Məsuliyyətsizlik, inamsızlıq sindromu və getdikcə artan təhlükə - TƏHLİL
17 İyun 2020 13:12 SiyasətNə qədər gec deyil nəticə çıxarnaq lazımdır
Həqiqətən ölkə üçün çətin günlər yaşayırıq. Hər nə qədər qəbul etməsək, yaxud onu yaxına buraxmaq fikrimiz olmasa da, dünyanı ciddi şəkildə təhdid edən koronavirus pandemiyası lap yaxınlığımızda, ətrafımızda, qohum-qonşularımızdadır. Bəlkə də, özümüz belə bu virusun daşıyıcısına çevrilmişik. Ancaq fərqində deyilik. Ciddyə almırıq. Məhz fərqində olmamağımız, ciddiyə almamağımızın nəticəsidir ki, bu günlər ölkə ərazisində COVİD-19-a yoluxanların sayı yüzlərlə qeydə alınır. Xəstəliyin ilk yayıldığı günlərdə Azərbaycanda koronavirusdan vəfat edən qeydə alınmasa, yaxud həftə ərzində 1, yaxud 2 ölüm hadisəsi baş versə də, indi hər gün ən azı 3-5 vətəndaşımızı bu səbəbdən itiririk. Təəssüflər olsun ki, bu mənfi tendensiya artan xətlə inkişaf edir. Və proses belə davam edərsə Azərbaycanın İspaniya, İtaliya, İranın acı taleyini yaşayacağı qaçılmaz olacaq.
Çoxları bu ərəfədə artan xəstə və ölüm sayının səbəbini dağda, aranda, Turanda axtarmağa üstünlük verir. Elə mən daxil olmaqla heç birimiz baş verənlərdə özümüzü günahkar bilmirik. Düşünürük ki, bu bəlanın öhdəsindən hökumət, dövlət, dövlət başçısı gəlməlidir. Bəziləri hətta əllərinə fürsət keçmiş kimi az qala virusun Çinin Uhan şəhərində meydana gəlməsində də Azərbaycan hakimiyyətini günahkar hesab edir. Ancaq cəmiyyət, vətəndaş olaraq özlərində günah görmür, proseslərin mənfi tendesiyaya doğru istiqamət almasında özlərini təqsirkar hesab etmirlər. Sual oluna bilər ki, bəs o zaman hakimiyyəti, hökuməti nədə təqsirkar hesab edirsən? Hökumət, dövlət COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində daha hansı addımı atmalı idi ki, məhz həmin addımı atmaması səbəbindən hər gün virusa yoluxanların sayı yüzlərlə ölçülür. Əslində cavab birmənalı və netdir. Koronavirus pandemiyasının yayılmağa başladığı ilk gündən Azərbaycan dövləti, hökuməti çox uğurlu qabaqlayıcı addımlar atdı, karantin tətbiq etdi. İzolyasiya tədbirləri gücləndirildi, bütün dövlət qurumları ziyandam minimum hesabla çıxmaq üçün səfərbər edildi. Etiraf edək ki, bu tədbirlərin də kifayət qədər müsbət effekti oldu. Yuxarıda qeyd etdiyim kimi həm virusa yoluxma sayı, həm də ölüm sayında bu fərqi aydın şəkildə görmək mümkün idi. Sonrakı mərhələdə bütün dünyada olduğu, hətta pandemiyanın ən ciddi fəsad törətdiyi İspaniya, İtaliya, digər Avropa ölkələri, cənub qonşumuz İran kimi Azərbaycanda da karantin qaydalarının yumşaldılması prosesinə keçildi.
Ancaq bizlər vətəndaş olaraq nə etdik? Karantin qaydalarının yumşaldılmasından sui-istifadə, qaydalara əməl etməmək, sosial məsafə gözləməmək, adi gigiyenik qaydalara əməl etməmək kimi mənfi addımlar. Qəribəsi odur ki, bütün bunları edə-edə, bununla da cəmiyyətə təhlükə yarada-yarada virusun belə bir sürətlə yayılmasında dövləti, hökuməti günahkar bilirik. Sanki özümüzdə heç bir günah yoxdur. Var, özü də kifayət qədər.
Birincisi, hələ pandemiyanın yayıldığı ilk günlərdə tətbiq edilən sərt karantin günlərində evdə oturmağa maraqlı görünmədik. Onsuz da başıpozuqluğun hökm sürdüyü sosal şəbəkədə ağzımıza və ağlımıza gələni yazdıq. Hətta hökumətdən, dövlətdən qəti şəkildə tələb etdik ki, karantini ləğv et, tökülək küçələrə. Baxmayaraq ki, höklumət evdə qalmağına, bayıra çıxıb virusa yoluxmamana görə, sənə pul da verirdi, hətta lazım gəldikdə ərzaq da. Neçə min ailə həmin dövrdə dövlətin yardımları ilə əhatə olundu, onu hər kəs bilir. Ancaq bütün bunlara baxmayaraq tanrısına təpik atanlar örnəyi dövlətə, hökumətə təpik atdıq, yersiz-yerə küçələrə çıxmağa, kimlərinsə təxribat xarakterli çağırışlarına qoşulub aksiya keçirməyə belə qalxdıq. Buna haqlı olaraq icazə verilmədikdə hakimiyyəti, dövləti, hökuməti şüursuzcasına vətəndaşlardan qorxmaqda ittiham etdik. Və proseslərin, yoluxma hallarınıb azalma dinamikasını nəzərə almaqla bütün dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydalarının nisbətən yumşaldılmasına qərar verildi. Ancaq yenə də verilən qərarlara biz vətəndaş olaraq adekvat münasibət sərgiləmədik. Həbsdən azad olunmuş biriləri misali atdıq özümüzü bayıra, insanların kütləvi olduğu yerlərə. Həm də heç bir sosial məsafə qorumadan, tibbi maskadan istifadə etmədən. Ən adi gigiyenik qaydalara əməl etmədən. Baxmayaraq ki, Cənab Prezident İlham Əliyev, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə bununla bağlı xalqa müraciət etdi, bizləri sosial məsafəni gözləməyə, tibbi maskadan istifadə etməyə çağırdı. Əgər biz bu günkü duruma düşməyimizi istəmirdiksə, elə dövlət başçısının ilk müraciətindən nəticə çıxarmalı idik. Ancaq nə qədər məsuliyyətsiz davranış sərgiləyirik ki, Cənab Prezident təkrar-təkrar xalqına müraciət etmək məcburiyyətində qalır. Dünyanın hansı ölkəsində oxşar situasiya seyr etdiniz. Ayrı-ayrı ölkələrin dövlət və hökumət rəhbərləri yalnız bir dəfə xalqa müraciət edərək vətəndaşlarını ehtiyatlı olmağa, gigiyenik qaydalara əməl etməyə çağırdı. Bu da vətəndaşa dərs oldu. Vətəndaş ondan nəticə çıxardı. Hətta bir sıra Avropa ölkəsində karanin qaydalarının yumşaldılması prosesində vətəndaşlara açıq havada idmanla məşğul olmaq, yürüş etmək kimi icazələr veriləndə, vətəndaş da bizdəki kimi bundan sui-istifadə etmədi. Parklarda, açıq hava məkanlarda yürüş edərkən, idmanla məşğul olarkən belə qoruyucu maskadan istifadə etdi. Ancaq bizdə tamam fərqli situasiya müşahidə edildi. Nəinki açıq məkanlarda, hətta qapalı yerlərdə belə tibbi maskadan istifadə edilmədi, sosial məsafə gözlənilmədi. İlk günlərdə tibbi maska qıtlığı yaranan zaman vətəndaşlar az qalırdı aksiya keçirib, inqilaba qalxsın. Ancaq ölkədə tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayandan və daxili istehsal artandan sonra dövlətə, hökumətə inad edər kimi qoruyucu maska taxmağı özümüzə sığışdırmadıq. Hətta dövlət başçısının qapalı məkanlarda tibbi maskadan istifadə etmə nümunəsindən nəticə çıxarmadıq. Təəssüf olsun ki, bu gün də eyni mənfi tendensiya davam edir. İnsanlar özlərini təhlükə altına atmaqla bərabər, ətrafdakılar üçün də təhıükə yaradırlar. Tibbi maska taxmamaq, adi gigiyenik qaydalara əməl eməməklə. Bəhanələr də müxtəlifdir. Biri nəfəsinin çatışmadığı, bir digəri tamam başqa bir şeyi bəhanə edərək qoruyucu maskadan istifadə etmir. Maraqlıdır ki, belə sərsəm, gülünc səbəblər göstərənlərin böyük əksəriyyəti də hər gün kifayət qədər spirtli içki qəbul edib siqaret çəkənlər, qəlyan qəbul edənlərdir. Təsəvvür edin, 40 dərəcə istidə mədəsini, ürəyini yandıra-yandıra spirtli içki qəbul edir, lakin tibbi maskadan istifadə məsələsi gələndə ürəyinin darıxdığını bəhanə edit. Yaxud siqaret, qəlyan istifadəçiləri də eyni absurd bəhanələr gətirməklə məşğuldurlar.
Ən təhlükəli tendensiya isə bir çoxlarımızın bütün dünyanı bürüyən bu kabusa inanmamasıdır. Baxmayaraq ki, artıq bu ölümcül virus həmin şəxslərin yaxınlarını da cənginə alıb, onlara da zərəri toxunub, neçə-neçə əzizlərini bu virus səbəbindən itirib, lakin hökm sürən inamsızlıq sindromu nəticəni getdikcə daha da pis istiqamətə doğru sürükləyir. Həmin inamsız təbəqə, nə yazıq ki, inamsızlıq sindromunu artırır, virusun yayılması üçün münbit imkan, şərait yaradır. Təsəvvür edin, sosial şəbəkədə virusa tutulduğunu deyən, hər gün yüzlərlə xəstəni tibb müəssisələrinə yerləşdirdiklərini bildirən tibb personalına belə inanmır, bunun yalan olduğunu iddia edirlər. Hər ötən gün və inamsızlıq sindromu isə bizi getdikcə daha təhlükəli məqamlara sürükləyir.
Ona görə də bir daha hər birimiz məsuliyyətli davranmalı, ən adi gigiyenik qaydalara belə əməl etməliyik. Çünki virus indi bizə daha yaxın məsafədədir. Onu özümüzdən, doğmalarımızdan, əzizlərimizdən uzaqlaşdırmaq isə yalnız öz əlimizdədir. Necə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyunun 9-da keçirilən üç modul tipli xəstəxananın açılış mərasimində dövlət başçısının deidyi ki, koronavirus yox olmayıb və ondan qorunmaq bizdən asılıdır: "Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır".
Süleyman İsmayılbəyli
Olaylar.az