“Microsoft” şirkətinin Azərbaycana bu qədər maraq göstərməsi diqqətəlayiqdir”
18 İyun 2020 14:46 Siyasət"Microfoft" rəhbərliyinin Cənab Prezidentlə onlayn görüşü və müzakirəsi indiki, xüsusən də koronavirus pandemiyası dövründə olduqca əhəmiyyətlidir. Bu sözləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, bütün dünyada, özəlliklə də Azərbaycan kimi inkiş etməkdə olan ölkələrdə yeni texnologiyaların daha sürətli bir şəkildə tətbiqi üzərində iş gedir. "Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, şəxsən Cənab İlham Əliyevin özü yeni texnologiyaların, informasiya-kominikasiya texnologiyalarının əhəmiyyətini çox ciddi şəkildə dərk edən, onların cəmiyyətin həyatında oynamaqda olduğu rolunu düzgün qiymətləndirən bir liderdir. Təbiidir ki, Cənab Prezident bu baxımdan "Microsoft" kimi dünyanın nəhəng texnologiya şirkətlərinin rəhbərləri ilə mütəmadi şəkildə əlaqəda olur, onlarla təklif, fikir mübadiləsi edir və əlbəttə ki, bütün bunları da Azərbaycanın, Azərbaycan xalqının rifahı naminə edir.
Indiki şəraitdə, Azərbaycan həqiqətən də pandemiya dövründə onlayn təhsilə, yaxud onlayn texnologiyalara bütövlükdə ciddi ehtiyac duymaqdadır. Artıq bir çox sahələrdə onlayn xidmətlər yüksək səviyyədə həyata keçirilir. Lakin, əlbəttə ki, Azərbaycan o dövlətlərdən deyil ki, nəyəsə, hara kimisə nail olub orada dayansın. Azərbaycan irəli baxan dövlətdir, Azərbaycan Prezidenti strateji düşüncəli şəxsiyyətdir və ona görə də yeni texnologiyaların ən yenilərinin mənimsənilməsi, tətbiq edilməsi yolunda addımlar atır. Bax bu görüş, bu müzakirə də o qəbildəndir. Yəni, Azərbaycan bu məsələlərdə həmişə, hər kəs üçün açıqdır.
Digər tərəfdən isə, "Microsoft" kimi şirkətlərin əslinə qalanda dünyanın kiçik dövlətlərindən birinə, Azərbaycana bu qədər diqqət yetirməsi, maraq göstərməsi də diqqətəlayiqdir. Niyə? Ona görə ki, Azərbaycan, biz hər zaman demişik ki, sabit ölkədir, etibarlı ölkədir, etibarlı tərəfdaşdır, ciddiyyəti ilə fərqlənən bir ölkədir. Yəni, burada istər lider, Cənab Prezident İlham Əliyevin özü, istərsə də bütövlükdə dövlət aparatı beynəlxalq öhdəliklərə yüksək tam şəkildə əməl edir və əlbəttə ki, xarici, yaxud beynəlxalq təşkilatlarla iş birliyi məsələlərində, biznes qurumları ilə iş birliyi məsələlərində qüsurlara yol vermir. Qarşılıqlı, faydalı əməkdaşlığa Azərbaycan həmişə açıqdır, qarşılıqlı, faydalı məkdaşlıq üçün ən yüksək şəraiti yaratmağı bacarır, bu təcrübəsi çox genişdir və o baxımdan da "Microsoft" kimi şirkətlər məhz kiçik olmasına baxmayaraq Azərbaycan kimi dövlətlərlə sabit, dayanıqlı iş birliyində maraqlıdırlar. Bax bu görüş də o qəbildəndir", deyə Azər Həsrət bildirib.