"Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz"- PREZİDENTƏ YAZIRLAR
3 İyun 2020 12:09 SiyasətHörmətli Prezidentimiz.
Bütün xalqımız kimi, mən də bu ağır COVID-19 pandemiyası günlərində xalqımızın yanında olduğunuz, bizim qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının gözünə çıraq etsin.
Eyni zamanda, respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırki ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz vardır.
Mən də, yaşlı valideynlərim də daim Sizin daxili və xarici siyasətinizi izləyir, ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndər siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Mirişov Əlizamin Hümbət oğlu, Laçın rayonunun Ələkçi kəndindən məcburi köçkün.
Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.
02 iyun 2020, 12:05
xxx
Hörmətli cənab Prezident.
Mənim 71 yaşım var, təqaüdçüyəm. COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənirik. Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi kimi şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.
Cənab Prezident, bu yeni koronavirusla bağlı verdiyiniz qərarlardan birini xüsusi qeyd etmək istəyirəm. COVID-19 infeksiyasına yoluxan xəstələrin sağalması üçün istirahət bilmədən, ailələrini görmədən gecə-gündüz çalışan tibb işçilərinin məvaciblərini 3-5 dəfə artırmağınızı çox yüksək qiymətləndirirəm.
Həm Sizə, həm də tibb işçilərinə təşəkkürümü çatdırıram və Sizi ürəkdən alqışlayıram.
Hörmətlə,
Rəşidov Əhmədağa.
Azərbaycan Respublikası, Bakı şəhəri.
02 iyun 2020, 12:55
xxx
Hörmətli cənab Prezident.
Bildiyiniz kimi, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasətiniz bizi bu çətin bəladan qorudu. Pandemiya dövründə iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar insanlara sosial yardımın göstərilməsi, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsi Sizin xalqımıza olan sonsuz sevginizin sübutudur.
Bu ağır pandemiya dövrü təhsilə də təsirsiz ötüşmədi. Sizin bu ağır dönəmdə yaratdığınız şəraitin təhsilə böyük faydaları oldu və buna görə də Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri adınan Sizə dərin minnətdarlığımızı bildiririk. Təşkil olunan distant təhsilin tələbələrimizə çox böyük köməyi oldu və bizim təhsildən geri qalmamağımıza imkan verdi. Mən də sosial cəhətdən həssas ailə qrupuna aid olan bir tələbə kimi Sizə təşəkkürümü bildirirəm. Ailə vəziyyətim təhsil haqqımı ödəməyə imkan vermirdi. Sizin bu gözəl təşəbbüsünüz vasitəsilə mən və mənim timsalımda bir çox tələbə öz xəyallarını gerçəkləşdirmiş olacaq. Buna görə bir tələbə olaraq şəxsən öz adımdan, ailəmin adından və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri adından Sizə dərin təşəkkürlərimi bildirirəm.
Hörmətlə,
Əhədzadə Lətafət.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri
02 iyun 2020, 13:35