Müasir dövrün yeni çağırışları "Microsoft”la əməkdaşlığımızı daha da gücləndirəcək - TƏHLİL
18 İyun 2020 12:56 SiyasətSon statistik göstəricilər ölkədə koronavirusa yoluxanların sayında artımın baş verdiyini təsdiqləsə də, ancaq ümumilikdə götürəndə Azərbaycanda bu sahədə vəziyyətin digər ölkələrə nisbətdə hələlik qənaətbəxş olduğunu deməyə əsas verir. Təbii ki, bu da zamanında atılan qabaqlayıcı addımlar və görülən adekvat tədbirlərin nəticəsidir. Qeyd etmək yerinə düşər ki, məhz bu cür səmərəli fəaliyyət və görülən işlər Azərbaycana olan beynəlxalq marağı artırır, hər zaman olduğundan indi daha çox Bakı ilə əməkdaşlığa önəm verilir. Pandemiya dövründə bir sıra beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasi və iqtisadi təsisatların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə videobağlantı formatında görüş keçirmək təşəbbüsləri deyilənlərin təsdiqidir. Bu günlərdə belə görüşlərdən birinin təşəbbüskarı isə "Microsoft" şirkətinin rəhbərliyi olub. Belə ki, sözügedən şirkətin vitse-prezidenti və digər nümayəndələri ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş keçirilib.
Azərbaycan rəhbərliyi ilə görüş keçirilməsi təşəbbüsü əslində ölkəmizə olan maraqla yanaşı, həm də rəsmi Bakının beynəlxalq təşəbbüslərinə dəstək xarakteridir. Eyni zamanda bu əməkdaşlığın inkişaf etditrilməsi ölkəmiz üçün də faydalıdır. Çünki bu gün koronavirus pandemiyasının ölkəmizin təhsil sisteminə təsiri kifayət qədərdir və bu baxımdan sözügedən şirkətlə əməkdaşlıqda fayda var. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının dalğalanan çevrəsi yer kürəsində insanları sosial izolyasiyaya məcbur edib, özünü təcrid etməni ön plana çıxarıb. Onun sözlərinə görə, pandemiyaya dair bu çağırışlar "gözəgörünməz düşmən"dən qorunmanın ən effektli üsulları, koronavirusdan xilas yolu hesab olunsa da eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneələr yaradıb: "İnsanların sağlamlığını təhdid altına alan, dünya iqtisadiyyatına ciddi zərbələr vuran bu virus təhlükəsi təhsil sahəsindən də yan keçmədi. Koronavirus epidemiyasına görə həyatımızın bütün sahələrində yaranmış müvəqqəti durğunluq tədris prosesində də özünü göstərdi. Ölkəmizin "Microsoft" şirkəti ilə əməkdaşlığı bu çətin vəziyyətdən çıxmaq üçün uğurlu və zamanında atılmış addım oldu. "Microsoft Teams" platformasından istifadə təlim-tədris prosesinin məsafədən təşkilini təmin etdi. İyunun 16-da "Microsoft" şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft" şirkətinin digər nümayəndələri arasında videokonfransda ölkəmizin "Microsoft"la informasiya texnologiyalarının təhsildə tətbiq edilməsi ilə bağlı əməkdaşlığa da toxunulub. Hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənir və bu məsələdə ölkəmizin "Microsoft"la yaxşı əməkdaşlıq edə biləcəyinə böyük ümid var. Dövlət başçısı bu proqramın növbəti 5 il üçün planlaşdırıldığını deyib: "Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq".
Deputat vurğulayıb ki, şirkətin vitse-prezidenti Filip Roq təhsil mövzusundan bəhs edilərkən "Microsoft"un Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib: "Həmçinin bildirib ki, digər ölkələrdə üzləşdiyi problem evlərdəki qurğuların sayının məhdud olmasıdır. Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir". Bu gün ali məktəblərimizin əksəriyyətində müəllim və tələbələrin ünsiyyəti Microsoft Teams proqramı vasitəsilə tamamilə və ya qismən də olsa təşkil olunub. Yəni respublikanın əksər universitetləri zərurətdən çıxış edərək distant təhsilin tətbiqinə keçid alıb. Müəllim-professor heyətinin və tələbələrin hamısı bu sistemə qoşulmasa da, böyük əksəriyyətin distant təhsil prosesində iştirakı təmin olunub. Lakin bunu bütün təhsil müəssisələrimiz haqqında söyləmək mümkün deyil. Heç də hər təhsil müəssisəsində belə ünsiyyət təşkil olunmayıb. Bu da şagirdin, tələbənin təhsildən geri qalmasına səbəb olur. Beləliklə, bu sistem sayəsində şagird təhsil müəssisəsindən və müəllimindən fərqli məkanda olmasına baxmayaraq, vaxt itirmədən təhsilini davam etdirə bilir. Pandemiyanın nə vaxt bitəcəyini bilmədiyimiz üçün məsafədən idarəetmə və distant təhsil sistemini qura bilməyən təhsil müəssisələrimiz bu sahədə müəyyən işlər aparılmalı, yeni nəsilin təhsilini distant formada davam etdirməsi aktuallaşdırılmalıdır". Naqif Həmzəyev deyib ki, sevindirici yeniliklərdən biri də "Microsoft"un süni intellekt platforması Azərbaycan dilini tezliklə dərk edəcəyi və Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə veriləcəyi olub: "Daha bir qürurverici məqam Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilməsinin videokonfransda vurğulanması oldu. Əsas strategiya karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Müasir dövrün yeni çağırışları "Microsoft"la 15 ildən çoxdur davam edən əməkdaşlığımızı daha da gücləndirəcək".
Məhəmməd
Olaylar.az