"Müsavat və AXCP arasında qisasçılıq, kin və nifrət duyğusu yeni məsələ deyil"

"Müsavat və AXCP arasında qisasçılıq, kin və nifrət duyğusu yeni məsələ deyil". Bunu    Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olanda da düşmən idilər, müxalifət statusunda fəaliyyətə başlayananda da. Onların başqa bir adı da var idi, bugün də var- mehriban düşmənlər! Bəzən mehribanlıq kəlməsi ortadan qalxır: "Aralarındakı kobud rəftar, bir-birinə qarşı güvənsizlik, sərt ittihamlar, bir-birini vahid komandada görməmək halları dəfələrə bütün çılpaqlığı ilə cəmiyyətin gözü önündə baş verib. Ümumilikdə müxalifət düşərgəsində siyasi ədavətdən saxta dostluğa, zahiri qardaşlığa transfer edib, sonra yenidən ədavətə, kinə sarılmaqlar ənənə halını alıb...

Bunları xatırlatmağımıza səbəb AXCP Rəyasət Heyətinin onlayn iclasının sosial şəbəkələrdə yayılan son görüntüləridir. İclas, eynən Milli Şuranın onlayn toplantılarında olduğu kimi qeybətlə, təhqirlə zəngindir. AXCP Rəyasət Heyətində müsavatçılar "ləyaqətsiz", "həyasız", "şərəfsiz", "dabandaşı", "çaqqal" kimi sözlərlə aşağılanır. Məsələnin kökünə baxanda məlum olur ki, jurnalistlərdən biri hansısa status paylaşıb və müsavatçılar həmin statusun altında səfərbərlik nümayiş etdirərək çəbhəçilərin xətrinə dəyən nələrsə yazıblar. AXCP-nin Rəyasət Heyətində olanlar o qənatə gəliblər ki, Müsavat yaranmış vəziyyətdən yararlanıb önə çıxmaq istəyir. Əslində buna demək lazımdır qısqanclıq!

Bu qeybətlə zəngin yığıncağa reaksiya verməmək də olardı. Amma hakimiyyətə iddialı olan qüvvələrin, sadəcə bir jurnalistin statusundan alovlanan qisasçılıq həvəsi bir çox mətləblərdən xəbər verir.

Birincisi, bir daha sübut olunur ki, müxalifət hələ də cılız hisslərin buxovunda sürünməkdədir.

İkincisi, müxalifətin iclaslarında heç bir ciddi məsələ müzakirə olunmur. Gah lətifə danışırlar, gah kiməsə şəbədə qoşurlar, gah da öz həmkarlarını xoruz səsi eşitməyən ifadələrlə təhqir edirlər. Bu qrup hər addımda özlərini hakimiyyətə ən real, ciddi qüvvə kimi sırımaqla, guya daima nələrsə müzakirə etdiklərini, ölkənin problemləri ilə bağlı xüsusi alternativ proqramlar işlədiklərini göstərməyə çalışırlar. İllərdir ki, bu minvalla yol gəlirlər.

Pandemiya dövründə istər AXCP sədri Əli Kərimlinin diktəsi ilə idarə olunan Milli Şuranın, istərsə də Cəbhənin keçirdiyi onlayn iclasların görüntüləri indi bu düzəni pozmaqdadır. Görüntülər isbat edir ki, bu adamların rəsmi iclasları belə çayxana söhbətləri ilə keçirmiş. Millət hansı seriala baxır, müxalifətdən kimlər nəyə oxşayır, sosial şəbəkədə süni təbliğatı necə şişirtmək olar və s-heç bir ciddi məsələ müzakirə predmeti deyil.

Əslində gözlənilən mənzərədir, çünki ciddi fəaliyyət üçün nə potensialları, nə də bacarıqları var. İndiyə qədər ancaq qarayaxma yolu ilə özlərinə radikal müxalifət imici yaradanların, reallıqda nə "mal" olduqları tam çılpaqlığı ilə ortadadır. Görüntülər o həqiqəti də bir daha qabardır ki, ümumiyyətlə müxalifətin bu kəsiminin ölkənin taleyi ilə bağlı heç bir ciddi alternativ siyasəti mövcud deyil. Yaratdıqları sadəcə görüntü imiş. AXCP sədrinin ətrafı maraqlı lətifə bilən, yaxşı qeybət bacaran, leksikonunda təhqiri zəngin, bekar adamlardan o tərəfə keçmir. Yığışırlar bir yerə, lağlağı edib gedirlər, guya sosial şəbəkələrdə "fırtına" yaradırlar...

Hiss olunur ki, ən zəif dönəmini yaşayan müxalifətdə birinci olmaq sevdası hələ də sönməyib. Bu düşərgədəki intriqalar qəzet səhifələrindən sosial şəbəkələrə daşınıb. İç qruplaşmaların intriqalarına əsir düşən, müxalifətdə birinci olmaq ambisiyasını kənara qoymayan liderlər özlərinin drijor çubuğuna tabe olan sosial şəbəkə səhifələrində bir-birlərini təhqir etməklə məşğuldurlar. Beləliklə, sosial şəbəkə Müsavat və AXCP münasibətlərində keçmişdəkiləri ortaya tökmək üçün yeni müstəviyə çevrilib.

Kəsəsi, açıq-aydın görünür ki, bu iki partiya aralarındakı problemlərdən yaxa qurtara bilmir. Hansısa bir ideyada, aksiyada şəxsi maraqlarını güdmək xislətləri dəyişmir. Keçmiş və indiki durum sübut edir ki, əzəli rəqiblər arasında ən xırda detalı belə razılaşdırmaq, problemsiz vahid mövqeyə gəlmək, səyləri birləşdirmək mümkünsüzdür. Fikir ayrılıqları, bunun nəticəsində bir-birinə kobudluq, irad tutmalar partiyalar arasında münasibətlərin heç bir zaman qaydaya düşməyəcəyi gerçəyini ortaya qoyur.

Bu da bir gerçəkdir ki, müttəfiqinə sayğı bacarmayanlar, kin, qısqanslıq duyğusu ilə yaşayanlar, söyüşlə mübarizə aparanlar, lətifə ilə polemika açanlar siyasətdə ciddi imic formalaşdıra bilməzlər. Məhz AXCP kimi...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31