“Ermənistanın ağır günləri hələ qabaqdadır” - ŞƏRH

Jalə Əliyeva: "Koronavirus pandemiyası Ermənistan hökümətini çətin duruma salıb"

Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva qeyd edib ki, işğalçı və təcavüzkar Ermənistanda artıq həyatın bütün sahələrində tənəzzül, çöküş yaşanmaqda, insanlar getdikcə ümidsizləşməkdədir. Buna səbəb illərdir bədnam, başabəla, avantürist, xəstə ruhlu, xəstə düşüncəli, beyinləri şovinizmlə, başqalarına nifrət hissi ilə zəhərlənmiş erməni siyasətçilərinin və başbilənlərinin apardıqları yarıtmaz siyasət, həmçinin, onların nasizmin, rasizmin, faşizmin, terrorizmin girdabına yuvarlanmasıdır: "Onlar nasizmi, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, "Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir". Həqiqətən də, gerçəkdən də belədir. Bu xəstə və təhlükəli düşüncənin sahibləri olanlar, yəni, bu günə kimi Ermənistana rəhbərlik edən hakimiyyətlər, iqtidar təmsilçiləri yarımmüstəmləkə dövlətlərini də, xalqlarını da uçuruma yuvarlandırıblar, onlara bədbəxtlik gətirməkdən başqa heç nə etməyiblər. Küçədən inqilab yolu, çevriliş dalğasında və bolluca vədlərlə hakimiyyətə gələn Nikol Paşinyan və onun hökuməti də əvvəlkilərdən heç nə ilə fərqlənməyib, əksinə, Ermənistanın, ermənilərin durumunu daha da dözülməz hala gətiriblər. Verilən vədlərinin heç birini yerinə yetirməyiblər. Üstəgəl son aylar yaşanan koronavirus pandemiyası istər erməni xalqını, istərsə də Ermənistan hökümətini çətindən də çətin duruma salıb. Belə ki, düşmən ölkədə yoluxmaların və ölümlərin sayı günbəgün artmaqdadır. Hər gün koronavirusa yoluxların sayı 500-700 rəqəmləri arasında dəyişməkdədir". Onun sözlərinə görə, rəsmi əhalisinin sayı 3 milyondan az olan bu ölkədə koronavirusa yoluxanların sayı 18 mindən çox, ölənlərin sayı 300-dən artıqdır: "Bu qədər yoluxma və ölüm hallarına rəğmən cəmi 87 min test aparılıb, adi test çubuqları belə çatışmır. Onsuz da bərbad vəziyyətdə olan səhiyyə sistemi tam çökmək üzrədir. Xəstələr stasionara düşmək üçün günlərlə növbə gözləyirlər. Həkim və tibb bacıları çatışmır. Ağır xəstələrə reanimasiya tədbirləri üçün çihaz və dərman defisiti günbəgün artır. Xəstələrin çoxu evindəcə dünyasını dəyişir. Hətta, öz mahiyyətlərinə, "zavallı və məzlum" obrazlarına, xislətlərinə uyğun olaraq, ordan-burdan dinəndikləri yardımlar da onları bu çıxılmaz vəziyyətdən xilas etmək gücündə deyil. Baxmayaraq ki, indiyə qədər Ermənistana Rusiya və Çin texniki yardım göstərib, Avropa Birliyi 92 milyon avro, ABŞ 5.4 milyon dollar, Bolqarıstan, Gürcüstan, İran və Litva humanitar yardım edib və bu yardımlar davam etməkdədir. Ancaq Ermənistan bu bəlanın qarşısını almaqda acizdir, bu vəziyyətdən çıxmaq üçün də heç bir siyasətləri, düz-əməlli proqramları, strategiyaları yoxdur. Ancaq Ermənistandan fərqli olaraq, onun işğalı və təcavüzü ilə üz-üzə qalan Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə böyük addımlar atılmaqdadır.Bu addımların nəticəsidir ki, Azərbaycanda həm Ermənistanla, həm də digər ölkələrlə müqayisədə yoluxma və ölüm halları kritik həddə deyil. Azərbaycan insanı öz dövlətinə güvənir, Azərbaycan dövləti də hər daim vətəndaşının yanındadır. Təsadüfi deyil ki, koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün indiyə qədər 30-a yaxın ölkəyə, o cümlədən, 3 beynəlxalq təşkilata humanitar yardım edib. Buna nümunə kimi, Ümumdünya Səhiyyə Təşkilatına üst-üstə 10 milyon dollarlıq ianənin-vəsaitin ayrılmasını göstərə bilərik. Bunun özü bir daha Azərbaycan inkişafını, iqtisadi qüdrətini göstərməklə yanaşı, səmimi əməkdaşlıq, tərəfdaşlıq və mütəffiqlik niyyətlərini də ortaya qoyur. Özü də sözdə yox, məhz işdə, əməldə. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "biz iqtisadi sahədə də, hərbi sahədə də Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında...". Eyni zamanda, çox sevindirici və müsbət haldır ki, ölkəmiz koronavirus pandemiyası ilə mübarizədə bütün parametrlər üzrə Ermənistanı dəfələrlə üstələyir. Hansısa bir müqayisəyə belə yer qalmır. Odur ki, koronavirus epidemiyası Ermənistanı çökdürür, eləcə də, avantürist Paşinyan hökumətinin gündən-günə aşağı düşən etimad limitini sıfıra endirib. İndi onlar xalqın getdikcə artan narazılığını gah siyasi yönə çevirmək, gah da Azərbaycanın müharibəyə başlayacağı qorxusu iddiası ilə tənzimləməyə çalışırlar. Son günlər oliqarx siyasətçi Qaqik Çarukyanın adamlarının Paşinyanın istefası tələbi ilə mitinqlərə başlaması daha ciddi mətləblərdən xəbər verir. Ola bilsin, Ermənistan iqtidarı bu mitinqlərdən məhz koronavirus problemlərindən əhalinin diqqətini yayındırmaq məqsədi ilə istifadə etsin. Ancaq müşahidələr onu göstərir ki, Ermənistanı daha ağır günlər gözləyir. Ermənistanın ağır günləri hələ qabaqdadır. Bu gedişlə də onları heç kim və heç nə xilas edə və qurtara bilməyəcək".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31