Təxribatçı qüvvələrin niyyəti baş tutmayacaq - Siyasi analiz

Çünki bu dövlətin bünövrəsi möhkəmdir, xalq-iqtidar birliyi yenilməzdir

Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurların sayı gündən-günə  artmaqdadır. Ölkəmizin daxili və xarici siyasətində əldə olunan naliyyətləri Azərbaycanın beynəlxalq münasibətlərinin ən yüksək səviyyədə olmasına dəlalət edir. Lakin o da faktdır ki, Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır. Çox təəssüf ki, sözügedən  qüvvələr təkcə beynəlxalq təşkilatlarda, hansısa ölkələrdə fəaliyyət göstərən qurumlarla kifayətlənmir, o cümlədən daxildən də bu cür qüvvələr çalışırlar ki, ölkəmizin beynəlxalq münasibətlərinə xələl gətirsinlər. Xüsusən, dövlətimizin beynəlxalq imicinə müsbət təsir edəcək hansısa əhəmiyyətli bir tədbir ərəfəsi belə qüvvələrin fəallaşmasının şahidi oluruq. Artıq son on ildə ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlər öncəsi belə hallar dəfələrlə təkrar olunub. Qeyd edilən destruktiv qüvvələr səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqları baxımından təqdim edirlər. Aydındır ki, bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdürlər.

Son zamanlar isə ölkə daxilində qarışıqlıq  salmaq, "bulanıq sida balıq tutmaq" istəyən təxribatçıların fəallığı müşahidə olunur. Sözügedən qüvvələr sosial şəbəkələrdən tutmuş hüquq-mühafizə orqanlarına qarşı zorakılığa qədər bütün vasitələrdən istifadə edərək məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, nəyin bahasına olursa olsun Azərbaycan dövlətinin nüfuzuna xələl gəlsin. Elə bu səbəbdən də dövləti, iqtidarı aşağılamaq, hökumətin gördüyü bütün müsbət işlərin üstündən qırmızı xətt çəkmək yolu tutulub.  Sanki dövlətlə vətəndaşlar arasında uçurum yaratmaq, dövləti vətəndaşların gözündən salmaq niyyətində olan qüvvələr peyda olub. Daha dəhşətlisi odur ki, Vətən, dövlət, millət, xalq anlayışının fərqinə varmayan həmin qüvvələr antiAzərbaycan dairələrin təsiri altına düşüblər. Şəxsi maraqlarını hər şeydən üstün tutan təxribatçı qüvvələr hətta vətəndaşları itaətsizliyə dəvət edirlər. Təsəvvür edin ki, koronavirus pandemiyasının hər kəsin qapısı ağzında olduğu bir məqamda həmin dağıdıcı qüvvələr dövlətin bu istiqamətdə apardığı mübarizə tədbirlərini heçə endirməyə çalışırlar. Dövlətin, xüsusən, dövlət başçısının bu istiqamətdə atdığı addımları, göstərdiyi təşəbbüsləri az qala vətəndaşlara qarşı yönəlmiş bir hərəkət kimi təqdim etməkdən belə çəkinmirlər. Vətəndaşların sağlamlığı naminə koronavirusa qarşı mübarizə məqsədilə yaradılmış qurumların tapşırıq və tövsiyyələrinə riayət etmək əvəzinə, bu işdə "çəkici bir zindana vurmaq" əvəzinə itaətsizlik nümayiş etdirilər. Bir sıra təxribatçı qüvvələr qəsdən ölkədə tətbiq olunan karantin rejimini pozmağa çalışır ki, qarşıdurma yaransın və   insanlar dövlətdən, iqtidardan narazı qalsın. Bu yaxınlarda Yasamal rayonunda baş verən hadisə deməyə əsas verir ki, sözün həqiqi mənasında vətəndaşlarda polislərə qarşı nifrət hissi oyadan təxribatçı qüvvələr elə öz aramızdadır. Belə olmasaydı, bir bina sakinləri mütəşəkkil şəkildə öz həyatlarını riskə ataraq insnların sağlamlığı keşiyində duran polisə qarşı qanunazidd hərəkətlər etməzdi. Təsəvvür edin ki, sözügedən hadisədən bir neçə gün sonra bəzi bina sakinləri heç bir qadağaya məhəl qoymadan həyətdə nümayişkanə şəkildə "nərd yarışına" çıxıblar. Məqsəd isə polis əməkdaşlarını qıcıqlandıraraq təxribata çəkmək olub. Görünən odur ki, "ilanı seyid əli ilə tutmaq" təcrübəsinə malik  qüvvələr yeni taktika seçiblər. Həmin qüvvələr qanunun aliliyi və demokratiyanın, insan haqlarının beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda ali dəyərlər kimi müdafiə olunması zəminindən istifadə edərək öz məkirli niyyətlərini həyata keçirməyə çalışırlar. Çox təəssüf ki, bu işdə Azərbaycan vətəndaşını çaşdırmaqla onları qeyri-qanuni addımlar atmağa sövq edirlər.  Millət vəkili Tahir Rzayev qeyd edib ki,  hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaq olar, ancaq bu mübarizə xalqın faciəsi üzərində qurulmamalıdır, insanları bəlalara, vətəni uçuruma, böhrana aparmamalıdır. Çox təəssüf ki, bəzi müxalif qüvvələr yarandığı ilk gündən bu yolu, yəni, xalqa, vətənə xəyanət yolunu, qarşıdurmalar, özbaşınalıqlar törətmək yolunu tutublar: "Qurtuluş tariximizi qeyd etdiyimiz bu günlərdə biz o dövrü, Müsavat-AXCP cütlüyünün ölkəni acınacaqlı vəziyyətə saldığı o illəri dönə-dönə xatırlamalı olur və təəssüflənirik. Ancaq nədənsə radikal müxalifət tarixin dərslərindən ibrət götürmür, bu gün də dövlətçiliyimizin, müstəqilliyimizin əleyhinə öz çirkin əməllərini davam etdirirlər. "Milli Şura" adlandırılan saxta bir qurum bu sahədə fərqlənməkdədir və nəinki nailiyyətlərimizdən, inkişafdan narahat olur, hətta insanlarımızın çətinliyə düşməsini, müəyyən faciələrimizi sevinclə qarşıılayır, toy-bayram edirlər. "Milli Şura" ölkədə baş verən zəlzələlərdən, təbii fəlakətlərdən, yanğınlardan, atəşkəsin pozulması və itgilərimizdən, müəyyən cinayət hadisələrindən daimi olaraq siyasi məqsədlər üçün istifadə edirlər. İnsanları itaətsizliyə, qanunsuz mitinqlərə, qarşıdurmalara səsləməklə, ölkədə xaos, özbaşınalıq yaratmağa çalışırlar. Hətta koronavirusdan ölənlərinin sayının artması onlarda sevinc doğurur və bütün hallarda insanları çaşdırmaq yolunu tuturlar. Bu günlərdə dünya bazarında neftin qiymətinin aşağı düşməsi bu bədxahların daha böyük sevincinə səbəb olub. Bununla onlar Azərbaycan xalqının ağır vəziyyətə düşəcəyini zənn edir, hakimiyyətin zəifləyəcəyini, xalqın narazılığının artacağını düşünürlər və belə qənaətə gəliblər. Ancaq Cəmil Həsənli kimi nankorlar bilmlidirlər ki, bu dövlətin bünövrəsi möhkəmdir, xalq-iqtidar birliyi yenilməzdir. Azərbaycanın Cənab İlham Əliyev kimi uzaqgörən, qətiyyətli prezidenti var. O, xaldan dəstək alır və xalq üçün əlindən gələni əsirgəmir, daim insanların sosial rifahının yaxşılaşmasına, müstəqilliyimizin əbədi olmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, vətənin inkişafına çalışır. Neftdən asılılığın aradan qaldırılması üçün görülən mühüm tədbirlər bir çox riskləri aradan qaldırır, gələcək üçün böyük təhlükə yaratmır. Belə olan halda "Milli Şura" üzvlərinin sevinməsinə, toy-bayram etməsinə yer qalmır ki, onlar bunu bilməli və öz havadarlarına da çatdırmalıdırlar. Bilməlidirlər ki, arzuları həmişəki kimi gözlərində qalacaq".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31