"Atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki. Siz daim xalqın yanındasınız" -Dünya azərbaycanlıları İlham Əliyevə yazırlar
3 İyun 2020 12:00 SiyasətHörmətli cənab Prezident,
Mən, Fransanın paytaxtında yerləşən Paris Ali Musiqi Məktəbinin tələbəsi olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Siz və ailəniz artıq bir neçə ildir ki, Parisdə təhsilimlə bağlı və öz sənətimdə peşəkarlaşmağımda mənə dəstək olursunuz. Sizin dəstəyə mən həmişə böyük dəyər verərək Azərbaycanın adını və bizim zəngin mədəniyyətimizi ölkədən xaricdə böyük fəxarət hissi ilə təmsil edir və bununla qürur duyuram. Bu dəstək tədbirlərinin reallaşmasına görə Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Son dörd il ərzində ümummilli liderimiz Heydər Əliyevin ildönümləri ilə əlaqədar burada yerləşən Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə çox fəal iştirak edirəm. Ötən ay yenidən, ənənəyə sadiq qalaraq Ulu Öndərimizin doğum günündə onun sevdiyi Azərbaycan xalq mahnıları və digər milli bəstəkarların əsərlərini ifa edərək ruhunu yad etdik.
Sizə bir daha mənə göstərdiyiniz dəstək və qayğıya görə təşəkkürümü bildirir və bu çətin günlərdə Sizə və ailənizə sağlamlıq arzu edirəm!
Dərin hörmətlə,
Vurğun Vəkilov
Prezident təqaüdçüsü və mükafatçısı, pianoçu
Fransa Respublikası, Paris şəhəri.
02 iyun 2020, 15:30
XXX
Möhtərəm cənab Prezident.
Dünyada COVID-19 pandemiyasının yayılması səbəbindən sərhədlərin bağlanması nəticəsində vətənə dönə bilməyən Ukraynada təhsil alan azərbaycanlı tələbələr adından bizə göstərdiyiniz dəstək və yardıma görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması uçun verdiyiniz mühüm qərarları, hazırda ölkə xaricində qalan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndiririk. Bu çətin vaxtda atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki. Siz daim xalqın yanındasınız. Qərib ölkədə qaldığımız müddətdə bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə, əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə hər birimizin adından Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Ukraynada təhsil alan azərbaycanlı tələbələr:
Məmmədov Murad Əlövsət oğlu,
Manafov Elnur Namiq oğlu,
Zeynalov Nicat Rasim oğlu,
Qasımov Sərxan Sarıbala oğlu və başqaları.
Ukrayna, Kiyev şəhəri.
XXX
Hörmətli cənab Prezident.
Biz, ADA universitetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci və 3-cü kurs tələbələriyik, "Erasmus+" proqramında iştirak edərək 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımıza dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdirdik. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıda bilmədiyimiz və maddi sıxıntımız olduğu üçün çox ciddi narahatlıq keçirirdik. Xaricdə yaşayan Azərbaycan vətəndaşları Sizin sayənizdə hər zaman dövlətimizin qayğısını hiss edir, ən çətin şəraitdə belə dövlət tərəfindən müdafiə olunurlar. Biz də öz növbəmizdə, dövlətimizin qayğısını hiss etdik. Sizin tapşırığınıza əsasən, mütəmadi olaraq problemlərimizlə maraqlanır, bizə həm maddi, həm də mənəvi dəstək göstərirlər.
Cənab Prezident, bizə göstərilən dövlət qayğısına görə Sizə təşəkkür edirik. Güclü Azərbaycanımızla, güclü dövlətimizlə qürur duyuruq. Bizə göstərdiyiniz diqqətə görə təhsil aldığımız sahə üzrə peşəkar mütəxəssis olmağa, dövlətimizə fayda verməyə və etimadınızı doğrultmağa çalışacağıq. Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Allahverdiyev Xəzər Ayaz oğlu,
Zeynallı Elvin Vəli oğlu,
Sadibəyli Ceyhun Gəray oğlu.
ICD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr.
Fransa Respublikası, Paris şəhəri.