Süni nəfəs cihazına qoşulmuş xəstəni xatırladan Paşinyan
22 İyun 2020 13:52 SiyasətErmənistanda hazırda təkcə səhiyyə, tibb, insanların sağlamlığı deyil, eləcə də siyasəti, iqtisadiyyatı can verməkdə olan xəstəni xatırladır və ümumilikdə bu ölkə sanki süni nəfəs cihazına qoşulub. Son həftələr ərzində istər Ermənistanın siyasi, istərsə də sosial-iqtisadi həyatında baş verənlər belə deməyə əsas verir.
Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən ekspertlər də bu qənaətdədirlər. Hüquqşünas Əli İbrahimov deyir ki, bütün baş verənlərdə birbaşa səriştəsiz baş nazir Nikol Paşinyan günahkardır. Onun sözlərinə görə, Ermənistana yoluxduğu gündən ölkənin hərarətini normal həddə saxlaya bilməyən, dövləti adət etdiyi küçə qanunları ilə idarə etməyə çalışan Nikol Paşinyan, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitində özünü növbəti dəfə biabır edib: "Bir müddət əvvəl koronavirusa yoluxduğunu sonradan isə sağaldığını açıqlayan faşizm daşıyıcısı videokonfransa maska ilə qatılmaqla zavallı görkəmi alıb. Tibbi protokollara əsasən virusa yoluxub sağalmış adamın kimisə yoluxdurmaq riski yoxdur. Paşinyanın homo sapienslə ortaq cəhətləri az olduğu üçün ondan adekvat addım gözləməyə dəyməzdi. Əslində qərbdən dəstək almağa öyrəşmiş Nikol Şərq tərəfdaşlığına bel bağlamaq üçün mütləq maskalanmalı idi. Yəni kamera qarşısında taxılmış maska tibbi təyinatını dəyişərək baş geyiminə çevrilir". Əli İbrahimov deyib ki, bu Paşinyana mimikalarını gizlətmək və bığaltı yalanlarını rahat sırımaq şəraiti yaradır: "Paşinyanın Ermənistanı süni nəfəs cihazına qoşulmuş xəstəni xatırladır. Nikol anlamalıdır ki, beynəlxalq siyasətin havası onun ciyərləri üçün deyil və taxdığı maska onu çox qorumayacaq".
İctimai fəal Fərdi Vaqiflinin sözlərinə görə, Azərbaycan dövləti daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, demokratik prinsiplərə yanaşmada vahid mexanizm olmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. O, bildirib ki, dünyanın ikili siyasətinin yaratdığı problemləri daim öz üzərində hiss edən ölkə olaraq bu yanaşmanı yolverilməz hesab edirik: "Demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropanın, beynəlxalq hüquq təşkilatlarının, ABŞ Dövlət Departamentinin illik hesabatlarına diqqət yetirdikdə maraqların zamana və məkana, dövlətlərə görə dəyişdiyinin şahidi oluruq. Azərbaycanda ən kiçik olayı lupa ilə izləyən bu qurumlar "nədənsə" işğalçı Ermənistanda demokratik dəyərlərin kobud şəkildə pozulmasına göz yumur. Bu "nədənsələr" beynəlxalq hüquq probleminin yaşanmasından, maraqların ədalət meyarının arxasında əriməsindən irəli gəlir. Məlum olduğu kimi, 16 iyun 2020-ci il tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki "Sarukyan" fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Bu heyrətə səbəb həmin təşkilatların özlərini demokratiya "müdafiəçiləri" kimi təqdim edib, öz yalanlarını həqiqət kimi sırımaq cəhdləri, ədalət meyarını düzgün müəyyənləşdirməmələri üzündən demokratiyanın tələblərini kobud şəkildə pozan ölkələri "azad", demokratiyanın tələblərinə yüksək səviyyədə əməl edən ölkələri isə "qeyri-azad" ölkələr sırasında qeyd etmələridir. "Freedom House" kimi demokratiya anlayışının mahiyyətini dərk etməyən təşkilat bir qədər də irəli gedərək Ermənistan sevgisini daha qabarıq şəkildə büruzə verir. Belə ki, qurumun hesabatlarında Dağlıq Qarabağ Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi qeyd edilir. Artıq geniş şərhə ehtiyac yoxdur. İşğalçı Ermənistanı "azad" ölkələr sırasında qeyd edən bir təşkilatdan ədalətli mövqe gözləmək sadəlövlük olar". Fərdi Vaqifli deyib ki, demokratiyanın vacib amillərindən biri vətəndaşların sərbəst toplaşmaq azadlığının lazımi səviyyədə təmin edilməsidir: "Ölkəmizdə vətəndaşların bütün hüquqları dövlət tərəfindən tam təmin olunur. Siyasi mübarizənin tərkib hissəsi kimi kütləvi aksiyaların, mitinqlərin, küçə yürüşlərinin keçirilməsi üçün zəruri olan tədbirlər görülür, ən əsası təkmil qanunvericilik bazası mövcuddur. Lakin diqqət yetirək, ölkəmizdə bir qrup dağıdıcı ünsürlər xarici hiayədarlarının göstərişlərinə uyğun olaraq icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərəndə və bu cəhdlərin qarşısı qanuni yolla alınanda dərhal beynəlxalq hüquq təşkilatları bunu özlərinə sərf edən formada təhlil edir, Məsələnin digər tərəfi Qərbin niyə susmasıdır? ABŞ Dövlət Departamenti, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Demokratik dəyərlər kobud şəkildə pozulur, amma buna göz yumulur. Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Baş nazirin erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsl niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Dünyanın Ermənistanda cərəyan edən proseslərə ikili yanaşması davamlılığı ilə diqqət çəkir. Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyasıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq bildirmişdir ki, 25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır. Yenə həmin çıxışında baş nazir bildirmişdir ki, hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq. Göründüyü kimi, Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun reaksiya vermir, atılan hər bir addımı demokratiyanın vacib elementi kimi təsdiqləyir. Dünya dövlətlərinin demokratiya anlayışına "fərqli" yanaşmaları təəccüb doğurmaya bilməz. Görünür onların demokratiyasının fəlsəfəsi budur".
Məhəmməd
Olaylar.az