Mayis Səfərli "Polisə atılan çamur dövlətə qarşı qanunazidd hərəkətdir"
14 İyun 2020 14:22 Siyasət"Koronavirusa yoluxmalarla bağlı son günlərin statistikası narahatedicidir. Onun yayılma sürəti və coğrafiyası hökuməti yenidən hərəkətin məhdudlaşdırılması ilə bağlı sərt addımlar atmağa məcbur edir". Bunu Olaylar a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, infeksiyanın baş alıb getməsinin əsas səbəbi vətəndaşlarımızın çoxunun epidemioloji vəziyyətin diktə etdiyi şərtlərə əməl etməməsidir. Dövlətimiz Covid - 19 pandemiyası ilə mübarizədə bütün resurslarını səfərbər etsə də, bəzi insanların məsuliyyətsizliyi, tətbiq olunan qaydaların yerinə yetirməməsi vəziyyəti ağırlaşdırmaqdadır. Ən təəccüblüsü də budur ki, hökumətin insanlarımızın həyat və sağlamlığının qorunmasına istiqamətlənmiş qərarlarının yerinə yetirilməsini təmin edən polisimizə qarşı ayrı-ayrı fərdlər tərəfindən neqativ davranışlara yol verilir. Bir neçə gün bundan öncə - qapanma zamanı, paytaxtın Yasamal ərazisində qanun keşikçilərinə balkondan zibil atılması, bütün cəmiyyətin hiddətinə səbəb olmuşdur. Ara-sıra sosial şəbəkələrdə daxili işlər orqanları əməkdaşlarına qarşı aparılan qara piar kampaniyası da polislə cəmiyyət arasında nifaq salmağa hesablanmış çirkin əməllərdir. Unutmaq lazım deyil ki, Azərbaycan polisi pandemiyanın ilk günlərindən fədakar tibb işçilərimizlə bərabər mübarizənin ön sıralarındadırlar. Polisə atılan çamur - dövlətə, xalqa qarşı qanunazidd hərəkətdir.
Ümumiyyətlə,müstəqillik tariximizdə ölkədə ictimai asayişin qorunmasında, sabitliyin əldə olunmasında və möhkəmlənməsində milli polisimizin, təhlükəsizlik orqanlarımızın xidməti böyükdür. Millətimiz və dövlətimiz qarşısında vəzifə borclarını şərəflə yerinə yetirən polisimizə təşəkkür etmək hər birimizin borcudur.