Elvin Babayev: “Ölkə başçısının bu kimi fikirləri daimi gənclərimizi ruhlandırır”
2 İyun 2020 12:04 Siyasət"Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, elmi, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər". Bu fikirləri "OLAYLAR"-a gənc politoloq Elvin Babayev səsləndirib. O, qeyd edib ki, dövlətin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır: "İndiki dövrümüzdə gənclərin arzularının reallaşması üçün daha əlverişli şərait yaranıb. Bütün bunlara görə indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Prezident İlham Əliyev özü də dəfələrlə bildirib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər özünü dövlətin gənclər siyasətində də göstərir. Odur ki, gənclərin bu siyasətə dəstək verməsi üçün intellektual gənclərin bir araya gəlməsi və onların fikir mübadiləsi nəticəsində ortaq yeni ideyalar tapması vacib amildir. Prezident İlham Əliyev ötən ay DOST mərkəzinin açılışında iştirak edərkən Azərbaycanın bugünkü inkişafında da gənclərin rolunu yüksək qiymətləndirərək demişdir: "Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusunlar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək". Elvin Babayev deyib ki, ölkə başçısının bu kimi fikirləri daimi gəclərimizi ruhlandırır: "Sağlam gənclik bir dövlətin inkişafı üçün, bir millətin yaşaması üçün əsasdır. Çünki müstəqilliyin, dövlətçiliyin daha da möhkəmləndirilməsinin, millətin gələcək taleyinin həll olunmasının etibarlı təminatı intellektual səviyyəli, potensiallı kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz buna görə də gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu günədək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin, Azərbaycan gəncliyinin inkişafına verilmiş təkanın nəticəsidir ki, cənclər cəmiyyətdə özlərini təsdiq edə bilir və bütün sahələrdə özlərini doğruldurlar . Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başıçısının "Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir" fikri dövlətin gənclərə olan inam və etimadının göstəricisidir". Gənc politoloq deyib ki, son dövrdə ölkəmizə qarşı düşünülmüş qərəzli kampaniyalar aparılır: "Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə xaricdəki gənclər də bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməlidir. Həmçinin gənclərimizi xaricdə iştirak etdikləri müxtəlif elmi konfranslarda, tədbirlərdə Azərbaycanın dünyada tanıdılması yönündə əllərindən gələnin ən yaxşısını eləməyə səy göstərməlidir. Xarici ölkələrin ali təhsil ocaqlarında, dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdə nə qədər çox gənclərimiz iştirak etsə bu, ölkəmizin həm tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək. Azərbaycan gəncləri milli maraqların daim keşiyində dayanır, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss edir, dövlətçilik ideyalarını üstün tutur. Bu da vətənpərvərliyin bariz nümunəsidir"