Azərbaycan və Asiya İnkişaf Bankı etibarlı tərəfdaşdırlar
3 İyun 2020 10:58 Siyasətİyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans bir sıra özəlliyi ilə səciyyələnib. Belə ki, videokonfrasdan məlum olduğu kimi Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq ən üksək səviyyədədir və tərəflər bu əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Etiraf edilməlidir ki, bu istək sözügedən qurum tərəfindən ölkəmizə verilən dəyərlə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə etimadının göstəricisidir. Belə məlum olur ki, Azərbaycanda həyata keçirilən sosial-iqisadi siyasət beynəlxalq maliyyə qurumları tərəfindən müsbət qiymətləndirilir və ölkəmizin qazandığı imic həmin təşkilatlarla əməkdaşlığa şərait yaradır. Ümumi nəticə ondan ibarətdir ki, Azərbaycan və Asiya İnkişaf Bankı güclü tərəfdaşdırlar. Məlumat üçün qeyd edək ki, Azərbaycan 1999-cu ildən etibarən AİB-nin üzvüdür. Azərbaycanın AİB-in səhmlərində payı 0.447%-dir. Azərbaycanın AİB-in Rəhbərlər Şurasında rəhbəri Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov. AİB-in Azərbaycanda Rezident Missiyası 2004-cü ildə açılıb.1999-cu ildən etibarən Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri 4,2 milyard olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir. AİB-in yardımı ilə məcburi köçkünlər üçün layihə çərçivəsində 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşıb, 4 məktəb bərpa edilib, məcburi köçkünlərə əksəriyyəti qadınlar olmaqla kiçik kreditlər verilib. Daşqınlarla mübarizə layihəsi çərçivəsində 240000-dən artıq əhali daşqınların təsirindən müdafiə olunub. Təxminən 200 kilometr yeni və təkmilləşdirilmiş magistral və kənd yolları salınıb, ikinci dərəcəli şəhərlərdə yaşayan təxminən 350 000 əhali yüksək keyfiyyətli və etibarlı içməli su ilə təchiz olunub. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlər infrastruktura investisiya yatırmağa kömək edib. Belə ki, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. 2015-ci ilin 1-5 may tarixlərində AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı Bakıda keçirilib. Asiya İnkişaf Bankının Bakıda keçirilən illik toplantısı əməkdaşlığın çox yaxşı əlaməti kimi dəyərləndirilib. Hazırda da AİB Azərbaycanda həyata keçirilən bir sıra layihələri dəstəkləməkdə davam edir.
Prezident İlham Əliyev vodeokonfransda qeyd edib ki, Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür: "Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir.Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada - Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır".
Videokonfrans Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanın Azərbaycan haqqında müsbət fikirləri ilə də yadda qalıb. O, qeyd edib ki, Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi dərin təəssürat yaradır. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması təqdirəlayiq haldır. AİB prezidenti Masatsuqu Asakava qeyd edib ki, Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və inklüziv artımın təşviqinə, eləcə də koronavirus böhranından tez bir zamanda iqtisadiyyatın bərpa olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə verdiyi dəstəyi davam etdirəcək: "Bu halda, şaxələndirilmiş iqtisadiyyatın tələbatlarına daha yaxşı cavab vermək, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı təşviq etmək üçün infrastrukturun da inkişafı nəzərdə tutulur. Bütün bunlar Sizin ölkənizlə apardığımız tərəfdaşlığın strateji prioritetləridir. Dövlət və özəl sektorlar arasında tərəfdaşlıq hökumətlə həyata keçirdiyimiz layihələrin əsas mövzusu kimi qalmaqdadır. İdarəçilik sahəsində olduqca fəal mövqedən çıxış etməliyik. Bu sahəyə xarici borcun ümumi daxili məhsula nisbəti məsələsi aiddir və bu nisbət gözlənildiyindən daha sürətli templə azalmaqdadır. Mən mövqeyinizi tam anlayıram ki, Siz innovativ, tam yeni texnoloji layihələrə sərmayələrin yatırılmasını dəstəkləyirsiniz. Bundan irəli gələrək, rəhbərlik etdiyim heyət əlindən gələni edir ki, bütün həmin layihələrin hiss olunan nəticələri yüksək texnologiyalar sahəsində olsun. İstərdik ki, onların hökumətin strateji hesab etdiyi sahələrə böyük təsiri özünü göstərsin. Məsələn, su ehtiyatları, idarəçilik, maliyyə, enerji səmərəliliyi və digər sahələr. Bir sözlə, yuxarıda qeyd olunanlardan irəli gələrək və hökumət orqanları ilə məsləhətləşərək, mənim əməkdaşlarım bir sıra sənədləri hazırlayıblar. Birincisi, cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, suvarma və drenaj sistemlərinin inkişaf etdirilməsi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, ikincisi, peşə təhsili və ticarətin liberallaşdırılması da nəzərdə tutduğumuz proqramın bir hissəsidir. Nəhayət üçüncüsü katalizator rolunu oynayacaq kiçik və orta sahibkarlığın maliyyələşdirilməsidir. Biz, həmçinin elektrik enerjisinin paylanması sahəsində götürdüyümüz öhdəliklərə sadiq qalırıq. Bu məqsədlə, elektrik şəbəkəsinin təkmilləşdirilməsinə sərmayə proqramı nəzərdə tutulur. Əgər Sizin hökumət müsbət qərar verərsə, bu proqramlar icra oluna bilər".
Millət vəkili Elman Məmmədov qeyd edib ki, nəinki Asiya İnkişaf Bankı, eləcə də bütün beynəlxalq qurumlar etibar etmədikləri, dayanlıqlı vəziyyətdə olmayan, stabil olmayan ölkələrə, dövlətlərə, təşkilatlara heç bir yatırım etmirlər, kredit vermirlər və onlarla əməkdaşlıq etmirlər: "Deməli Azərbaycan o sahədə etibarlı tərəfdaş kimi özünü təqdim edə bilib və beynəlxalq təşkilatların etimadını qazana bilib. Ona görə də əməkdaşlıq günü-gündən genişlənir və bundan sonra da genişlənəcək. Hesab edirəm ki, ötən gün keçirilən videokonfrans da yüksək səviyyədə dəyərləndirilməlidir. Bu ölkəmizin, dövlətimizin inkişafının xeyrinədir. Bu gün Azərbaycan regionun lider dövlətidir. Sadaladığım göstəricilərlə Azərbaycanla Ermənistanı müqayisə belə etmək olmaz və bu gülünc doğurar. Ermənistan bu sahədə həddinən artıq çox geridə qalmış və etibarsız bir partnyor kimi tanınır. Bu gün işğalçı ölkənin iqtisadiyyatı və bütün bank sistemi dağınıq vəziyyətdədir. Bir sözlə, mən Asiya İnkişaf Bankı ilə Azərbaycanın əlaqələrini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu əməkdaşlıq alqışlanmalıdır".
Alim