Öz meyarları və prinsiplərindən uzaqlaşan qurum

Yunus Oğuz: "Avropa Şurası Parlament Assambleyası artıq erməni maraqlarına xidmət edən bir quruma çevrilib"

"Tarixən belə olub və günümüzdə də davam edir. Uğurumuzu, nailiyyətlərimizi, iqtisadi yüksəlişimizi həzm etməyənlər, dünyada növqelərimizin möhkəmlənməsi ilə barışmayanlar ya Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyub, bizə qarşı çamur atıblar, ya da ənənəvi ikili standartları tətbiq ediblər." Bu sözləri Olaylar"a  Milli Vəhdət  Partiyasının sədri  Yunus  Oğuz deyib: "Necə ki, Dağlıq Qarabağ probleminə olan beynəlxalq yanaşmada biz qeyd edilən ikinci elementi daha tez-tez müşahidə edirik. Düzdür, ötən illər ərzində dövlətimizin, şəxsən dövlət başçımızın apardığı uğurlu xarici siyasət kursu, beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə qurulan səmərəli əməkdaşlıq nəticəsində biz həmin mənfi stereotipin böyük bir qismini aradan qaldırmağa müvəffəq olmuşuq. Ancaq təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, belə mənfi tendensiyalar hələ də qalmaqdadır. Və daha çox Avropanın bəzi siyasi təsisatlarının ortaya qoyduğu qərəzli və ədalətsiz mövqe fonunda biz bunu aydın şəkildə görürük.

Yəqin ki, hər kəsə bəlli oldu, söhbətin Avropa Şurası və onun Parlament Assambleyasından getməsindən. Çünki adıçəkilən qurumun bir müddət əvvəl Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim tərəfindən keçirilən qondarma seçkilərə olan səssizliyi, bu qanunsuzluq və separatizmə etiraz bildirməməsi Avropa Şurası Parlament Assambleyası barədə belə bir qənaətə gəlməyə əsas yaradır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Tərtər rayonuna səfəri zamanı Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxışında dediyi kimi, dünyanın əksər beynəlxalq təşkilatlar və qurumları, ayrı-ayrı dövlətlər separatçı rejimdə keçirilən seçkiləri tanımamaq barədə bəyanat verib, açıqlamalar yaysalar da, lakin Avropa Şurası buna səssiz qaldı. Halbuki eyni bəyanatı, açıqlamanı biz dövlət, adıçəkilən qurumun tamhüquqlu üzvü olaraq məhz Avropa Şurasından, onun Parlament Assambleyasından da gözləyirdik. Çünki Azərbaycan bu qurumun üzvü kimi hər zaman AŞ ilə əməkdaşlığın inkişaf etdirilməsindən yana olub, bu istiqamətdə çalışıb, ortaya siyasi iradə qoyub. Eyni zamanda rəsmi Bakı qurum qarşısında götürdüyü əksər öhdəliklərə də əməl edib. Lakin bütün bunların qarşılığında biz Avropa Şurasından gözlədiyimiz münasibəti görmürük.  Azərbaycana hər hansı yaxşı münasibət bəsləməsini demirik, heç özünün əsas meyar kimi götürdüyü insan haqları və qanunların aliliyinə hörmət etməsini də müşahidə etmirik. Əgər Avropa Şurası doğurdan da məhz sadaladığımız meyarlara sadiq qalsaydı, o zaman Ermənistan dövlətinin 1 milyona yaxın soydaşımızı qaçqın və məcburi köçkünə çevirməsinə biganə qalmaz, məsələyə məhz həmin insanların haqlarının qorunması prizmasından yanaşaraq separatçı rejimdə keçirilən qondarma seçkiləri pisləyərdi. Lakin biz Avropa Şurasından belə bir yanaşma görmədik. Çünki mütləq əksəriyyətimizin mövqeyi olaraq qənaətimizin ondan ibarətdir ki, Avropa Şurası Parlament Assambleyası artıq erməni maraqlarına xidmət edən və öz meyarlarından, prinsiplərindən tamamilə uzaqlaşan bir quruma çevrilib. Deməli, öz tətbiq etdiyi meyarlara əməl etməyən bir qurumdan da ədalət, qərəzsiz münasibət gözləmək yersizdir.

Cəmiyyət olaraq bütün bunları bilirik və məlumdur. Lakin təəssüf doğuran bir başqa məqam sözügedən qurumun zaman-zaman Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia etməsidir. Daxilimizdəki bəzi "siyasilər"in donosları əsasında hazırlanan hesabatlarda Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edən qurum yaxşı olar ki, başını çevirib bir yan-yörəsinə də baxsın. Uzağa getməyək dünyanı bürüyən koronavirus pandemiyası günlərində Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının öz vətəndaşlarına diqqət və qayğısına da nəzər yetirsinlər, mərkəzi ofisləri yerləşən Avropada, uzaq Amerikada sosial problemlərə, irqi ayrıseçkiliyə etiraz məqsədilə küçələrə çıxan yüz minlərlə dinc sakinə polis, digər güc strukturları tərəfindən tətbiq olunan zorakılıq əməllərinə də. Əgər görə bilirlərsə və Azərbaycanın daxilindəki bəzi radikal siyasi qüvvələr kimi qaradan başqa rəng tanımırlarsa. O zaman əsl demokratiya, insan haqlarına hörmətin Avropada, yoxsa Azərbaycanda olduğu gün kimi aydınlaşacaq."

Yunus Oğuz-Milli Vəhdət Partiyasının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31