Prezidentdən vətəndaşlara çağırış - TƏHLİL

İlham Əliyev: "Qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin"

Bütün dünyanı bürüyən koronavirus pandemiyasının qarşısının alınması, ona qarşı adekvat tədbirlərin görülməsinə baxmayaraq, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələlik Azərbaycanda bu bəlanı tam aradan qaldırmaq mümkün olmur. Bunun da başlıca səbəblərindən biri təbii ki, vətəndaş məsuliyyətsizliyi, hökumətin qəbul etdiyi qaydalara, qərarlara tam mənada riayət edilməməsidir. Etiraf etmək lazımdır ki, Azərbaycan pandemiyanın ilk dalğasını, mərhələsini minimum itki ilə başa vurdu. Tətbiq edilən sərt karantin qaydaları, eləcə də dövlətin, hökumətin səhiyyə, insanların sağlamlığının qorunması istiqamətində atdığı addımlar pandemiyanın ilkin mərhələsində bu virusa yoluxanların sayını minimum səviyyədə göstərirdi. Eyni zamanda pandemiya səbəbindən ölüm halları da barmaqla sayıla biləcək qədər az idi. Lakin sonradan karantin qaydalarının yumşaldılması fonunda qeydə alınan mənfi tendensiya Azərbaycanda demək olar ki, pandemiyanın ikinci dalğasını yaşatdı. İnsanlarımızın karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməsi, adi gigyenik qaydalara əməl etməməsi, sosial məsafəni qoruyub qoruyucu maskalardan istifadə etməməsi gün ərzində virusa yoluxanların sayının artmasına səbəb oldu. Təsəvvür edin ki, artıq hər gün Azərbaycanda koronavirusa yoluxanların sayı 3 rəqəmli şkala ilə göstərilir və vəziyyət getdikcə kritik hal alır. Bu da yuxarıda qeyd etdiyimiz kimi vətəndaş məsuliyyətsizliyi, gigiyenik qaydalara əməl etməməkdən irəli gəlir. Hələ karantin qaydalarının yumşaldılması zamanı vətəndaşlara tövsiyə edildi ki, qapalı məkanlarda, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə edilsin. Lakin gündəlik olaraq müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, vətəndaşlarımız bu tövsiyəyə məsuliyyətli davranmır, qoruyucu maskalardan istifadə etmir. Xüsusilə, ictimai nəqliyyatda məhdud sayda insanlar tibbi maskalardan istifadə edir ki, bu da virusun yayılma göstəricisini hər ötən gün artırır.

Vətəndaş məsuliyyətsizliyi, inssanlarımızın virus başa çatmış, təhlükə aradan qalxmış kimi davranaraq heç nəyə məhəl qoymaması, qoruyucu maskalardan istifadə etməməsi dövlət başçısını da ciddi şəkildə narahat edən məsələlərdəndir. Baxmayaraq ki, Cənab Prezident də son həftələr qapalı məkanlarda keçirilən görüşlərdə qoruyucu maskalardan istifadə edir, lakin vətəndaşlarımızın bir çoxu dövlət başçısından nümunə götürüb öz sağlamlığını, eyni zamanda ətrafdakıların sağlamlığını qorumaq barədə düşünmür.  Elə ötən gün Prezident İlham Əliyev paytaxtda modul tipli xəstəxananın açılış mərasimində çıxışı zamanı da bu məqama bir daha toxunub və vətəndaşları məsuliyyətli olmağa çağırıb. Prezident İlham Əliyev bildirib ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər: "Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb".

Millət vəkili Kamal Cəfərov da hesab edir ki, insanlar mütləq tibbi maskalardan istifadə etməlidir. Çünki bununla onlar həm öz həyatlarını, həm də ətrafdakı insanları virusa yoluxmaqdan qoruya bilirlər: "Vətəndaş qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə tibbi maska taxmalıdır. Ümumiyyətlə isə cəmiyyətdə qəribə inamsızlıq hissi var, baş infeksionist hələ mart ayında deyəndə ki, ölkədə hələ koronavirus yoxdur, hamı dedi ki, var, gizlədirlər. İndi deyir ki, koronavirus var, hamı deyir ki, uydurmadır. Dövlət koronavirusla mübarizəyə 3 milyard manata yaxın yardım vəsaiti ayırıb, deyirlər ki, yeni cərimə ilə büdcə gəlirlərini artırmaq istəyirlər. Belə nümunələr çoxdur".

Göründüyü kimi, sağlamlığımızı qorumaq, həyatımızı risk altına atmamaq və koronavirus bəlasını ölkəmizdən uzaqlaşdırmaq üçün hər şey öz əlimizdədir. Ya məsuliyyətli davranıb qoruyucu maskalardan istifadə etməli, özümüzlə bərabər ətrafdakı insanları da xilas etməli, ya da məsuliyyətsizlik davranıb virusa yoluxma sayıının və ölüm hallarının artmasına rəvac verməliyik. Bir sözlə seçim bizimdir.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31