"Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanar"- VƏTƏNDAŞLAR PREZİDENTƏ YAZIRLAR
3 İyun 2020 12:41 SiyasətHörmətli Prezident,
Mən Sizinlə qürur duyuram və həyatım boyu Sizi idealım müəyyən etmişəm. Dərslərimi daim yaxşı oxumağa çalışıram, çünki Sizin şagirdlərə sevginiz məni daha çox çalışmağa sövq edir.
Cənab Prezident, Sizə söz verirəm ki, daim Sizin kimi dövlətim, xalqım üçün çalışacağam.
Sizi çox-çox sevən,
Qasımzadə Pənah Eyvazoğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu
02 iyun 2020, 17:30
XXX
Hörmətli cənab Prezident,
Bizim kəndin əhalisinin əsas məşğuliyyətindən biri də kartofçuluqdur. Biz Ulu Öndərimizin bəxş etdiyi torpaqlarımızı əkərək məhsul bolluğu yaradırıq. Bununla da həm əhalinin tələbatını, həm də güzəranımızı yaxşılaşdırırıq.
Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlanması narahatçılığa səbəb olmuşdur. Lakin Sizin tapşırığınıza əsasən Rusiyadan yük maşınlarının Azərbaycana gəlməsinə icazə verilməsi problemimizi həll etdi. İstehsal etdiyimiz kartofu Rusiya bazarına çıxara bildik. Yaxşı qazanc əldə etdik. Hələ də məhsulumuz boldur və hər gün xaricə məhsul göndəririk. Bütün bunlara görə Sizə "çox sağ olun" deyirik, yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi ürəkdən sevir və daim dəstəkləyirik!
Hörmətlə,
Privolnoye kənd sakinləri:
Azadxanov Vahid Dədi oğlu,
Ağayeva Mehriban Əjdər qızı,
Məmmədov Mehman Qafar oğlu,
Abdullayev Fəxrəddin Xuduş oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu.
02 iyun 2020, 17:35
XXX
Möhtərəm cənab Prezident,
Bu günlərdə Qaynaq kəndinin sakinlərinin sevinci sonsuzdur. Çünki 10 cəbhəyanı kəndi birləşdirən Səhləbad-Əksipara-Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun Qaynaq kəndindən keçən hissəsi artıq hazırdır. Çəkilən yol gediş-gəlişimizi rahatlaşdırıb, vaxt itkisinin qarşısını alıb, rayon mərkəzi, qonşu kəndlərlə əlaqəmiz asanlaşıb, bazara məhsulumuzu itkiyə yol vermədən çatdırırıq.
Möhtərəm cənab Prezident, biz Sizdən həmişə istər müharibə dövründə, istərsə də atəşkəs dövründə böyük diqqət və qayğı görmüşük. Göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımızı bildiririk. İnşallah, Tərtərdə çəkilməyə başlayan yollar bizi tezliklə işğal altında olan torpaqlarımıza aparıb çıxarar, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanar. Sizinlə birgə həmin ərazilərdə qələbəmizi qeyd edək!
Hörmətlə,
Məmmədova Lətafət Rza qızı,
Süleymanova Vəsilə Əhməd qızı,
Abdullayeva Gülnar Kamil qızı,
Mirzəyev Elşən Raqub oğlu,
İmanov Zakir Kamal oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu.