Paşinyan iqtidarının sonu yaxınlaşır - ŞƏRH

İşğalçı dövlət olan Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Buna səbəb ölkənin iqtisadi vəziyyətinin tənəzzülə uğraması, koronavirus pandemiyasının yayılması səbəbindən havadarlarının maddi yardım göstərə bilməməsidir. Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında koronavirus pandemiyasına qarşı aparılan mübarizənin effekt verməməsi ölkədə siyasi qarşıdurmanın  daha da dərinləşməsinə səbəb olub. Siyasi ekspertlərin qənaətinə görə, Paşinyanın koronavirusa qarşı mübarizə aparmaq əvəzinə, müxtəlif bəhanələrlə yaxasını kənara cəkməsi insanların qəzəbini   daha da qızışdırıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva bildirib ki, Ermənistan hökumətinin COVID-19 pandemiyasına qarşı mübarizədə vətəndaşlarının səhiyyə və sosial problemlərini həll edə bilməməsi aydındır: "Bu da bir yandan ictimai rəydə Baş Nazir Nikol Paşinyana qarşı narazılıq yaradır; digər yandan, müxalifət cəbhəsindən ciddi ittihamları genişləndirir. Maraqlıdır ki, ittihamlar siyasi müstəvidə və pandemiyaya qarşı mübarizədə hökumətin gördüyü tədbirlərin yetərsiz olması ilə yanaşı, daha çox Paşinyanın şəxsinə yönəlikdir. O Paşinyanın ki, populist vədlərlə hakimiyyətə gəlmişdi; o Paşinyan ki, demokrat libaslı olsa da, işğalçı zehniyyətli olduğu hər halından bəllidir. Beləliklə, nələri müşahidə edirik? İşğalçıların sabiq prezidenti Serj Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Baş Nazir Paşinyanın siqaret, brilyant qaçaqmalçılığı və silah alveri ilə məşğul olduğunu bildirib. Minasyanın hökumətə qarşı münasibətinin kəskinləşməsində əsas amil Serj Sərkisyanın kürəkəni olmasına görə hökumətin ona qarşı "qanunsuz gəlir əldəetmə" ittihamı ilə cinayət işi başlaması, məhkəmə tərəfindən haqqında həbs qətimkan qərarının alınması, habelə, "Müqəddəs Qriqori" Tibb Mərkəzinin baş həkimi Ara Minasyanın işdən çıxarılması olub. Xatırladaq ki, Sərkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası (ERP) Paşinyana təzyiqlərini son vaxtlar xeyli artırıb və kürəkən Minasyan ERP-nin Avropadakı ruporu kimi çıxış edir". Qənirə Paşayeva qeyd edib ki, Ermənistanda siqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret olaraq, Paşinyanın qardaşı oğlu, qayını və Dövlət Gəlirləri Komitəsinin sədr müavini tərəfindən idarə edilir. Onun sözlərinə görə, Paşinyan şəxsi düşmənçilik zəminində sabiq prezident və onun ətrafına siyasi-inzibati təzyiqləri gücləndirir: "Təbii, qarşı tərəf də buna müxtəlif iddialarla cavab verir. Minasyan Paşinyan iqtidarının sonunun yaxınlaşdığını, onun populist çıxışlarla artıq ölkəni idarə edə bilmədiyini və bu səbəblə də beynəlxalq mafiya şəbəkəsi ilə işbirliyi içində olaraq, ən qısa zaman kəsiyində, qaçaqmalçılıq yolu ilə şəxsi sərvətini artırmağa çalışdığını qeyd edib. Ötən ayın ortalarında Rusiya Federasiyasının Voronej şəhərində Ermənistandan qaçqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib. Rusiya mətbuatı məsələ ilə bağlı konkret şəxslərin adını çəkməsə də, Minasyan müsadirə edilən siqaretlərin Paşinyanın qardaşı oğlu Sipan Paşinyana aid olduğunu bildirir. Qeyd edək ki, Sipan Paşinyan Mənim Addımım Blokundan millət vəkil seçilib. Minasyan qeyd edir ki, siqaretlərin son ixrac nöqtəsi Əfqanıstan kimi göstərilsə də, rəsmilər malın Voronej şəhərində necə ələ keçdiyini və müsadirə edildiyini izah edə bilmir. Siqaret qaçaqmalçılığı ilə bağlı Sipan Paşinyana Nikol Paşinyanın həyat yoldaşı Annanın rəfiqəsi - Dövlət Gəlirləri Komitəsinin sədr müavini Şuşan Nersisyan və Paşinyanın qayını - Mənim Addımım blokundan deputat seçilmiş Hraçya Akopyan köməklik edib. Necə deyərlər, qaçaqmalçılıq - bəlli, adlar - bəlli, yollar və yolsuzluqlar - bəlli... Bəli, Minasyan qeyd edir ki, Voronejdə müsadirə edilən siqaretlərlə bağlı cinayət işi açılmaması üçün Paşinyan öz müşaviri - general Arşak Karapetyanı təcili olaraq Rusiyaya göndərib və müəyyən müzakirələr aparılıb. Minasyan Karapetyanın tərcümeyi-halı haqqında da maraqlı məlumat verir və onu "vurulmuş kadr" kimi təqdim edir. Pandemiya ilə bağlı hər iki ölkədə karantin rejimi olduğu üçün general Karapetyanın sadə vətəndaş kimliyi ilə xaricə çıxmasının mümkün olmadığı və məhz rəsmi kimliklə ölkəni tərk etdiyini deyən Minasyan Karapetyanın Rusiyaya səfəri haqqında hökumətin rəsmi internet səhifəsində heç bir məlumat verilmədiyini bildirib. O, Paşinyanın erməni ictimai rəyində əsl kimliyini formalaşdırmaq üçün Karapetyanın kim olduğu haqqında əlavə bilgilər verir".

Millət vəkili qeyd edib ki, general Karapetyan 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan ordusunun Kəşfiyyat İdarəsinin başçısı olub və bu hadisədən sonra - hadisə barəsində öncədən gərəkli kəşfiyyat informasiyası təmin edə bilməməkdə (və vəzifəyə yararsızlıqda) ittiham edilərək, vəzifədən uzaqlaşdırılıb: "Yeri gəlmişkən, Karapetyan hazırda Baş Nazirin müşaviridir və bu fakt Minasyanın arqumentlərini gücləndirir. Və bütün bu olaylar Azərbaycanın ardıcıl beynəlxalq həmlələri ilə müşayiət olunur... Minasyan cari ilin 31 may tarixində yayımladığı video-müraciətdə Paşinyanın tütün və brilyant qaçaqmalçılığından başqa beynəlxalq silah qaçaqmalçılığı ilə bağlı da məlumat verib. Bu cinayət beynəlxalq təhlükəsizlik problemidir - artıq ölkə sərhədlərini aşır və heç şübhəsiz, beynəlxalq ictimaiyyəti də düşündürməli olan yetərincə ciddi iddiadır. Bu iddianın bir ayağı da "demokrat libaslı" Baş Nazirin əliqanlı sələflərinin yolu ilə gedərək, Azərbaycan torpaqlarını işğal altında tutmaqda davam etməsi ilə təsbit olunur: işğal altındakı ərazilər qanunsuz dövriyyələr, o cümlədən narko-ticarət üçün əlverişli yer sayılır və bu barədə Azərbaycan rəsmi orqanları dəfələrlə beynəlxalq ictimaiyyəti bilgiləndirib. Kim deyə bilər ki, Minasyanın iddiaları doğrulunca, qanunsuz silah, brilyant, siqaret və s. dövriyyəsinin ən önəmli marşrutlarının işğal altındakı ərazilərdən keçdiyi təsdiq olunmayacaq? Ona görə də Ermənistan işğalına son verilməsi ilk növbədə Azərbaycanın maraqlarına uyğunsa da, bu, beynəlxalq təhlükəsizlik və bölgə istiqrarı üçün də önəm kəsb edir". Komitə sədri Minasyanın dediklərinə qayıdaraq bildirib ki, onun qeydlərinə görə, silah alverində mexanizm belə qurulub: "Paşinyan Müdafiə Nazirliyi vasitəsilə David Qalstyana Ermənistan Respublikası adına silah alma səlahiyyəti verib. Ermənistanın Rusiyadan daxili bazar qiymətinə silah alma imkanına sahib olmasından yararlanan Paşinyanın adamı Qalstyan Ermənistan üçün alınacaq silahlarla bağlı müvafiq müqavilə sənədlərini imzalayır, daha sonra offşor zonadan ödənən pulla Qalstyanın aldığı silahlardan 60 faizi Ermənistana gətirilir, geri qalan 40 faiz silah isə Ermənistana gətirilmədən, üçüncü ölkəyə, oradan da dördüncü ölkəyə satılır. Bu silahlar istifadə edilincə, əlbəttə, harada və hansı dövlət tərəfindən istehsal edildiyi, hansı dövlətə satıldığı haqda məlumatlar müvafiq bazadan öyrənilir. Rusiya Paşinyan-Qalstyan cütlüyünün bu əməliyyatından xəbər tutan kimi Qalstyanı ölkəsində "arzu olunmayan şəxs" elan edir və on il Rusiyaya girməsinə qadağa qoyur. Özü də "demokrat libaslı" Paşinyanın silah qaçaqmalçılığında adi silahların deyil, zenit-raket komplekslərinin də olduğu haqqında ciddi iddialar var. Minasyanın iddiaları və ittihamları ilə bağlı hökumət hələlik rəsmi açıqlama verməsə də, bu, erməni ictimai rəyində Paşinyanın mövqelərinə ciddi zərbələr vurmaqdadır. Özəlliklə, pandemiya dövründə hökumətin aldığı tədbirlərin yetərsiz olduğu, yoluxmaların sayının ədədi silsilə üzrə artdığı, buna paralel olaraq, insanların hökumətə etibarının azaldığı bir dövrdə bu, Paşinyan üçün ciddi problemlərdən biri kimi qəbul edilə bilər".

Qənirə Paşayeva hesab edir ki, bu və bir çox başqa səbəblər işğalçı ölkədə hökumət böhranını dərinləşdirə və hakimiyyət uğrunda mübarizəni gərgin fazaya keçirə bilər: "Pandemiyaya qarşı mübarizədə istədiyi sonucu ala bilməyən işğalçı ölkə hökuməti 8 iyun 2020-ci il tarixində böhranın ilk əlamətlərini yaşayıb. Belə ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və polis rəisi Arman Sərkisyan eyni gündə istefa məktublarını Prezident Armen Sərkisyana təqdim edib. Eyni gündə üç güc strukturu rəhbərinin istefa etməsi, əlbəttə, təsadüf sayıla bilməz və bu, Paşinyana ciddi xəbərdarlıqdır. Xatırladaq ki, Eduard Martirosyan cəmi üç ay öncə Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunmuşdu - bu qısamüddətli direktorluqdan istefanın özü durumun ciddiliyindən, Paşinyan hökumətinin qeyri-ciddiliyindən xəbər verir. İstefa verən yüksək rütbəli məmurların müxalifət cinahında yer alma ehtimalı da istisna deyil. Bu arada Ermənistanda oliqarx siyasətçi - Çiçəklənən Ermənistan Partiyasının başçısı Qagik Çarukyan da xeyli fəallaşıb. "Çiçəklənən Ermənistan" Partiyası parlamentdə ikinci böyük fraksiyanı təşkil edir. O, Baş Nazirin istefasını tələb edən siyasi cinaha yaxınlaşıb və hökumətin tam tərkibdə istefa etməsi gərəkdiyini bildirməklə Paşinyana meydan oxuyur. Paşinyan isə artıq Çarukyana qarşı total və qeyri-sivil hücuma start verib. Ötən gün Paşinyanın birbaşa göstərişi ilə Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində səbəb göstərilmədən yoxlamalara başlayıb, Çarukyan isə saxlanılaraq MTX-yə gətirilib. Ona ittiham irəli sürülmədən saxlanılması və sorğuya çəkilməsini ölkədə siyasi repressiya sayan insanlar, o cümlədən Çiçəklənən Ermənistan Partiyasının deputatları isə aksiyaya çıxıblar. Aksiya zamanı polis müdaxiləsi ilə aralarında deputatlar da olmaqla, çoxsaylı insan xəsarət alıb. Bu gün isə məlumat yayılır ki, Q.Çarukyana qarşı MTX-nin keçirdiyi əməliyyatın səbəbi onun qanunsuz fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar civarında "ziyan" dəyməsidir.Görünür, Paşinyan həm siyasi rəqibini sıradan çıxarmaq, həm də boşalan büdcəyə qeyri-sivil üsullarla vəsait cəlb etməyi hədəfləyib".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31