Avropa Şurasında ikiüzlülük, ədalətsizlik hökm sürür

Mayis Səfərli: "Qeyri-obyektivlik, ikili standartlarla çıxış etmək artıq Avropa Şurasının dəsti-xəttinə çevrilib"

"Pandemiya ilə mübarizədə hər an vətəndaşlarımızın yanında olan Prezident İlham Əliyev, 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva bu ekstremal şəraitdə tez-tez bölgələrə səfər edir, yeni-yeni ictimai, sosial əhəmiyyət kəsb edən obyektlərin açılışında iştirak edir, insanlarla görüşürlər. İyunun 3-də Prezident İlham Əliyevin Qarabağ bölgəsinə-Tərtərə, Ağcabədiyə səfəri də insanlarımızda böyük ruh yüksəkliyi yaratmışdır. Dövlət başçısı orada bütün xalqımızı narahat edən məsələlərlə bağlı geniş məzmunlu çıxış etmişdir. Bu çıxışlarda vətəndaşlarımız onları hər zaman düşündürən bir çox suallara dolğun cavablar tapmışlar. Mətbuatda bu barədə geniş yazılar dərc olunur və şərhlər verilir. İctimaiyyət nümayəndələri bu çıxışlardan rahatlıq tapdıqlarını dönə-dönə dilə gətirirlər". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə,  həmin məsələlərdən biri bu yaxınlarda qondarma " Dağlıq Qarabağ respublikasında" keçirilmiş qanunsuz, saxta seçkilərdir: "Prezident doğru qeyd etdi ki, beynəlxalq hüquqa zidd olan bu seçkiləri heç bir dövlət və beynəlxalq təşkilatlar tanımamışdır. Təəssüflər olsun ki, onların sırasında Avropa Şurası Parlament Assambleyası yer almamışdır. Sözü gedən təşkilatı haqlı olaraq tənqid atəşinə tutan ölkəmizin rəhbəri qeyd etdi ki, Avropa Şurası bəşəri və insani dəyərləri diqqətə almadan Dağlıq Qarabağdakı xunta rejiminin, işğalçının, Xocalıda bizim mülki əhalimizə qarşı soyqırım törədən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma cinayətkar qurumun bütün bəşəri dəyərləri və beynəlxalq qanunları kobud şəkildə pozmasına səssiz qaldı". Onun sözlərinə görə, doğrudan da, bu gün hər kəs aydın görür ki, Avropa Şurasında ikiüzlülük, ədalətsizlik hökm sürür: "Bu və ya digər məsələlərdə qeyri-obyektivlik, ikili standartlarla çıxış etmək artıq Avropa Şurasının dəsti-xəttinə çevrilib. Bu qurumda istər Azərbaycana, istərsə də qardaş Türkiyəyə qarşı ermənipərəst bir şəbəkənin mövcudluğu göz qabağındadır. Prezidentimizin belə bir təşkilatın Azərbaycan ilə əlaqədar qəbul etdiyi sənədləri lazımsız kağız parçası adlandırması, ictimaiyyətin də böyük dəstəyinə səbəb olmuşdur . Avropa Şurasının antiazərbaycan mövqeyində olması, bu beynəlxalq təşkilatdakı antiazərbaycan meyilləri, bizə ünvanlanmış bütün saxta ittihamlar hər bir azərbaycanlının etirazına səbəb olur. Orada kök salmış qüvvələrin ölkəmizlə bağlı heç bir çirkin planları baş tutmayacaqdır. Çünki Azərbaycanda möhkəm milli həmrəylik var!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31