalqa verdiyi vədlərin əvəzində xalq nə əldə etdi? Daha ağır sosial durum, daha çox işsizlik, daha betər səfalət və bu azmış kimi pandemiya dövründə artan xəstəlik dövlətin vətəndaşına sahib çıxmaması və insanların tələf olması. Artıq yerli islahatçılar o cümlədən dünyada bir çox analitiklər Ermənistanın yeni hakimiyyətinin hələ heç bir halda ümidləri doğrultmadığını, əksinə ölkəni daha da iflasa apardığını qeyd edir. Paşinyan hökuməti ölkədəki ictimai-siyasi vəziyyəti stabilləşdirmək, Ermənistanın iqtisadiyyatını dirçəltmək və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq iqtidarında deyil. Meydanda Nikol Paşinyan xalqa nələr söz vermişdi, amma hazırda nə edir? Tam verilən sözlərin əksi və günbəgün xaosa səslənən ermənistan. Paşinyana qarşı ölkəsində artıq çox böyük narazı elektorat meydana gəlib. İşğalçı ölkənin mətbuatında da, küçələrində də baş nazirin fəaliyyətsizliyi durmadan kəskin tənqid olunur, təcili şəkildə problemlərin həlli tələb edilir və hakimiyyət günü gündən öz tənəzzülünü yaşayır".
YAP Nəsimi rayon təşkilatının üzvü Aygül Orucova hesab edir ki, Ermənistandakı siyasi repressiyalar Paşniyan hakimiyyətinin müddətini uzatmağa xidmət edir: "Müstəqillik əldə etdikdən sonra Ermənistanda tez-tez siyasi hakimiyyətdə dəyişikliklərin baş verməsi ənənə halını almışdır. Bütün hakimiyyətlər hakimiyyəti ələ keçirdikdən sonra həmişə özündən əvvəlkilərə qarşı represstiv tədbirlər həyata keçirmiş, real rəqiblərini aradan çıxarmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Bu isə həmişə Ermənistanda siyasi böhran yaratmış, siyasi böhran nəticəsində hakimiyyət dəyişiklikləri olmuş insanların yaşayış şəraiti pisləşmişdir. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan boş vədlər verərək xalqı aldatmış, küçə yürüşləri və mitinqlər edərək hakimiyyətə gələrək onsuz da iqtisadi vəziyyəti pis olan Ermənistanın iqtisadiyyatını daha da dözülməz hala salmışdır. Baş vermiş hadisələr bir daha sübut edir ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyan Amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəklənir. Bu gün Ermənistanda antisorosçuların həbsi dediklərimizin bariz nümunəsidir". Onun sözlərinə görə, Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında da ciddi fikir ayrılıqları mövcuddur. Bunu müxtəlif səbəblərlə əlaqələndirsələrdə əsas məqsəd Nikol Paşniyanın şəxsi maraqları daxilindədir: "Çiçəklənən Ermənistan Partiyasının Ermənistandakı mövcud hökumətin tam tərkibdə istefası tələbinə Nikol Paşniyanın cavabı çox gecikmədi. Nikol Paşniyanın rəhbərliyi ilə 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədrinə və tərəfdarlarına qarşı bir gündə 3 cinayət işi açıldı. Hazırki Ermənistandakı durum siyasi böhran həddinə çatmışdır. Mövcud gərginliklərin olmasına, insan hüquqlarının pozulmasına və digər zorakılıq hallarının baş verməsinə baxmayaraq qərb dövlətləri susmaqda davam edir, beynəlxalq təşkilatlar isə mövcud durum barədə heç bir münasibət bildirmirlər. Qeyd etmək lazımdır ki, Avropa Şurası parlament Assambleyası, ATƏT-in media azadlığı üzrə nümayəndəsi baş verən qanunsuzluqlara qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür ki, onların demokratiyasının fəlsəfəsi budur. Baş verən hadisələrə belə laqeyd münasibət Nikol Paşniyanın necə demokrat olmasını və kimə işləməsini açıq şəkildə göstərir".
Alim
Olaylar.az