Prezident: “Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır”

Dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyanın qarşısının alınması üçün Azərbaycan dövləti bütün qüvvəsini səfərbər edib. İnsanlara qadağalara riayət edilməsi üçün gecə-gündüz çağırışlar edilir. Amma buna baxmayaraq, nə gündəlik sayı artan yoluxanların aqibəti, nə xəstəlik səbəbindən dünyasını dəyişən həmvətənlərimizin acı həqiqəti bir çoxlarımıza dərs ola bilmir. Əslində isə hər bir vətəndaş  tətbiq edilən rejim qaydalarını öz ailəsi, dövləti qarşısında vətəndaşlıq borcu hesab etməlidir. Yalnız bu halda koronavirus pandemiyasına qalib gəlmək mümkündür. Prezident İlham Əliyev modul tipli xəstəxananın açılışında qeyd edib ki, koronavirusa qarşı mübarizə çərçivəsində görülən bütün işlərin qayəsində ölkə vətəndaşlarının sağlamlığı dayanıb:"Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin".

Millət vəkili Elman Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev hər zaman bütün çıxışlarında bildirib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır:  "Bütün görülən işlər vətəndaşlarımızın yaxşı yaşamasına, sağlam olmasına xidmət edir: "Azərbaycan vaxtında pandemiya ilə bağlı qabaqlayıcı tədbirləri görməyə başlayanda hələ heç bir dövlət "barmağını barmağının" üstünə qoymamışdı. Təbii ki, bu da ilkin gedişatda özünün uğurlu nəticəsini verdi. Bu gün də Azərbaycanda koronovirusla mübarizə ölkə başçısının tam nəzarətindədir. Müvafiq qurumlar Prezidentin rəhbərliyi altında verilən tapşırıqları yüksək səviyyədə icra edirlər. Bunun bariz nümunəsi isə indiyədək istifadəyə verilən dörd modul tipli müasir xəstəxanaların istifadəyə verilməsidir. Yaxın gələcəkdə daha altı modul tipli xəstəxananın da istifadəyə verilməsi gözlənilir. Hazırda həmin xəstəxanaların inşası davam etdirilir. Bunlar hamısı Azərbaycan vətəndaşlarının sağlam olmasına və bütün təhlükələrdən qorunmasına hesablanıb. Bu bir daha Azərbaycanın öz vətəndaşına olan qayğısını göstərməklə yanaşı, eyni zamanda ölkəmizin gücündən, inkişafından, imkanlarından xəbər verir. Bunlar hamısı cənab Prezidentimizin apardığı çox uğurlu, çoxşaxəli işin, siyasətin nəticəsidir. Görülən işlər günü-gündən öz bəhrəsini verir. Ölkə başçısının verdiyi bəyanatların, dediyi sözlərin hər birisi qısa müddətdə həyatda öz təsdiqini əməli işlə tapır. Bax biz bununla qürur duyuruq və fəxr edirik. Hesab edirəm ki, bu istiqamətdə görülən işlərin nəticəsində Azərbaycan dünyanı cənginə almış pandemiyadan uğurla çıxacaq. Dövlət başçısı, dövlətin bütün qurumları, həkimlərimiz, polislərimiz və s. öz üzərinə düşən işləri çox məsuliyyətlə və yüksək səviyyədə icra edirlər. Bu sahədə hər kəsin üzərinə də özünün şəxsi məsuliyyəti düşür. Cənab Prezidentin öz çıxışında da qeyd etdiyi kimi üç məqama fikir vermək lazımdır. Maskadan istifadə olunmalıdır, ara məsafəsi saxlanılmalıdır və şəxsi gigiyenaya fikir verilməlidir. Bu üç məqamdan düzgün istifadə etmək təhlükəsizliyimizin, həyatda qalmağımızın təminatıdır və dövlətin gördüyü işlərə köməyimizdir".

Millət vəkili Eldəniz Səlimov deyib ki, Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi yenidən və iyulun 1-dək uzadıldı, eyni zamanda, daha 9 şəhər və rayonda bazar günü və bazar ertəsi sərt karantin rejimi tətbiq, insanların, vətəndaşların küçəyə, bayıra çıxması və sair qadağan olundu: "Nə qədər çətin olsa da, 4 aydır davam edən pandemiya insanların səbrini tükəndirsə də, bu addıma gedilməliydi. Çünki başqa yol, başqa çarə yoxdur. Son günlər infeksiyaya yoluxma və ölüm hallarının əvvəlki günlər və aylarla müqayisədə artması, çoxalması belə bir addlma gedilməsini vacib və zəruri edirdi. Bildiyiniz kimi, ötən həftənin şənbə və bazar günləri də 4 bölgəmizdə sərt karantin rejimi tətbiq olunmuşdu və demək olar ki, bəzi xırda məqamları, nüansları nəzərə almasaq, həmin günlərdə elə bir gərginlik yaşanmadı, insanlarımız sərt karantin rejiminin tələblərinə əməl etdilər, anlayış göstərdilər. Çünki belə də olmalıdır. Burada ikinci bir mövqe, yanaşma, davranış ola bilməz". Millət vəkilinin sözlərinə görə, hər kəs qoyulan qaydalara, tələblərə və şərtlərə əməl etməlidir: "Çünki bunlar ilk növbədə onların-vətəndaşlarımızın özləri, sağlamlıqları üçün lazımdır. Eyni zamanda, yaxınındakı, ətrafındakı insanların həyatının təhlükə və risq altına qoyulmaması üçün gərəkdir. Bir insanın bu infeksiyaya yoluxması nəticədə onlarla insanın həyatını, sağlamlığını risq və təhlükə altına salmış olur. Odur ki, hər bir kəs, hər bir vətənaşımız kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, Operativ Qərargahın, TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, müraciətlərinə, xəbərdarlıqlarına, verilən, tətbiq edilən qaydalara, qərarlara birmənalı şəkildə riayət etməlidir. Heç kimi laqeydlik, biganəlik, inadkarlıq, məsuliyyətsizlik göstərməməlidir, onlardan verilən qaydalara və qərarlara riayət edilməsini qanuni şəkildə tələb edənlərə qarşı kobudluq, itaətsizlik etməməlidirlər. Qayda, qanun hamı üçündür və hamı da ona tabe olmalıdır. Burada ərköyünlük, özfəaliyyət qətiyyən ola bilməz. Eyni zamanda, hər kəs bu məsələdə ölkə Prezidentindən, Birinci xanım Mehriban xanım Əliyevadan nümunə götürməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev dünən üç modul tipli xəstəxananın açılışında çox dərin məzmunlu və geniş çıxışında da bir daha insanlarımızı tibbi masklardan istifadə etməyə səslədi və bunları söylədi: "...Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin...". Bəli, hər birimizə hər bir məsələdə nümunə və dəstək olan dövlət başçımıza, dövlətimizə bu çətin və həssas günlərdə də bir daha dəstəyimizi nümayiş etdirməliyik, onun çağırışlarını özümüz üçün rəhbər tutmalıyıq. Dəfələrlə qeyd etdiyim kimi, biz yalnız birlikdə və həmrəyliyimizlə bu bəladan, koronavirus pandemiyasından qurtula və xilas ola bilərik. Biz yalnız birlikdə güclü ola bilərik və birlikdə də güclü olacağıq, güclü olmağı bacaracağıq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31