Çin üçün arzuolunmaz ssenarilər işə düşəcək
18 İyun 2020 13:06 Siyasət"Çinin dünya siyasəti və iqtisadiyyatında təsirinin artması, yeni geosiyasi layihələri reallaşdırması ABŞ-ı narahat edən əsas faktordu. İlk növbədə Çini zəiflətmək və onun bu siyasətinin qarşısnı almaq üçün Vaşinqton çox ciddi planlar hazırlayır". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, ABŞ prezidenti D. Trampın Çinlə ticarət müharibəsi, ABŞ-ın öz şirkətlərini və digər ölkələrin şirkətlərinin də Çindən çıxarması, G7 konfransında Çinə qarşı koalisiyanın formalaşdırlamasının planlanması Çinin izolyasiyasına hesablanıb: "ABŞ-ın hazırda əsas strategiyasının təməli Çini zəiflətməkdir. Şərqi Türküstanda insan hüquqlarının kobud surətdə pozulmasına görə Vaşinqtonun Pekinə sanksiyalar tətbiq etməsinə görə artıq narazılıq ortaya qalxıb. Çin ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edir. ABŞ bütün istiqamətlərdə Çinə qarşı hücuma keçib".
Politoloq qeyd edib ki, Hindistan Çin sərhəddində silahlı toqquşma məhz proseslərin tərkib hissəsidir: "Çin məhz Hindistanın kim tərəfindən ortaya atıldığını bildiyinə görə dərin münaqişəyə getmir və problemin danışıqlar yolu ilə həllində maraqlıdır. Hazırkı vəziyyətdə Çin müharibədə maraqlı deyil. Amma, Hindistan irəliyə gedərsə, bu ölkəyə sarsıdıcı zərbələr vura bilər. Həmçinin Kəşmirdə Pakistanın Hindistan mövqelərinə hücum edər. Hazırkı situasiyada Hindistanın məğlub olması qaçılmaz olar. Amma, Hindistanda millətçi Modi hökuməti Pakistan və Çinə qarşı bəzi dairələrin sifarişini yerinə yetirir. Əvəzində isə onun ABŞ -dan ucuz silah alması ilə razılaşıb".
Məhəmməd Əsədullazadə bildirib ki, Çin öz qlobal siyasətindən geri çəkilməsə, ABŞ Çin üçün ssenarilər hazırlayıb: "Yeni dünya nizamında ABŞ Çinə yer vermək istəmir. Qeyd edim ki, Çinin zəifləməsi ilə "Bir qurşaq, Bir yol "layihəsi, Azərbaycandan keçən "Dəmir İpək yolu" layihələri artıq işləməyə bilər. Çünki, Çindən dəmir yolu vasitəsi ilə gələn yüklər Azərbaycan üzərindən keçməklə Avropaya daşınır. Göründüyü kimi ABŞ -Çin siyasi-iqtisadi toqquşması Azərbaycana da təsirsiz ötüşmür. Çinin geri çəkilməsi gözlənilmir. Amma, mövqeləri kifayət qədər zəifləyəcək. ABŞ -da prezident seçkilərində Donald Tramp yenidən seçilərsə, Çin üçün arzuolunmayan ssenarilər işə düşəcək".