Yunus Oğuz: “Mütləq sərt tədbirlər görülməli, qərarlar qəbul olunmalıdır ki, vətəndaş məsuliyyətini hiss etsin”
4 İyun 2020 12:38 Siyasət"Koronavirus təhlükəsinin aradan qaldırılması, yoluxma hallarının minimuma endirilməsi üçün əlavə tədbirlər hökmən görülməlidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz həftəsonu tətbiq edilməsi nəzərdə tutulan bir sıra qadağalara münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, pandemiyanın birinci dalğasını asanlıqla və uğurla başa vursaq da, karantin qaydalarının yumşaldılmasından sonra vətəndaşların məsuliyyətsiz davranışları virusa yoluxanların sayının artmasına səbəb oldu: "Biz birinci dalğanı çox asanlıqla başa vurduq. Əhali, vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əməl edirdi. Ancaq təəssüflər olsun ki, sonradan vətəndaşlarımızda bir arxayınlıq yarandı. Həm yoluxma, həm də ölüm saylarında minimum göstərici əhalidə belə bir əminlik yaratdı ki, təhlükə ötüb keçdi. Lakin əhaliyə xəbərdarlıq edilmişdi ki, ikinci dalğa ola bilər. Hazırda baş verənlər ikinci dalğadır və bunu da ötüşdürmək lazımdır". Yunus Oğuz hesab edir ki, bu dalğanı ötüşdürmək üçün sərt tədbirlərin tətbiq edilməsi zəruridir: "Əhali elə bilirdi ki, ciddi bir təhlükə yoxdur. Hətta bəziləri zənn edirdi ki, kimsə zarafat edir. Eyni zamanda şaiyə gəzdirənlər də vardı və deyirdilər ki, boş şeydir, inanmayın və. s. İndi bu virus həmin insanların yaxınlarına, doğmalarına toxunanda etiraf edirlər ki, doğurdan da belə bir təhlükə var". Partiya sədri bildirib ki, Cənab Prezident də ötən gün Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı maska taxmaq təlimatına uyğun olaraq görüşlərdə qoruyucu maskalardan istifadə etdi və bununla dövlət başçısı vətəndaşlar üçün bir daha örnək addım nümayiş etdirdi. Tətbiq edilməsi gözlənilən tədbirlərə gəlincə Yunus Oğuz hesab edir ki, həftə sonu vətəndaşların evdən bayıra çıxmaması qadağasının tətbiqi məqsədəuyğundur: "Qardaş Türkiyədə həmin prosedurun tətbiqi nəticəsində artıq həm ölüm, həm də yoluxma hallarında azalma prosesi müşahidə edilir. Ancaq bizdə təəssüflər olsun ki, artıq qeydə alınır. Bu da bir tərəfdən əhalinin qoruyucu maskalardan istifadə etməməsi ilə bağlıdır. Təəssüflər olsun ki, ictimai nəqliyyat, bazarlar, ticarət mərkəzlərində əksəriyyət qoruyucu maskalardan istifadə etmir. Şəxsən mən dəfələrlə şahidi olmuşam ki, ictimai nəqliyyatda məhdud sayda vətəndaşlarımız qoruyucu maska taxır. Nə üçün buna riayət etmirsiniz? Nəyə arxayınsınız? Hesab edirəm ki, bütün ziyalılar belə mövqedə olmalıdır ki, dövlət sərt tədbirlər görsün. Hətta içərisində cəza tədbirləri də olmalıdır. Hər kəs qoruyucu maskalardan istifadə etməli, sosial məsafə gözləməlidir. Məsələn, banklar, yaxud ASAN Xidmət qarşısında sosial məsafənin gözlənilmədiyinin şahidi oluruq. Həmin qurumların daxilində sosial məsafə qorunsa da, lakin binadan bayırda vətəndaşlar buna əməl etmir. Ona görə də hesab edirəm ki, vətəndaş məsuliyyətsizliyini aradan qaldırmaq üçün mütləq sərt tədbirlər görülməli, qərarlar qəbul olunmalıdır ki, vətəndaş məsuliyyətini hiss etsin".