Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində İlham Əliyevin siyasi kursu çox alqışa layiqdir
17 İyun 2020 15:34 SiyasətRəşid Məmmədov: "Azərbaycanda Yunanıstan turizminə marağı nəzərə alaraq, ümid edirik ki, iki ölkə arasında uçuşlar da tezliklə bərpa ediləcək"
Bütün dünyanı bürüyən koronavirus pandemiyası xaricdə yaşayan soydaşlarımıza da təsirsiz ötüşmədi. Müxtəlif ölkələrdə iş yerlərinin sərt karantin rejimindən dolayı bağlanması həmin ölkələrdə yaşayan azərbaycanlılar üçün ciddi problemlərə yol açdı. Belə bir şəraitdə isə soydaşlarımızın köməyinə yenə də həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, həmçinin səfirliklər, eləcə də Azərbaycan dövləti və onun müvafiq qurumları çatdı. Elə "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov da bizimlə söhbətində eyni fikirdə olduğunu vurğulayıb. Fəaliyyət göstərdiyi ölkədə soydaşlarımızın pandemiya səbəbindən üzləşdiyi problemlərdən danışan Rəşid Məmmədov Yunanıstanda koronavirusla bağlı ilk ölüm faktının 12 mart tarixində qeydə alındığını söyləyib.
-Növbəti gündən etibarən ərzaq məhsulları və apteklər istisna olmaqla digər ticarət obyektləri, bütün kafe və restoranlar, ticarət mərkəzləri, daha sonra kilsələr və digər kütləvi toplanma yerləri də fəaliyyətini dondurmuşdur. Yunanıstanın baş naziri ölkəyə vurulan maddi ziyanı kompensasiya etmək məqsədilə dövlət büdcəsindən 10 milyard avro məbləğində vəsaitin ayrılması barədə göstəriş verdi. Hazırda ölkəyə xarici ölkələrdən olan uçuşlara məhdudiyyətlər tətbiq olunur və ölkəyə daxil olan vətəndaşlar isə həmin gündən 14 gün ərzində karantinə alınır. Xəstəxana, supermarket, aptek, bankların iş rejimində dəyişiklik yoxdur. Yunanıstanda mart ayının 23-də ölkə üzrə elan edilmiş karantin vəziyyəti may ayının 4-dək davam etdi.
-Rəşid bəy, Yunanıstanda neçə nəfər bu pandemiyanın qurbanına çevrildi?
-Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hazırda ölkədə COVID-19 virusuna yoluxanların sayı 3000 nəfərdən çox, ölənlərin sayı 182, sağalıb xəstəxanaları tərk edənlərin sayı isə 1374 nəfər təşkil edir. Cari ilin 10 mart tarixindən Yunanıstanda fəaliyyət göstərən bütün təhsil-tədris müəssisələri müvəqqəti olaraq bağlanılmış və ya onlayn təhsil sisteminə keçmişdir. 4 May tarixindən etibarən Yunanıstanda əhali arasında tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir. Qeyd edək ki, məhdudiyyətlərin yumşaldılması mərhələ ilə həyata keçirilir.
-Bəs, Yunanıstanda hazırda vəziyyət necədir?
-Bu gündən etibarən yaşayış yerini SMS icazə ilə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu. Həmçinin bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət və bir sıra mağazaların işi bərpa edildi. Hazırda bəzi ictimai məkanlarda üz örtüyü (maska) geyinilməsi isə mütləq qayda kimi gözlənilir və qaydanı pozan şəxslərə qarşı cərimə və cəzalar tətbiq edilir. 11 May tarixindən Univermaq və Ticarət Mərkəzləri istisna olmaqla bütün mağazaların fəaliyyəti bərpa edildi. 18 May tarixindən etibarən adalar istisna olmaqla, ölkədaxili sərnişin nəqliyyatının fəaliyyəti bərpa edildi. İyun ayının əvvəllərindən etibarən qapalı məkanlar -kafe və restoranlar, eləcə də əyləncə mərkəzlərinin fəaliyyəti qismən bərpa olunur. İyun ayının ortalarından etibarən bir çox turist məkanları, otellər fəaliyyətini bərpa edəcək, adalara giriş-çıxış qadağası aradan qaldırılacağı gözlənilir.
Qeyd edək ki, yumşalma tədbirləri ilə bağlı qərarlar yoluxma prosesinin gedişatı ilə əlaqədar olaraq, daim yenilənir, amma ümumilikdə hazırda ölkədə durumu qənaətbəxş hesab edilə bilər.
-Azərbaycanda bu sahədə mövcud olan durumu da izləyirsinizmi və qənaətiniz nədən ibarətdir?
-Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə Azərbaycan hökumətinin, xüsusilə, dövlət başçısı cənab İlham Əliyevin siyasi kursu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları və Operaiv Qərargahın proseslərə çevik reaksiyası çox alqışa layiqdir. Azərbaycanda Yunanıstan turizminə marağı nəzərə alaraq, ümid edirik ki, Azərbaycan və Yunanıstan arasında uçuşlar da tezliklə bərpa ediləcək.
-Bəs, diaspor təşkilatı olaraq soydaşlarımızla pandemiya dövründə əlaqələri necə qurdunuz, onlara hansısa yardımlar edildimi?
-"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti olaraq, biz ilk növbədə soydaşlarımızı dezinformasiya xarakterli məlumatlardan düzgün informasiya ilə təmin etməyə çalışırıq. Bu məqsədlə "QALA" Cəmiyyətinin Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyi ilə
əməkdaşlıq çərçivəsində qaynar xətt istifadəyə verilmişdir. Qeyd edək ki, bizdə olan məlumata görə Yunanıstanda COVID 19 virusuna yoluxanların arasında azərbaycanlı şəxslər qeydə alınmamışdır. Cəmiyyətimiz sosial şəbəkə hesabında və soydaşlarımız arasında daim maarifləndirici məlumatlar paylaşır və həmvətənlərimizi ehtiyatlı və tədbirli olmağa çağırır. Karantin rejimi tətbiq olunduğu ilk vaxtlarda sərhədlərin bağlanması üzündən vətənə qayıda bilməyən Azərbaycan vətəndaşlarının pulsuz yaşayış yeri ilə təmin edilməsi üçün müəyyən tədbirlər həyata keçirilmişdi.
Süleyman
Olaylar.az