Qərb Ermənistanda baş verən represiyalara susqunluq nümayiş etdirir
20 İyun 2020 12:39 SiyasətSahil İskəndərov: "Ermənistan dövlətinin yaradılması məhz Qərbin "xidmət"idir"
İşğalçı dövlət olan Ermənistanda baş verən hadisələr bu ölkənin siyasi və iqtisadi çöküşünü nümayiş etdirir. Üstəlik bu ölkədə koronavirus pandemiyasına qarşı aparılan mübarizə effekt vermədiyindən siyasi təlatümlər, xüsusən insan hüquqlarının pozulması, represiyalar artmaqdadır. Məsələ orasındadır ki, beynəlxalq hüquq təşkilatları Ermənistanda baş verən hadisələrə biganəlik nümayiş etdirirlər. Olaylar"ın bu və digər məsələlərlə bağlı suallarının politoloq Sahil İskəndərov cavablandırıb.
-Sahil müəllim, Avropa Parlamentinin son bəyənatını necə dəyərləndirirsiniz?
-Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədrinin, habelə Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin işğal altında olan ərazilərimizlə Ermənistan arasında magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı, əslində rəsmi İrəvan üçün soyuq duş effekti rolunu oynadı. Çünki sözügedən sənəddə "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsinni yer alması, Ermənistanda indiyədək hakimiyyətdə olmuş bütün siyasi qüvvələrin guya beynəlxalq və regional qurumların, habelə dünya ictimaiyyətinin Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını müəyyənləşdirməsi iddialarını dəstəklədiyi və işğal altındakı ərazilərimizdə yaradılmış separatçı rejimi tezliklə tanıyacaqları barədə daxili auditoriya üçün hesablanmış bəyanatlarını alt-üst edir. Belə ki, "Azərbaycanın işğal altında olan əraziləri" anlayışı, beynəlxalq hüququn prinsipləri çərçivəsində ölkəmizin tanınmış sərhədləri çərçivəsində suveren hüquqlarımızın gec-tez bərpasını nəzərdə tutur. Bəyanatda öz əksini tapan müddəalar eyni zamanda Ermənistanın işal altındakı Azərbaycan ərazilərdə qeyri-qanuni fəaliyyət aparmasını, xüsusilə də mövcud infrastrukturu öz xeyrinə dəyişdirmək cəhdlərinin yolverilməzliyini ehtiva edir. Məhz bu baxımdan, bəyanat müəllifləri Dağlıq Qarabağ münaqişəsinin masa üzərində olan prinsiplər, yəni mərhələli həlli nəzərdə tutan Madrid prinsipləri əsasında danışıqlar yolu ilə həllində tərəfləri səylərini artırmağa çağırırlar. Sözsüz ki, məntiqlə bu çağırış ilk növbədə əraziləri işğal olunmuş Azərbaycana yox, təcavüzkar Ermənistana ünvanlanıb. Amma düşünürəm ki, bəyanatda məhz Ermənistanın konkret şəkildə təcavüzkar ölkə kimi qeyd olunmaması sənədin qayəsilə uzlaşmır, hərçənd ölkəmizin ərazilərinin işğalı birmənalı şəkildə vurğulanır. İkinci məqam isə ondan ibarətdir ki, məncə, Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma sisyasəti xüsusilə qabardılmalı və buna çox sərt münasibət bildirilməli idi. Lakin, bunula belə sözügedən bəyanat Azərbaycanın növbəti çox mühüm diplomatik qələbəsi, Ermənistanın isə növbəti ciddi məğlubiyyətidir. İndi əsas hədəf, bu diplomatik qələbələrimizin məcmusu kontekstində Ermənistana təcavüzkar ölkə kimi sanksiyaların tətbiq edilməsinə nail olmaqdır.
- Ermənistanda baş verən hadisələr bu ölkədə siyasi böhranın hökm sürdyünü deməyə əsas verirmi?
-Əgər tarixi hadisələri diqqətlə araşdırsaq tam məsuliyyət hissi ilə demək olar ki, Ermanistanda siyasi böhran heç vaxt səngiməyib. Özü də yalnız müasir dövrdə yox, elə süni şəkildə yaradılmış ilk "erməni dövləti" təsis olunandan bəri. Çünki böyük güclərin siyasi oyunbazlığı nəticəsində ərsəyə gətirilmiş bu "dövlət"in rəhbərləri məhz kənar oyunçuların zor-xoş ölkənin başında otuzdurduqları siyasətçilər, daha doğrusu isə siyasətbazlar olub. Gəlin elə götürək SSRİ-nin süqutundan sonrakı müddəti. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan məhz Qərbin kreaturası idi. O, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə razılıq verən kimi, Rusiyanın əlaltısı olan Robert Köçəryan prezident kreslosuna əyləşdirildi. Məhz Köçəryanın prezidentliyi vaxtında xarici ölkələrin xüsusi xidmət orqanlarının əlilə onun opponentlərinə qarşı təsəvvür edin ki, parlamentdə güllə-boran təşkil olundu. Köçəryanın varisi Serj Sarqsyanın da hansı qanlar bahasına hakimiyyətdə gətirilməısi və siyasi repressiyalar vasitəsilə cinayətkar rejimi ayaqda saxlaması da heç kimə sirr deyil. Sonrakı böhran isə Sarqsyanın Konstitusiya dəyişikliyi məzhəkəsi vasitəsilə baş nazir kimi öz hakimiyyətinin ömrünü uzatması cəhdi oldu ki, bunun da nəticəsində, Qərbdəki bəlli dairələr küçə düşüncəsinə malik Nikol Paşinyanı Ermənistanın "başbilən"i təyin etdilər. Bütün bu məqamlar bir daha sübut edir ki, kənar qüvvələrin idarə etdiyi ölkədə siyasi böhran daim gündəmdədir. Çünki məhz həmin dairələrin apardıqları geosiyasi mübarizə Ermənistanın daxili siyasətinin gündəmini formalaşdırır ki, bu baxımdan da, son günlər Nikol Paşinyanın ölkə parlamentində sayca ikinci böyük siyasi qüvvənin - "Çiçəklənən Ermənistan" fraksiyasının təhbəri, oliqarx Qaqik Tsarukyana və ümumiyyətlə öz opponentlərinə qarşı repressiya siyasəti heç də təəccüblü deyil. Xüsusilə də nəzər alsaq ki, Keçmiş hakimiyyətlə və Rusiya ilə sıx təmasda olmuş və olan siyasi fiqurların, habelə oliqarxların nəinki siyasi arenadan uzaqlaşdırılması, habelə onların biznes-imperiyalarının süquta uğradılması barədə Nikol Paşinyanın onu hakimiyyətə gətirən xarici qüvvələr qarşısında ciddi öhdəlikləri var.
-Sizcə Qərbin Ermənistanda baş verən hadisələrə biganə yanaşması nə ilə bağlıdır?
-Əslində bu sualın cavabı müəyyən mənada əvvəlki cavabın sətirləri arasında gizlənib. Belə ki, nə qədər təəccüblü səslənsə də və bir çoxları tərəfnidən qəbul edilməsə də, ilk Ermənistan dövlətinin yaradılması məhz Qərbin "xidmət"idir. Bəli, ermənilərin Cənubi Qafqaza və ilk növbədə də Azərbaycana köçürülməsinin təşəbbüskarı çar Rusiyası olsa da, ilk erməni Ararat respublikası tarixi Azərbaycan torpaqlarında məhz Qərbin təzyiqi və təkidi nəticəsində yaradılıb. Bunun arxasında isə erməni dövlətinin bütün həmsərhəd ölkələrə, hətta tarixən Ermənistanın ən böyük himayədarı olan Rusiyaya qarşı belə əlverişli alət kimi istifadə olunması niyyəti dayanır. Başqa sözlə desək, erməni "dövlət"i lap əzəldən Qərbin layihəsi olduğu və indi burada hakimiyyətdə elə onun gətirdiyi Nikol Paşinyan əyləşdiyi üçün də, Ermənistanda istər keçmişdə, istər indi, istərsə də gələcəkdə baş verən siyasi repressiyalara, qanun pozuntularına və bu ölkənin digər millətlərə qarşı törətdikləri cinayətlərə özünü "demokratiya carçısı" Qərb susqunluq nümyaiş etdirəcək. Bu birmənalıdır. Əks halda, Qərb özünün yaratdığı oyuncağı sındırmaq yox, xurd-xəşil etmək məcburiyyətilə üzləşəcək.
- Ermənistanda koronavirusa qarşı aparılan mübarizəni məqbul hesab etmək olarmı?
-Əlbəttə ki, bu ritorik sualın cavabı birmənalıdır: "Əsla yox!". Ona görə ki, hətta böyük iqtsadi-siyasi və maliyyə resurslarına malik dövlətlər belə bu bəla ilə mübarizədə ciddi çətinliklərlə üzləşirlər. O da ki, qala iqtisadi-sosial durumu kollapsa uğramış, xüsusilə də iqtisadiyyatının 80%-ə qədəri Rusiya şirkətlərinin nəzarətində olan Ermənistan. Bir məqamı da nəzərdən qaçırmayaq ki, Ermənistan uzun illər ərzində xaricdə yaşayan ermənilərin ölkəyə göndərdikləri transferlərin və xarici havadarlarının ianələri hesabına yaşayan bir parazitə çevrilib. Hazırda koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın demək olar ki, bütün ölkələrində iqtisadi fəallığın çox ciddi şəkildə məhdudlaşdırılması həmin mənbələrdən Ermənistana daxil olan maliyyə vəsaitini kəskin şəkildə azaldıb. Bu isə ölkə rəhbərliyinin pandemiya ilə mübarizədə hansısa ciddi addımlar atmasına, səhiyyəyə və sosial sahəyə heç olmas minimum həcmdə vəsaitin ayırmasına imkan vermir. Digər tərəfdən isə, hazırda baş nazir Nikol Paşinyan Ermənistan vətəndaşalrının sağlamlığını yox, öz hakimiyyətini qorumağın hayındadır. Belədə, koronavirusla hansı mübarizədən və onun qənaətbəxş olmasından söhbət gedə bilər?
Alim