“Azərbaycanla əməkdaşlıq şirkətlərin özləri üçün də vacibdir”
18 İyun 2020 14:47 Siyasət"Azərbaycan böyük şirkətlərlə qarşılıqlı faydalılıq əsasında əməkdaşlığını genişləndirir. Bir müddət öncə də Cənab İlham Əliyev alternativ enerji ilə bağlı böyük şirkətlərin rəhbərləri ilə, eləcə də tenderdə qalib gələn iki Ərəb şirkətinin rəhbəri ilə də görüşmüşdü. Azərbaycan alternativ enerjinin inkişafında maraqlıdır və yaxın 10-20 ildə neft və qaz istifadəsindən alternativ enerjiyə də keçə bilərik ki, bu iqtisadiyyatımız üçün də gərəklidir." Bu sözləri SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq həmin şirkətlərin özləri üçün də vacibdir.
"Götürək, son videokonfrans formatında olan "Microsoft" şirkəti ilə əməkdaşlıq imkanlarını. Bu da qarşılıqlı faydalılıq əsasında qurulmuş əlaqələrdir. Azərbaycan dünyanın aparıcı şirkəti olan "Microsoft" şirkəti ilə əməkdaşlığını genişləndirməkdə və Azərbaycan bazarına cəlb etməkdə maraqlıdır. "Microsoft" şirkəti də, onun rəhbərliyi də öz növbəsində bilir ki, Cənubi Qafqazda əgər mövqe sahibi olmaq istəyirsə, bazarında yer tutmaq istəyirsə ilk növbədə Azərbaycanla əməkdaşlıq etməlidir, çünki, bölgənin əsas açar dövləti elə Azərbaycandır, ən çox Azərbaycanın iqtiadiyyatı inkişaf edib və bazarda özünəməxsus yeri var. Ona görə "Microsoft" şirkətinin özü də digər böyük şirkətlər kimi Cənubi Qafqazda əməkdaşlığı genişləndirmək üçün ilk növbədə Azərbaycanla əməkdaşlığın inkişafı yollarını müzakirə edir. Indiki ağır vəziyyətə, koronavirusla bağlı dünyadakı və bölgədəki çətin duruma baxmayaraq, biz görürük ki, dövlət başçısı videokonfransları bir-birinin ardınca keçirir ki, böyük şirkətlərlə əməkdaşlıq imkanları yenə də üst səviyyədə qalsın və sonrakı dövrdə yeni layihələr reallaşsın", deyə Elxan Şahinoğlu bildirib.