"Biz Sizə daim güvənirik, Sizinlə qürur duyuruq" -TƏLƏBƏ və MƏKTƏBLİLƏR PREZİDENTƏ YAZIRLAR

Hörmətli cənab Prezident,

Mən, İsmayılova Sevda Fransanın Monpelye şəhərində magistratura təhsili alıram. COVID-19 ilə bağlı Fransada elan edilən karantin rejiminə uyğun olaraq iş yerlərinin bağlanması işləyərək öz tələbatını ödəyən tələbələri maddi cəhətdən çətin vəziyyətə salıb. Yaşadığım evin kirayə haqqının ödənilməsində üzləşdiyim problemlə əlaqədar ölkəmizin Fransadakı səfirliyinə müraciət etdim. Dərhal səfirlikdən mənimlə əlaqə saxlanıldı və müraciətimin qeydə alındığı bildirildi. Bir neçə gün sonra bank rekvizitlərini tələb edən səfirlik əməkdaşı dövlətimiz tərəfindən tələbələrə yardım ediləcəyi barədə xoş xəbəri çatdırdı. Dövlətimizin dəstəyi ilə kirayə yaşadığım evdən çıxarılmaq təhlükəsini dəf elədik. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, onlara da maddi yardım edilib.

Hörmətli cənab Prezident, Siz bir daha sübut etdiniz ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidentisiniz. Çətin anlarda bizi köməksiz qoymadığınıza görə Sizə öz dərin təşəkkürümü çatdırıram.

Hörmətlə,

İsmayılova Sevda Hafiz qızı

Fransa Respublikası, Monpelye şəhəri.

02 iyun 2020, 13:50

XXX

Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, "Çox sağ olun!" deyirik. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədova Bədi Sədatxan qızı.

Azərbaycan Respublikası, Astara rayonu, Seləkəran kəndi.

02 iyun 2020, 14:10

XXX

Hörmətli cənab Prezident,

Mən Goranboy rayon Məşədiqaralar kənd Etibar Verdiyev adına tam orta məktəbin XI sinif şagirdiyəm, dərs əlaçısıyam. Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.

Fəxrlə deyə bilərəm ki, bütün dünya üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu və müsbət nəticələr artıq göz qabağındadır. Mən də bir məktəbli olaraq bizə yaradılan şəraitə görə Sizə, dərslərimizdən geri qalmamaq üçün tətbiq edilmiş onlayn dərs sisteminin təşkilatçılarına, müəllimlərimizə öz adımdan, sinif yoldaşlarım adından dərin təşəkkürümü bildirirəm.

Biz Sizə daim güvənirik, Sizinlə qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Süleymanova Pərvanə Ramiz qızı

Azərbaycan Respublikası, Goranboy rayonu, Məşədiqaralar kəndi.

02 iyun 2020, 14:50

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31