Ermənistan növbəti dəfə ifşa olundu - TƏHLİL
12 İyun 2020 11:13 SiyasətAvropa təsisatları tərəfindən işğal faktı təsdiq olunur
Azərbaycanın həyta keçirdiyi uğurlu xarici siyasət öz bəhrəsini verməkdədir. Beynəlxalq təşkilatlarla aparılan diplomatik danışıqlar artıq həmin təsisatların mövqeyində ciddi dəyişikliyə səbəb olub. Xüsusən, Ermənistan tərəfinin Azərbaycanın Dağlıq Qarabağ ərazisində həyata keçirdiyi qeyri-qanuni fəaliyyət ifşa olunaraq işğalçı dövlətin əsil xisləti ortaya qoyulub. Xatırladaq ki, Xarici İşlər Nazirliyinin hələ 2016-cı ildə hazırladığı "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabatı, eləcə də 2019-cu ildə Azərbaycan XİN və "Azərkosmos" ASC tərəfindən hazırlanmış və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlarda işğalçı ölkənin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti təsdiq edən kifayət qədər dəlillər göstərilib. Bu dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də təbii sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistanın nəqliyyat məntəqəsi rolunu oynadığını üzə çıxarır. Artıq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb. Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. "Keçən il yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq", birgə bəyanatda deyilir.
Məsələyə Xarici İşlər Nazirliyi də münasibət bildirib. Qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər. MilliMəclisin depuatı Məşhur Məmmədov bidirib ki, Ermənistan Baş nazirinin Kafan - Hadrut avtomobil yolunun tikiləcəyi haqqında ictimaiyyətə açıqladığılayihə sülhə və sabitliyə əngəl yaradır. Bunun çox böyük əngəl olduğunu nəzərə alan Avropa Parlamentinin Bəyanatı sıradan bir iş deyil. Məqsəd Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasısının beynəlxalq hüquqa zidd olmasını göstərmək idi. Onun sözlərinə görə, bəyənatda Ermənistanın növbəti dəfə beynəlxalq hüquqları pozduğunu vurğulanıb: "Ermənistan yenə də hüquqları pozmaqla məşğuldur. Ancaq Avropa Parlamenti Ermənistanın bu addımının sülh çağırışlarının əleyhinə olduğunu bildirib. Ermənilər hər dəfə sülh balansını pozmağa can atırlar. Ancaq nəticəsi də bəllidir. Növbəti Bəyanat onu deməyə əsas verir ki, Avrop Parlamentinin Qarabağla bağlı ciddi və vahid mövqeyi var. Hesab edirəm ki, Ermənistan öz işğalçılıq siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi. Avropa Parlamentinin məsələyə hüquqi və siyasi rəy verməsi onu göstərir ki, münaqişənin həllini ləngidən riyakarlıq halları avropalı siyasətçilərin diqqətindən yayınmayıb". Məşhur Məmmədov Avropa Parlamentinin bu cür ədalətli mövqe sərgiləməsindən ölkə başçısının nüfuzunu xüsusi qeyd edib: "Cənab İlham Əliyevin uğurlu xarici siyasəti bu məsələdə zəruri elementlərdən biridir. Hər dəfə ölkə başçısının səsləndirdiyi fikirlər, qətiyyətli mövqe nümayiş etdirməsi, eləcə də, Dağlıq Qarabağ məsələsində daha kəskin çıxışlar etməsi hər kəsə bəllidir. Bütün bunlar Azərbaycan rəhbərliyinin uzun illər ərzində apardığı konstruktiv, təmkinli və ardıcıl siyasətinin nəticəsidir".
Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanın artan nüfuzu, qlobal beynəlxalq problemlərin həllindəki təşəbbüslərü öz sözünü deməkdədir. Artıq beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə vararaq ədalətli mövqedən çıxış edirlər. Başqa sözlə, Avropa institutları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. Bu fikri Avropa təsisatlarının son illərdə sözügedən münaqişə ilə bağlı qəbul etdiyi qərar və bəyanatlar bir daha təsdiq edir. Avropa institutlarının mövqeyində müşahidə olunan dəyişiklik ondan ibarətdir ki, Ermənistanın işğalçı dövlət olduğu etirf edilməkdədir. Elə sözügedən bəyanata da "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsi işlədilməsi Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir. Konkret olaraq bəyanat Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyət həyata keçirildiyini göstərir, infrastrukturu dəyişdirmək cəhdlərinin yolverilməzliyini diqqətə çatdırır. Avropa təsisatları, beynəlxalq ictimaiyyət artıq görür və əmindirlər ki, Ermənistan infrastrukturu dəyişdirməyə cəhd göstərməklə və qeyri-qanuni məskunlaşdırma həyata keçirməklə işğalın nəticələrini qanuniləşdirmək istəyir. Bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyytalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu da öz mövqeyini ortaya qoymalı, işğlçı dövləti öz adı ilə çağırmalıdır. Yalnız bu halda Minsk qrupunun həmsədrləri ədalətli mövqe nümayiş etdirərək, problemin dayaq nöqtəsindən tərpənməsinə təkan vermiş olarlar.
Alim
Olaylar.az