"Həftəsonu yenidən sərt karantin rejiminin tətbiq olunması... " - Deputat
10 İyun 2020 14:21 SiyasətOperativ Qərargah tərəfindən ölkədə karantin rejimi yenidən (iyulun 1-dək) uzadıldı. Eyni zamanda, 9 şəhər və rayonda həftəsonu sərt karantin rejiminin tətbiq olunacağı açıqlandı.
Aylardır davam edən pandemiya insanların səbrini tükəndirsə də, bu addımın atılması məqbuldur. Son günlər ölkəmizdə COVİD-19-a yoluxanların sayının kəskin artması bunu zəruri edirdi.
Teleqraf.com-a açıqlamasında bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.
O, vurğulayıb ki, ötən həftənin şənbə və bazar günləri də 4 bölgəmizdə sərt karantin rejimi tətbiq olunmuşdu və demək olar ki, bəzi xırda məqamları, nüansları nəzərə almasaq, həmin günlərdə elə bir gərginlik yaşanmadı, insanlarımız tələblərə əməl etdilər, anlayış göstərdilər:
"Artıq insanlarımız prosesin nə dərəcədə ciddi olduğunun fərqindədirlər. Vətəndaşlar düşünür ki, dövlətin atmış olduğu bütün önləyici addımlar onun sağlamlığı və təhlükəsizliyi üçündür. Buna görə də, hər bir insan özünün gigiyenik mühafizə tədbirlərinə əməl etməlidir".
Millət vəkili diqqətə çatdırıb ki, bir insanın bu infeksiyaya yoluxmaqla onlarla insanın həyatını, sağlamlığını risq və təhlükə altına salır:
"Odur ki, hər bir kəs - hər bir vətəndaşımız kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, Operativ Qərargahın, TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, müraciətlərinə, xəbərdarlıqlarına, tətbiq edilən qaydalara, qərarlara birmənalı şəkildə riayət etməlidir. Heç kim laqeydlik, biganəlik, inadkarlıq, məsuliyyətsizlik göstərməməli, qaydalara və qərarlara riayət edilməsini qanuni şəkildə tələb edənlərə qarşı kobudluq, itaətsizlik etməməlidirlər".