Ölkə başçısının humanist siyasətinin növbəti təzahürü

Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsində bir sıra dəyişikliklər edilib. Məlumat üçün qeyd edək ki, dövlət başçısı tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı Cinayət Məcəlləsində edilmiş son dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində hazırlanıb. Məsələ ilə bağlı fikirlərini şərh edən hüquqşünas Əli İbrahimov deyib ki, bu dəyişiklik ölkə başçısının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir: "Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilən dəyişikliklər cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların növbəti mərhələsidir. Belə ki, ölkə başçısının 2017-si il 10 fevral tarixli Sərəncamının icrası və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulu ilə əlaqədar olaraq bu günə qədər 9 mindən artıq şəxs cinayət məsuliyyətindən azad edilmiş, 3 minə qədər şəxsin cəzası yüngülləşdirilmiş, 800-ə qədər şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilib. Belə böyük bir rəqəm isə istənilən əfv və amnistiya ilə azad edilən şəxslərin sayından dəfələrlə çoxdur. 22 may 2020-ci il tarixdə edilmiş dəyişikliklər cinayətin dekriminallaşdırılması nəzərdə tutur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılmış, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılıb, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub. Bundan başqa 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilmişdir. 60 cinayətə görə isə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi ilə əvəz edilmişdir. Məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılmışdır. Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin".

Hüquqşünas qeyd edib ki, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın iştirakçılıqla törədildiyi hallarda cinayət iştirakçıları tərəfindən ödənilməsi qaydası müəyyən edilərək, məhkəmə təcrübəsinə uyğun aparılıb: "Cinayət Məcəlləsinə edilən dəyişiklik məhkəmə hakimə imkan verir ki, həm ziyan, həm də dövlət büdcəsinə ödəniş cinayət iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında, belə iştirakın əhəmiyyətindən vurulmuş zərərin həcminə və xarakterinə görə məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilsin. Eyni zamanda, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının 3 növü olmaqla, onlardan ən ağırı olan qalan hissəni çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi müddəası ilə ləğv edilir. Hazırda azadlıqdan məhrumetmənin azadlıqdan məhdudlaşdırmaya, islah işlərinə, ictimai işlərə konvertasiyası da nəzərə alınmışdır. Lakin təcrübədə azadlıqdan məhdudlaşdırmanın islah işlərinə və ictimai işlərə konvertasiyası zərurəti yarandıqda, bunun hüquqi əsası yox idi. Bu da təcrübədə müəyyən problemlər yaradırdı. Hazırda belə bir konvertasiya imkanı müəyyən edilibdir. Bu da imkan verir ki, ümumiyyətlə, azadlığın məhdudlaşdırılması daha liberal cəza növləri ilə əvəz edilsin. Hazırda cərimə 2 üsulla müəyyən edilir, belə ki, birincisi, 20 min manatadək cərimə, ikincisi isə cinayət nəticəsində dəymiş ziyanın 1 mislindən 10 mislinədək miqdarda cərimə. Bu isə cənab Prezident tərəfindən həyata keçirilən dekriminallaşdırma siyasətinin səmərəli icrasına imkan vermirdi. Cünki, dekriminallaşdırma siyasəti nəticəsində mülkiyyət əleyhinə və iqtisadi cinayətlər sahəsində zərərçəkmişlə barışan və dəymiş ziyanı tamamilə ödəyən şəxs eyni zamanda dəymiş ziyanın 1 mislindən 10 mislinədək dövlətə ödəniş etməliydi. İndi alternativ cərimə təklif edilməklə, alternativ cərimə dəymiş ziyanın 100 faiz məbləğinədə müəyyən edilib. Misal üçün mülkiyyət əleyhinə olan bir sıra cinayətlərdə məsuliyyətdən azad edilməyin 3 tələbi var idi. Birincisi barışıq, ikincisi dəymiş ziyanı tamamilə ödəmək, üçüncü tələb isə dəymiş ziyanın 1 misli miqdarında dövlətə büdcəsinə ödəniş nəzərdə tutmuşdur. İndi 3-cü tələb dəymiş ziyanın 100 faizi deyil, 25 faiz miqdarında müəyyən edilməsi qeyd edilir. Bundan başqa iqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılaraq - 20 min manatdan 50 min manata, xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular İXM ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilib. Hərbi xidmət əleyhinə cinayətlər bölməsində edilən dəyişikliklərin məqsədi orduda məhkumluqların sayının azaldılmasından ibarətdir. Belə ki, bildiyimiz kimi məhkumluqdan irəli gələn hüquqi nəticələr hərbi qulluqçuların gələcək karyerasına mənfi təsir göstərə bilər. Bununla belə orduda ciddi nizam intizamın təkmilləşdirilməsi da qorunub saxlanılması üçün Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir. Bildirim ki, ümumiyyətlə bəzi cinayət əməllərin dekriminallaşdırılması onları törədənlərin cəzasız, məsuliyyətdən kənarda qalacağı anlamına gəlmir, belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31