Avropa Şurası ilə onun öz dili ilə danışmaq lazımdır
6 İyun 2020 16:13 SiyasətSüleyman İsmayılbəyli: "Bizim milli maraqlarımız, dövlətçilik maraqlarımız hər şeydən üstündür"
"Avropa Şurası və onun Parlament Assambleyası hər zaman Azərbaycana qarşı qərəzli, ədalətsiz, heç bir əsası olmayan münasibət sərgiləyib, mövqe ortaya qoyub. Ona görə də bu qurumdan ədalət, qərəzsiz yanaşma gözləmək yersizdir. Ölkəmiz Avropa Şurasına üzv olduğu gündən indiyə qədər Avropanın adıçəkilən siyasi təsisatının rəsmi Bakı ilə bağlı sərgilədiyi mövqe belə deməyə əsas verir". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, qeyd edib ki, erməni maraqlarına xidmət edən həmin təşkilatın Azərbaycanla bağlı verdiyi qərəzli, əsassız bəyanatlar, açıqlamaları ciddiyə almaq, ondan əndişə keçirmək də yersizdir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tipli təşkilat və qurumların həmin qərarları, bəyanatlarına haqlı olaraq öz layiqli qiymətini verib və hələ bir neçə il əvvəl bu tipli antiAzərbaycan sənədlərini kağız parçası adlandırıb. Bu günlərdə Tərtər rayonuna səfəri zamanı Olimpiya İdman Kompleksində çıxışı zamanı bir daha dövlət başçısı bunu ifadə etdi və həmin bəyanatları, açıqlamaları kağız parçası kimi xarakterizə etdi. Həqiqətən də bu tipli təşkilat və qurumların qəbul etdiyi qərarlar, bəyanatlar kağız parçasından başqa bir şey deyil. Əks təqdirdə Avropa Şurası Ermənistanın qurum qarşısında götürdüyü öhdəliklərə əməl etməsinə nəzarət edər, bu öhdəliklərə əməl etməyə maraqlı görünməyən İrəvana qarşı sanksiyalara tətbiq edərdi. Diqqət edin, Avropa Şurası üzvü olduğu ölkələrdən demokratiya, insan haqlarına əməl etmək, siyasi azadlıqlar tələb edir. Ermənistanda isə nə demokratiya var, nə siyasi azadlıqlar, nə də insan haqlarına hörmət edilir. Nikol Paşinyan hakimiyyəti zorla ələ keçirdikdən sonra bütün mümkün siyasi oppnentlərinə qarşı represiyalara başladı, onları zərərsizləşdirdi, hətta bir neçəsinə cinayət işinin açılmasına qədər gedildi, sabiq prezidentlər məhkəmədə dindirildi. Faktiki olaraq Paşinyan ölkədə siyasi represiya həyata keçirdi və hazırda da bu proses davam edir. Baxaq görək, Avropa Şurasının buna reaksiyası nə oldu? Əlbəttə heç nə. Görməməzlikdən, eşitməməzlikdən gəldilər. Siyasi represiyalar eyni zamanda özüylə demokratiyanın boğulmasına da yol açdı. Əgər ölkədə siyasi azadlıqlar yoxdursa, deməli demokratiya da yoxdur. Və, nəhayət üçüncüsü, insan haqlarının qorunması. Təbii ki, bu prinsipə də Ermənistan əməl etmir və konkret işğalçı ölkə insan haqlarını ayaqlar altına atır. Bunun ən bariz nümunəsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyona yaxın soydaşımızın hüquqlarının pozulmasıdır. Bütün bunlar azmış kimi Avropa Şurası və onun Parlament Assambleyası Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı ölkənin həyata keçirdiyi separatçı əməllərə də şərik çıxır". Süleyman İsmayılbəyli deyib ki, AŞPA-nın separatçı rejimin mart ayının sonlarında işğal altında olan ərazilərimizdə qondarma seçki keçirməsi və buna AŞPA-nın heç bir reaksiya bildirməməsi, sözügedən qurumun dolayı yolla separatizmə dəstək nümayiş etdirməsi deməkdir: "Ancaq bu təşkilatdan fərqli olaraq ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu".
Milli Vəhdət Partiyasının sədr müavini deyib ki, belə olan halda Avropa Şurasından hər hansı obyektivlik, ədalət gözləməyə dəyməz: "Açıq-aşkar görürük ki, bu qurum və onun Parlament Assambleyası ermənipərəst mövqe nümayiş etdirir. Ona görə də hesab edirəm ki, bundan sonra Avropa Şurası ilə onun öz dili ilə, başa düşə biləcəyi formada danışmaq lazımdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanın heç kimdən, heç nədən çəkinəcəyi, qorxacağı yer yoxdur. Bizim milli maraqlarımız, dövlətçilik maraqlarımız hər şeydən üstündür".