Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi- TƏHLİL

Azərbaycan koronavirus pandemiyası dövründə də ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda əlaqələrini inkişaf etdirir, gələcək  perspektivlər, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin yollarını axtarır. Təsadüfi deyil ki, bir çox hallarda rəsmi Bakının bu mövqeyi, təşəbbüskarlığı ona yeni-yeni imkanlar açır, fürsət qazandırır. Əgər pandemiya dövrünün ilk günlərində Azərbaycan bir sıra görüşlərin keçirilməsinə təşəbbüs göstərirdisə, indi məhz Azərbaycana belə bir istək ünvanlanır, ikitərəfli və ya çoxtərəfli formatda görüşlərin keçirilməsi təklifi irəli sürülür. Ötən müddət ərzində dünyanın bir sıra nüfuzlu şirkətləri, maliyyə qurumları, eləcə də ayrı-ayrı dövlət rəhbərlərinin Azərbaycan dövlət başçısı ilə görüş keçirmək istəkləri, belə bir təşəbbüs irəli sürmələri fonunda bunu aydın görmək mümkündür.

Qeyd etdiyimiz kimi bu kimi görüşlər, videokonfranslar Azərbaycana yeni imkanlar qazandırmaqla yanaşı, onun regionda və dünyadakı mövqelərini də möhkəmləndirir. Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, belə videobağlantılar eyni zamanda Azərbaycanın informasiya və diplomatik mübarizədə Ermənistan üzərində qələbəsinə imkanlar açır, rəsmi Bakının düşmən ölkə üzərində diplomatik üstünlüyünü təmin edir. Necə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının zirvə görüşlərində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini ortaya qoydu və tarixi faktlarla ermənilərin faşizm ideologiyasına xidmət etdiyini vurğuladı, eləcə də ötən gün keçirilən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında çıxışı zamanı da Azərbaycan Prezidenti diplomatik dillə Etmənistan rəhbərliyinə öz yerini göstərdi, onu tarixi faktlarla susdurdu.

Prezident öz çıxışında Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinə, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğuladı və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirdi: "Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etməkdə davam edir. Azərbaycanın Dağlıq Qarabağ və daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məçburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil. "Dağlıq Qarabağ Azərbaycandır!" və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Sözügedən görüşlə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Şərq Tərəfdaşlığı sammitlərində də Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir. Bu mənada, Şərq Tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü: "Həm dünya, həm Azərbaycan, həm də Ermənistan ictimaiyyəti gördü ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyan növbəti dəfə özünü necə ifşa etdi. Ermənistanın baş naziri bir daha özünün siyasətə nə qədər yad biri olduğunu isbatladı. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyan Ermənistandakı vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış edirdi. Lakin siyasi və diplomatik qabiliyyəti olmadığından özünü ifşa edirdi. Məsələn, onun Sammitdəki çıxışı Paşinyanın dil biliyinin səviyyəsini göstərirdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi, keçdi ermənicə danışmağa. Bununla yanaşı, Paşinyan erməni xislətinə uyğun olaraq, yenidən dilənmək taktikasına üstünlük verdi və Avropa İttifaqından yardım almağa çalışdı. Bu məqamdan bir daha görünürdü ki, Ermənistan dünyanın 29 ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanın yanında nə qədər aciz və cılızdır. Paşinyan replikası zamanı isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi iflasa uğradı və daha bir erməni yalanının üstünü açmış oldu. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Videokonfrans şəklində keçirilən Sammitdə Paşinyanın ekran qarşısında maska ilə oturması isə ayrıca bir biabırçılıq mövzusudur".

Sədaqət Vəliyeva onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xətlə inkişaf edən münasibətləri var: "Ölkəmizin İttifaqın 9 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin də 90 faizi artıq razılaşdırılıb. Həmçinin Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivi var. Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq edir. 2009-cu ildə əsası qoyulan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində müxtəlif sahələrdə qurulan əməkdaşlıqda əhəmiyyətli nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığının altı üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub, hətta Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda lider mövqeyə yüksəlib".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31