"Hər zaman dövlətimizin köməyini hiss etmişəm "-BÖYÜK BRİTANİYADAN PREZİDENTƏ YAZIRLAR

Əziz Prezidentim.

Əvvəla Sizə ailənizlə birgə cansağlığı, sülh və əmin-amanlıq arzulayıram. Koronavirusla mübarizənin birinci mərhələsində qalib gəldiyimizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində itkilərimiz digər ölkələrlə müqayisədə çox-çox aşağıdır. Biz hər zaman Sizin tapşırıqlarınıza və tövsiyələrinizə diqqətlə qulaq asır, onlara riayət edirik. Karantin dövründə anamla çox vaxt keçirdim, maraqlı "Evdə qal!" videolarını hazırladıq.

Cənab Prezident, televizorda çıxışlarınızı daim izləyir, Sizi gördüyümə çox sevinir, Sizə diqqətlə qulaq asıram. Mənim ən böyük arzum maksimum balla ali məktəbə qəbul olmaqdır. Bunun üçün səylə çalışıram, əlaçıyam, kitabxananın fəal oxucusuyam. Gələcəkdə yol polisi olmaq istəyirəm. Anam deyir ki, hansı peşənin sahibi olsam da, Sizin qayğınızı hiss edəcəyəm. Məncə, o, haqlıdır. Çünki Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Hörmətlə,

Şahbazov Yaşar Vasif oğlu, şagird.

Azərbaycan Respublikası, Qusar rayonu, Yasaboba kəndi.

xxx

Hörmətli cənab Prezident.

Mən, İsmayılova Nərmin İngiltərənin Birminhem Universitetində doktorantura təhsili alıram. Bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar İngiltərədə də karantin rejimi elan edildi və bu rejim hələ də davam edir. Karantin rejiminə görə iş yerlərinin bağlanması xaricdə oxuyan və eyni zamanda işləyən tələbələrin həyatında maddi cəhətdən çətinlik yaratdı. Eyni problemi tələbə olaraq mən də yaşadım. Maddi vəziyyətimə görə ölkəmizin İngiltərədəki səfirliyinə müraciət etdim. Səfirliyin əməkdaşları vəziyyətimdən xəbər tutan gündən mənimlə mütəmadi əlaqə saxlayır, maarifləndirici tövsiyələr verərək mənə maddi və mənəvi dəstək olurlar. Hər zaman dövlətimizin köməyini hiss etmişəm və buna görə də hörmətli Prezident, dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

İsmayılova Nərmin Tofik qızı.

Böyük Britaniya, Birminhem şəhəri.

xxx

Zati- aliləri, möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən birinə çevrilib. Sizin xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz işlər, verdiyiniz qərarlar, pandemiya dövründə işsiz şəxslərə ayırdığınız 190 manat birdəfəlik müavinət, maddi yardımlar, sosial sahədə dövlət tərəfindən göstərilən dəstək tədbirləri hər bir vətəndaş kimi, məni də çox sevindirir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində baş verir.

İşləməyən şəxslərə birdəfəlik 190 manat verilməsi bütün xalqın sevincinə səbəb oldu. Mən də aprel və may aylarında bu yardımdan yararlandım.

Bir ana kimi Sizə minnətdarlığımı bildirirəm. Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,

Xuraman Tağıyeva Ramil qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31