"Qanunların keşiyində duran insanlarımıza hörmətlə yanaşmalıyıq"
8 İyun 2020 15:53 Siyasət"Bizim hər birimizin borcu qanunlara riayət etmək, eyni zamanda, qanunların keşiyində duran insanlarımıza həssas və hörmətlə yanaşmaqdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Aydın Hüseynov həftə sonu tətbiq olunan sərt karantin rejiminin effektivliyindən danışarkən deyib.
Millət vəkili vurğulayıb ki, pandemiya ilə mübarizədə bu kimi tədbirlərin həyata keçirilməsi effektivliyi daha da artırır: "Biz birinci dəfə müşahidə etdiyiniz qədərilə karantin rejiminin bu istiqamətdə tətbiq olunması kifayət qədər effektivliyini verdi. Sərt karantin rejimindən sonra yumşalmaların tətbiq olunması ilə yoluxmaların sayının artdığını müşahidə etdik. Məhz, bu kimi tədbirlər yoluxmaların sayını kəskin şəkildə alır. Həftə sonları, şənbə və bazar günləri vətəndaşlarımız ictimai məkanlara daha çox üz tutur və bu kimi yerlərə daha çox sıxlıq müşahidə olunurdu. Yoluxmanın qarşısının alınmasının ən effektiv vasitələrindən biri kimi həftə sonları sərt karantin qaydalarının tətbiq olunmasında əsas məqsəd vətəndaşlarımızı qorumaq, vətəndaşlarımızın sağlamlığını qorumaq, yoluxmaların qarşısını almaq və riskləri azaltmaqdan ibarətdir. Pandemiya ilə mübarizədə bu kimi tədbirlərin həyata keçirilməsi öz effektivliyini kifayət qədər ortaya qoyur".
Aydın Hüseynov Daxili İşlər Nazirliyi orqanlarının fəaliyyətinə də münasibət bildirib və əlavə edib ki, bəzi vətəndaşlarımızın polisə qarşı rəftarı qeyri-etikdir: "Polis əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu pandemiya dövründə polis əməkdaşlarının fədakarlıqlarının, onların şəxsi həyatlarını tərəddüd etmədən təhlükəyə atdıqlarının, həmçinin, humanist addımlarının şahidi olduq. Lakin, mən təəssüf edərək bir məsələni diqqətə çatdırmaq istərdim. Dünən Yasamal rayonunda bir-neçə vətəndaş vəzifəsini icra edən polis nəfərinin üzərinə zibil bağlamalarını atdı. Bizim hər birimizin borcu qanunlara riayət etmək, eyni zamanda, qanunların keşiyində duran insanlarımıza həssas və hörmətlə yanaşmaqdır. Nəzərə alınmalıdır ki, pandemiya dövründə polislərimizin və tibb işçilərimizin fəaliyyəti əvəzsizdir".