"Hər kəs cənab Prezidentdən nümunə götürməli və maska taxmalıdır"

Düşünürəm ki, əgər ölkə başçımız maska taxırsa və bunun önəmini dəfələrlə dilə gətirirsə, hər bir kəs də ondan nümunə götürməli və maska taxmalıdır.

Bunu Milli.Az-a politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin üç modul tipli xəstəxananın açılışı zamanı söylədiyi nitqi şərh edərkən deyib.

O bildirib ki, ölkəmizdə daha üç modul tipli xəstəxananın istifadəyə verilməsi COVID-19 pandemiyasının yayılması ilə mübarizədə olduqca əhəmiyyətli addımdır: "Bu tip xəstəxanaların quraşdırılması ölkənin səhiyyə sisteminə əlavə, geniş imkanlar yaradır".

"Azərbaycan dövləti ilk günlərdən məsələyə sistemli yanaşma ortaya qoydu ki, bu da özünü koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdən ibarət idi. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur ki, bu amilin özü də pandemiya ilə mübarizədə ölkənin bütün ərazilərində əhəmiyyətli addımların atılmasından xəbər verir.

Bundan əlavə, əsas yükün dövlətin üzərində olması ilə yanaşı özəl sektorun da dövlətin işinə dəstək verməsi təqdirəlayiq məqamdır. Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu çətin zamanda maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım edirlər. Atılan bütün addımların mərkəzində Azərbaycan vətəndaşı dayanır, ilk və başlıca məqsəd bu bəladan minimum itkilərlə ayrılmaqdır". 

Politoloqun fikrincə, son 10 gün ərzində yoluxanların sayının artması yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizlik etməsi ilə əlaqədardır.

"Düşünürəm ki, əgər ölkə başçımız, cənab Prezident maska taxırsa və bunun önəmini dəfələrlə dilə gətirirsə, hər bir kəs də ondan nümunə götürməli və maska taxmalıdır.

Bu gün dünya praktikası bizə başqa mənzərədən xəbər verir. Belə ki, bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə yoluxanlar ev şəraitində müalicə alırlarsa, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələr tibbi müəssisələrdə müalicə alır.

Elə bu səbəbdəndir ki, cənab Prezidentin rəhbərliyi altında atılan bütün addımlar həm Azərbaycan vətəndaşları tərəfindən, həm də beynəlxalq aləmdə də təqdirlə qarşılanır. Bu isə belə çətin dövrdə Azərbaycanın özünü beynəlxalq aləmdə siyasi cəhətdən, eyni zamanda iqtisadi və sosial sahədə də güclü dövlət kimi göstərməsindən xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31