Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı - Siyasət
12 İyun 2020 13:39 SiyasətVə Ermənistana vurulan növbəti "hüquqi sillə"
Azərbaycan dövlətinin Qarabağ cəbhəsində son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursu beynəlxalq aləmdə həm bu məsələdə ölkəmizin mövqelərinin möhkəmlənməsi, həm də erməni yalanlarının puça çıxarılması, bu ölkənin dünya birliyində işğalçı, terroçu, faşizm və separatizmə dəstək verən bir dövlət kimi tanınmasında mühüm amillərdən birini təşkil edib. Xüsusilə, Azərbaycan Respublikasının Preezidenti İlham Əliyevin ötən il və cari ilin ilk aylarında mühüm beynəlxalq tədbirlərdə, tribunalarda, dəyirmi masa və müzakirələrdə Ermənistanın işğalçı siyasətini üzə çıxarması, tarixi faktlarla bunu sübuta yetirməsi Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi, rəsmi Bakıyla bu məsələdə həmrəylik nümayiş etdirilmə kimi müsbət tendensiyalara yol açıb. Bu sırada Avropanın bir sıra siyasi təsisatlarının da olması demək olar ki, Azərbaycan üçün diplomatik uğur sayıla bilər. Bunun bariz nümunəsi kimi Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı yaydıqları birgə bəyanatı qeyd etmək yerinə düşər. Qeyd edək ki, ilk növbədə belə bir bəyanatın hazırlanması və yayılması öz növbəsində müsbət addımdır. Xüsusilə, bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsinin işlədilməsi, onu deməyə əsas verir ki, Avropa təsisatları tərəfindən Azərbaycan ərazilərinin işğal faktı təsdiqini tapır. Eyni zamanda bu Ermənistanın işğalçı ölkə kimi tanınması deməkdir. Ümumiyyətlə, əksər Avropa institutları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Bununla bağlı ötən illər ərzində Avropanın müxtəlif təsisatlarının oxşar bəyanatları, qərarları olub. Bu sıraya AvroNest, GUAM, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. təşkilatların oxşar sənədlərini əlavə etmək olar.
Məlumat üçün qeyd edək ki, bəyanat Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini göstərir, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır.
Bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyytalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduöunu müşahidə edir.
Millət vəkili Sədaqət Vəliyeva hesab edir ki, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti "hüquqi sillə" oldu: "Çünki həmin bəyanatla Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bəyanatda magistral yolun çəkilişi ilə əlaqədar Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almamasının beynəlxalq hüququn pozulması kimi əks olunması ilə Avropa İttifaqı faktiki olaraq Dağlıq Qarabağın həm coğrafi, həm də siyasi-hüquqi sahibi Azərbaycanın olduğunu qəbul etdi. Ermənistanın Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişinə cəhd göstərməsi bir neçə faktordan irəli gələ bilər. Hərkəs bilir ki, Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar nəzarətə götürülüb. Bu mənada, Ermənistan xeyli xərc çəkib yeni yol çəkməklə hərbi manevr etməyə, qanunsuz məskunlaşdırmanı davam etdirməyə, təbii sərvətləri talan etməyə, istismarına, daşınmasına, narkotik tranzitinin gücləndirilməsinə nail olmağa cəhd edə bilər. Ümumən, üçüncü magistral yolun çəkilməsi cəhdləri bir daha Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətinin möhkəmləndirməsinə və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirməsinə hesablanıb. Bu səbəbdən də, Ermənistanın bu cür qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır". Millət vəkili deyib ki, beynəlxalq hüquq Azərbaycan haqq işini dəstəkləyir və müdafiə edir: "BMT TŞ-nin qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin üzvlərinin qətnamə və bəyanatları işğalçı ölkəyə ünvanlanmış konkret çağırışdır və tələbdir. Amma bütün bunlarla yanaşı dünya dövlətləri də, xüsusilə ikili standartlı siyasət yürüdənlər, hüququ istismar edənlər də ortaya mövqe qoymalıdırlar. Artıq zamanıdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, beynəlxalq öhdəliklərini pozduğu üçün işğalçı ölkə cəzalandırılmalıdır.
Ermənistanın qeyri-qanuni hərəkətləri, magistral yol çəkilişi cəhdləri müharibə səbəbi də ola bilər. Əgər bölgədə hərbi vəziyyət gərginləşərsə, bunun məsuliyyəti əlbəttə ki, Ermənistanın üzərində olacaq. Ona görə də, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar müharibə təhlükəsini nəzərə alaraq Ermənistanın təxribatçı əməllərinə cavab olaraq pereventiv addımlar atmalıdırlar".
Məhəmməd
Olaylar.az