İlham Əliyev: “Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb”

Mart ayından ölkədə tətbiq olunan karantin rejimi bu günə qədər davam edir. Dünya praktikasında müsbət nəticə verən qorunma hallarının ölkəmizdə uğurlu tətbiqi digər ölkələrə nisbətən Azərbaycanda yoluxma faktının və ölüm sayının aşağı olması ilə nəticələndi. İlk günlərdən daxili və xarici sərhədlərin bağlanması, orta və ali təhsil müəssələrində təhsilin dayandırılması, iş yerlərinin bağlanılması, xüsusi karantin rejiminin tətbiqi, sms vasitəsi ilə icazəli çıxışlar və.s kimi uğurlu qərarların verilməsinin yeganə məqsədi insanlarımızın sağlamlığı idi. Bununla paralel olaraq davamlı elektron mediada, tv-lərdə, sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi işi aparıldı. Müxtəlif verilişlərə dəvət olunan mütəxəssislər insanlara panikaya düşməyi deyil, yeni koronavirusdan qorunmann, özlərini və doğmalarını bu virusdan xilas etmənin incəliklərini izah ediblər. Müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı  davamlı alınan informasiya nəticəsində həmin ölkələrdə aparılan profilaktik tədbirlər və statistik göstərişlər Azərbaycan mediası tərəfindən yaxından izlənildi və rəsmi qurumlar müsbət nəticə verən tədbirləri tətbiq etməyə başladılar.

İlk günlərdən #evdəqalsağlamqal həştəqi aparılan kompaniyalar zamanı insanların  psixoloji olaraq sağlam ola bilmələri üçün müxtəlif nazirliklər ardıcıl olaraq onlayn tədbirlər keçirdi. Bütün bu tədbirlərin, onlayn görüşlərin yeganə məqsədi həm insanları maarifləndirmək, həm də əhval-ruhiyyələrini maksimum şəkildə müsbət saxlamaq idi. Mədəniyyət və Turizm  Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və bir çox rəsmi qurumlar sosial şəbəkə hesablarından maraqlı mövzuların müzakirəsini təşkil edərək əhalinin boş vaxtlarının səmərəli keçməsinə şərait yaratdılar.

Sosial məsafə

Araşdırma nəticəsində müəyyən olunub ki, virusun 1 metr məsafədən ötürülmə riski 12,8 faiz, 1 metrdən uzaq məsafədən ötürülməsi riski isə 2,6 faizdir. Ən təsirli məsafə 2 metr və daha çoxdur. Kanadada McMaster Universitetinin kliniki epidemiologiya və tibb professoru Holger Shunemann deyir ki, sosial məsafə virusa yoluxma riskini yarıya qədər endirir: "Məqsədimiz məsafənin nə dərəcədə təsirli olduğunu öyrənmək idi. Misal üçün, öskürək, yaxud asqıraq zamanı tənəffüs damlalarının sıçraya biləcəyi məsafəni ölçdük və buna görə insanların ən azı 4 metr məsafə saxlamasını müəyyənləşdirdik. Bu, dünyanın hər yerində eynidir. Yaxud, gözlük və yaş  tibbi maskadan istifadə etməyənlərin yoluxma riski 16, bundan istifadə edənlərin yoluxma riski isə 6 faizdir".
Professor qeyd edir ki, tədqiqat xəstəxanada virusa yoluxmuş xəstələrə xidmət edən tibb işçiləri, eləcə də virusa yoluxmuş insanla eyni evdə yaşayanlar arasında da aparılıb. Onun sözlərinə görə, xəstələrlə daim bir yerdə olan belə insanlar sosial məsafəni saxlamaq və tibbi maskadan istifadə etməklə virusa yoluxmayıblar.

Azərbaycanda da banklarda və digər qapalı məkanlarda sosial məsafə saxlanılmasına ciddi diqqət yetirilir. Bununla bağlı ictimai nəqliyyatda, qapalı məkanlarda elanlar vurulub. 

Sosial məsafənin saxlanması infeksiyaya kütləvi yoluxmanın qarşısını almaq baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, sosial məsafə hər bir vətəndaşın özünüqoruma vasitəsidir. Bu qaydaya əməl edənlərin virusa yoluxma riski xeyli aşağıdır. Ona görə də vətəndaşlar öz sağlamlıqlarını qorumaq üçün bu çətin olmayan vasitədən yararlanmaq barədə düşünməlidir.

COVİD - 19 xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilir. Virusa yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. 

Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. 

Bu səbəbdən xəstələnmiş şəxslə ən azı 1 metr, tam təhlükəsizlik üçün isə 4 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.

Məhz bu və ya digər araşdırmalar əsas götürülərək insanların ən çox olduğu yerlərdə sosial məsafənin əhəmiyyətliliyi daim təbliğ olundu. İri supermarketlərdə, metro və dayanacaqlarda insanları maarifləndirən məlumat lövhələrinin yerləşdirilməsi, könüllülər və polis tərəfindən edilən xəbərdarlıqlar nəticəsində ölkəmiz ölüm faktoru ən az göstərən dövlətlər sırasındadır. Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, "BakuBus" MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydalar tətbiq edildi. Qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elanlar vuruldu. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə səsləməlidir. 

Azərbaycan modeli

Azərbaycan dünyanı iqtisadi baxımdan sarsıdan yeni COVİD-19 virusuna qarşı öz modelini ortaya qoyub. Bunu ötən gün ölkə prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı deyib: "Dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.

İnkişaf etmiş ölkələrlə digər müqayisəni də apara bilərəm. Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq".

Tibbi maskanın əhəmiyyəti

Artıq neçə aydır ki, tibbi maslkalar gündəlik istifadə edəcəyimiz əşyalar sırasındadır. Özümüzün və ətrafımızdakı insanların təhlükəsizliyi üçün mütəxəssislər. Tibb işçiləri gündəlik həyatımızda- qapalı məkanlarda, insanların çox olduğu yerlərdə mütləq şəkildə tibbi maskalardan istifadə etməli olduğumuzu xüsusi vurğulayırlar. Bununla biz şəxsi gigiyenamızı qorumaqla bərabər (asqıran və öksürən zaman) həm də ətrafımızda olan insanların sağlamlıqlarını qorumuş oluruq. Hər kəs öz üzərinə düşən sosial məsuliyyəti hiss edib  davamlı olaraq əməl edərsə, o zaman virusdan tez bir zamanda qurtula bilərik.

Vətəndaşlar maskanın  əhəmiyyətini  tez bir zamanda başa  düşdüklərindən   maskaya  olan təlabatartdı. Bunu nəzərə alan prezident İlham Əliyev qısa zamanda aidiyyatı orqanlara yerli maska istehsalına başlanılması tapşırığı verdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etdilər. İki həftə ərzində yerli maska istehsalının başlanılmasında sahibkarların fəaliyyətini xüsusi qeyd edən ölkə başçısı bildirdi ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edəcəyik:

"Koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir - tibbi maskalar və dezinfeksiya vasitələri.

Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik."

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31