Daşı, sütunu ədalətsizlik üzərində qurulan təşkilat

AŞPA-da olan riyakarlıq dünyanın heç bir təşkilatında, beynəlxalq platformasında yoxdur

Təəssüflər olsun ki, Avropanın ən iri siyasi təsisatlarından sayılan Avropa Şurası və onun Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqeyi günümüzdə də davam edir. Azərbaycan bu qurumla qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyi halda, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası erməni maraqlarından çıxış edərək bir qayda olaraq Azərbaycanı hədəf seçir, onu əsassız yerə ləkələyir, qaralayır. Bütün bunlar azmış kimi qurum separatizmə də dolayı yolla dəstək verdiyi mövqeyini sərgiləyir. Hər halda Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimin  bir müddət əvvəl keçirdiyi qondarma seçkilərin tanınmaması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının heç bir münasibət ortaya qoymaması belə deməyə əsas verir. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa Şurası və onun Parlament Assambleyası ermənipərəst mövqe tutub və erməni maraqlarına xidmət edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də ötən həftə Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı bu məsələyə diqqət çəkərək Avropa Şurasını, onun Parlament Assambleyasını haqlı olaraq sərt şəkildə tənqid edib.

Dövlət başçısının Tərtər Olimpiya İdman Kompleksinin açlışında Avropa Şurası barədə haqlı irad və tənqidlərindən çıxış edən əksəriyyət, siyasilər, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri də hesab edirlər ki, artıq Avropa Şurası, onun Parlament Assambleyası erməni maraqlarına xidmət edən bir qurum təəsüratı yaradıb. Millət vəkili Elşən Musayev də deyir ki, Avropa Şurası hər zaman Azərbaycana qarşı qısqanc, ədalətsiz mövqe sərgiləyib. Insanlar bunu vizual görür, efirdən seyr edir, qəzetdən, saytdan oxuyur: "Amma mən həmin münasibəti canlı olaraq Strasburqda  müşahidə etmişəm. Orada həqiqətən dəhşətli şeylər baş verir. Bu məkanın sanki daşı, sütunu ədalətsizlik üzərindən hörülüb, xəmiri xəyanətdən yoğrulub. AŞPA-da olan riyakarlıq dünyanın heç bir təşkilatında, beynəlxalq platformasında yoxdur. Həmin riyakarlıq hətta qurumun yeməkxanasına qədər sirayət edib. Orada belə bəzi üç sifətlilər, beş standartlılar oyun oynayırlar. Əsas "mirzə"ləri, idarəçiləri adama salonda başqa şey deyirlər, kulisdə başqa şey, çörək kəsdiyi yeməkxanada başqa şey. Yəni, son ana qədər müəyyən edə bilmərsən ki, mövqe nədir, münasibət nədir. Rəhbərləri daim təsir altında, əsas söz deyənləri tapşırıq qulu, komitə iclasları xaotik, müzakirə predmetləri abstrakt. Belə təşkilat demokratik, düzgün, ədalətli mövqe sərgiləyə bilərmi? Əsla və əsla! Ona görə də nüfuzu günbəgün düşür, yıprandıqca yıpranır, bitdikcə bitir, tükəndikcə tükənir". Millət vəkilinin sözlərinə görə, Avropa Şurası həm də ikili standartların ən çox vüsət aldığı platformadır və yəqin məlum səbəbdəndir ki, eyni adlı təşkilat Ermənistanda, eyni zamanda işğal edilmiş ərazilərdə baş verən hadisələrlə, qondarma seçkilərlə, qırğınlarla, siyasi təqiblərlə bağlı bir dəfə də olsun ədalətli mövqe sərgiləməyib, məlum xunta rejimini, vandalları, qəsbkarları ifşa etməyib. Hətta pandemiya dövründə keçirilən və faktiki olaraq insan həyatına yönəlik qəsdi özündə ehtiva edən seçkini belə görməzdən gəlib: "Avropa Şurasının əsl və saxta siması, mahiyyəti bax budur. 365 həqiqi üzvü olan təşkilatın qışda keçirilən son plenar iclasında cəmi 163 nəfər iştirak edib. Görünən budur ki, məlum gedişlə Avropa Şurası yalnız sədarətdən ibarət olacaq. Çünki özlərini artıq biabır ediblər, yürütdükləri siyasətlə nüfuzlarını itiriblər. Kimsə onları ciddiyə almır. Elə düz də edib almır".

Millət vəkili Sevinc Fətəliyeva isə deyib ki, bu gün Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər mühüm yer tutur: "O cümlədən ölkəmiz beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq əlaqələri qurur. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan regional və qlobal əhəmiyyətli enerji, eləcə də nəqliyyat layihələrinin müəllifi və təşəbbüskarıdır. Məhz bu layihələr regionun inkişafında vacib rol oynayır, həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir". Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanın uğurlu inkişafı və beynəlxalq miqyasda artan nüfuzu erməni lobbisini, anti-Azərbaycan mərkəzləri ciddi şəkildə narahat edir: "Ona görə də, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün qarayaxma kampaniyası aparırlar. "Anti-Azərbaycan mərkəzlər, erməni lobbisi bu məsələdə Avropa Şurasının da "imkanlarından" istifadə edir. Ötən dövr ərzində ölkəmizə qarşı Avropa Şurasının bəzi rəsmi şəxslərinin qərəzli bəyanatları, qurumun Parlament Assambleyasının qəbul etdiyi qeyri-obyektiv sənədlər də bunu təsdiqləyir. Eyni zamanda, bir müddət öncə işğalçı Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil etdiyi qanunsuz "seçkilərə" təşkilatın münasibət bildirməməsi də bir daha Avropa Şurasında ölkəmizə qarşı ikili standartların olduğunu göstərir. Məsələ ilə bağlı Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, "Dağlıq Qarabağdakı "seçki" şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, AŞPA Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir".

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır: "Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin "seçkiləri" tanımayıb. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Amma Avropa Şurası tərəfindən bu "seçki şousuna" heç bir münasibət bildirilmədi. Prezidentin söylədiyi kimi, Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda obyektivlikdən, ədalətdən söhbət gedə bilməz. Təbii ki, bu fakt təşkilatın hansı maraqlara xidmət etdiyinin göstəricisidir. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və onun özündə ciddi islahatların aparılmasına ehtiyac var". Millət vəkilinin sözlərinə görə, təşkilatın bir sıra ölkələrdə insan haqlarının pozulmasına, nümayişçilərə güc tətbiq edilməsinə, polis zorakılığına göz yumması onun ikili standartlarından xəbər verir: "Belə bir halda, qurumun Azərbaycan haqqında qəbul etdiyi qərəzli sənədlərin heç bir əhəmiyyəti yoxdur. Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç kim dövlətimizlə diktə dilində danışa bilməz".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31