MVP rəsmisi: “Avropa Parlamentinin bəyanatından digər beynəlxalq təşkilatlar da örnək götürməlidir”
14 İyun 2020 16:30 Siyasət"Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yeni magistral yolun çəkilişi fəaliyyətlərinə Avropa Parlamentinin etiraz əlaməti olaraq bəyanat qəbul etməsi rəsmi Bakının növbəti diplomatik uğurudur". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli avroparlamentarilərin bəyanatına münasibət bildirərkən səsləndirib. Partiya rəsmisi hesab edir ki, dünyada, beynəlxalq aləmdə, xüsusilə də Avropa məkanında Azərbaycanın mövqeyindən çıxış edən bəyanatların, açıqlamaların verilməsi ölkə prezidentin Cənab İlham Əliyevin uğurlu xarici siyasət kursu və erməni yalanlarını ifşa edən fəaliyyətlərinin məntiqi nəticəsidir: "Milli Vəhdət Partiyası hesab edir ki, Avropa Parlamentinin məlum bəyanatı eyni zamanda ədalətin, beynəlxalq hüquq və prinsiplərə hörmətlə yanaşmağın sübutudur. Bildiyimiz kimi, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti 10 iyun 2020-ci ildə Ermənistanın işğalçı siyasətinə qarşı ədalətli və mühüm sənəd qəbul edib. Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar. Bəyanatda qeyd edilir ki, Azərbaycanın işğal altında olan ərazilərində yeni magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və bununla da beynəlxalq hüquq pozulub".
MVP-nin sədr müavini qeyd edir ki, bəyanatda əksini tapan "Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan" ifadəsi Dağlıq Qarabağın separatçı qurum tərəfindən idarə edildiyi anlamını verir: "Bəyanatda əks olunan "beynəlxalq hüquq pozulub" ifadəsi də Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğala məruz qaldığı faktını təsdiqləyir. Avropa Parlamenti haqlı olaraq ərazilərimizin işğala məruz qalmasını beynəlxalq hüquq normaları və prinsiplərinə zidd hesab edir".
Süleyman İsmayılbəyli daha sonra qeyd edib:
"Avropa Parlamentinin məlum bəyanatı dünyanın, eləcə də Avropanın digər siyasi təsisatları, qurumları üçün bir örnək olmalıdır. Avropa Parlamentinin siyasilərinin hazırladığı bəyanat bu ilin mart ayının sonlarında ermənilərin işğal altında olan ərazilərimizdə yaratdıqları separatçı rejimdə keçirdikləri qondarma seçkilərə səssiz qalan, bu qeyri-qanuni hadisəyə heç bir reaksiya bildirməyən Avropa Şurası və onun Parlament Assambleyasına əslində bir dərsdir. Avropa Şurası və onun Parlament Assambleyası avroparlamentarilərin bu bəyanatından nəticə çıxarıb işğalçının qeyri-qanuni əməllərinə hüquqi qiymət verməlidir. Eyni zamanda Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərilərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri də avroparlamentarilərin bəyanatından çıxış edərək işğala məruz qalanla, işğalçı arasında fərq qoymalı, Ermənistanı qeyri-qanuni əməllərindən, işğal altında olan ərazilərimizdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırm siyasətindən çəkinməyə dəvət etməlidir. Eyni zamanda Minsk qrupu Yerevana təzyiq göstərərək onu danışıqlar masasına oturtmalıdır".