Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb - TƏHLİL

Azərbaycan dövləti COVID-19 pandemiyasına qarşı ən təkmil mübarizə vasitələrindən istifadə edir. Xüsusilə ixtisaslaşmış xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchizatı və yeni modul tibli xəstəxanaların inşası bu bəşəri bəlaya qarşı mübarizədə əsas faktordur. Millət vəkili Sədaqət Vəliyeva deyib ki, bu mənada bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə daha üç modul tipli xəstəxananın açılışı olub. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir. Millət vəkilinin sözlərinə görə, koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir: "İlk belə xəstəxana isə mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Bundan sonra da quraşdırılması nəzərdə tutulan 6 modul tipli xəstəxanalar ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Açılışda çıxış edən ölkəmizin başçısı bildirib ki, koronavirusla mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Bəli, Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək". Sədaqət Vəliyeva qeyd edib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır: "Koronavirus pandemiyasına qarşı mübarizədə müasir laboratoriyaların fəaliyyəti də bu bəlaya qarşı önləyici tədbirlərin görülməsində mühüm şərtdir. Bu gün ölkəmizdə pandemiya ilə mübarizə üçün 20-dən çox laboratoriya mövcuddur. Bunlarla bərabər, karantinə alınan xəstələrə də ciddi tibbi nəzarət həyata keçirilir. Hətta ən müasir klinikalarla bərabər, beşulduzlu otellər də koronavirusa yoluxmuş və karantinə alınmış xəstələrin ixtiyarına verilib. Bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Ölkəmizin başçısının vurğuladığı kimi, Azərbaycanda koronavirusa qarşı aparılan geniş və səmərəli mübarizənin bir məqsədi var - insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək.Sevindirici haldır ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan pandemiya dövründə də əhalinin maddi sıxıntı çəkməməsi üçün də böyük işlər gördü".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi: "Belə ki, 3,5 milyard manatlıq sosial-iqtisadi paketdə dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənildi. Özəl sektorda çalışan 700 min insanın maaşının əhəmiyyətli hissəsi ödənildi. 600 min insana 2 ay müddətində hər ay 190 manat maliyyə vəsaiti verildi. 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir. Sahibkarlara maliyyə yardımları və müxtəlif güzəştlər edildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edildi. 29 dövlətə, 3 beynəlxalq təşkilata müxtəlif formada yardım göstərildi. Tibbi ləvazimat, maska və qoruyucu kombinezonlar istehsal edən 2 zavod açıldı. Virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanalar inşa edildi. Ölkədə heç bir sosial layihə təxirə salınmadı. Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin növbəti təntənəsidir desək, heç də yanılmarıq. Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması pandemiya dövründə də davam etdirilib. Bütün bunların isə bir məqsədi var idi - ölkə əhalisini pandemiyadan qorumaqla dövlətimizi bu bəladan ən az zərərlə çıxarmaq". Sədaqət Vəliyeva onu da qeyd edib ki, koronavirus pandemiyası ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür: "Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir, ayaqüstə alqışlayır. Ölkəmizdə koronavirusdan ölənlərin sayının azlığının dövlətin atdığı qabaqlayıcı addımların, həkimlərin peşəkarlığı və fədakarlığı hesabınadır. Halbuki, ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və orada hər gün yüzlərlə insan vəfat edir. Amma başqa vaxt həmin inkişaf etmiş ölkələrin "qabaqcıl" səhiyyə sistemindən ağızdolusu danışılırdı. Lakin qlobal bir sınaq hansı dövlətin və xalqın nəyə qadir olduğunu, hansı keyfiyyətləri özündə daşıdığını nümayiş etdirdi. Dövlətimizin qüdrəti və həkimlərimizin peşəkarlığı heç kəsdə rahatlıq yaratmamalı, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını, həmçinin cəmiyyətimizi qorumaq üçün sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna dəvət etməlidir. Dövlətimizin dəstəyi, həkimlərimizin səyləri nəticəsində Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaqdır".

Millət vəkili Pərvin Kərimzadə isə deyib ki,  müasir dünyamızın qlobal probleminə çevrilən  koronavirus infeksiyası həyatımıza yeni şərtlər, qaydalar gətirdi. Onun sözlərinə görə, öz acı fəsadları ilə bəşəriyyəti təhdid edən koronavirus (COVID-19) təhlükəsi dünyanın bir parçası olan Azərbaycandan da yan keçmədi: "Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezidentimiz İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoydu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə Başçımızın, Birinci vitse-prezidentimizin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyini, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu. Yeni növ koronavirus (COVİD-1) pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrildi. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır" fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu. Ən əsası isə Azərbaycan xalqının milli həmrəyliyi bu təhlükəli infeksiyaya qarşı mübarizədə bir daha nümayiş etdirildi". Deputat deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan daha üç modul tipli xəstəxananın açılışı ölkəmizdə koronavirusa qarşı mübarizənin nə qədər səmərəli olduğunu göstərdi: "Ölkə Prezidenti xəstəxananın açılışında həkim kollektivi ilə görüşü zamanı çıxışında dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha vurğuladı: "Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik". Ölkəmizdə pandemiya ilə mübarizə sahəsində görülən bütün tədbirlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti altında olması Azərbaycanı öz vətəndaşlarının sağlamlığının qorunması baxımından nümunəvi dövlətlər sırasında yer almasına səbəb oldu".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31