Vətəndaş-məmur münasibətləri daha da normal xarakter alır - Şərh
1 İyun 2020 11:11 SiyasətÖlkədə həyata keçirilən islahatlar bu prosesi sürətləndirir
Azərbaycanda sürətli şəkildə və həyatımızın bütün sahələrini əhatə edən islahatlar həyata keçirilir, addımlar atılır, zamanın tələbinə uyğun olaraq müvafiq addımlar atılır. Həm idarəetmədə gəncləşmə, gənc kadrların irəli çəkilməsini müşahidə edirik, həm də bu və ya digər sahədə mövcud olan problemlərin, neqativ halların aradan qaldırılmasının şahidinə çevrilir. Təbii ki, həyata keçirilən hər bir tədbir, atılan hər bir addım da öz növbəsində cəmiyyət tərəfindən təqdir edilir, alqışlanır, dəstək görür. Çünki həyata keçirilən bu tədbirlər, sadaladığımız addımlar sırf Azərbaycan vətəndaşının məmnunluğu, onun üzləşdiyi bürokratik əngəllərin aradan qaldırılmasını hədəfləyir. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. O, qeyd edib ki, həyata keçirilən tədbirlər vətəndaş-məmur münasibətlərinin daha yüksək səviyyədə təmin olunmasına yol açır. Əli İbrahimov bildirib ki, vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə formalaşdırılması bütün dövrlər üçün aktual olub: "Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır" söyləyən cənab İlham Əliyev dövlət məmurlarına bu çağırışı edir ki, onlar yaddan çıxarmamalıdırlar, xalq üçün işləyirlər, xalqın xidmətçiləridir. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Mənfi mənzərə ilə üzləşəndə dövlətimiz daim ciddi tədbirlər görür, günahkar məmurlar cəzalandırılır. Cənab İlham Əliyevin son zamanlar yeni təyin olunmuş struktur rəhbərləri ilə görüşlərində verilən tapşırıqlara diqqət yetirmək kifayətdir. "Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun" çağırışını edən ölkə Prezidenti müstəqilliyimizin böyük sərvətimiz olduğunu hər zaman onların diqqətinə çatdırır. Təbii ki, dövlətçilik maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır. Dövlətini, xalqını düşünən, ən əsası, dövlət idarəçiliyində irəli çəkilmənin, tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibinə yox, ona göstərilən etimadı doğrultmağa çalışacaq. Şübhəsiz, bu gün icra orqanlarında vəzifəsindən sui-istifadə edərək rüşvətxorluğa, korrupsiyaya bulaşmış məmurlarla yanaşı, öz işini yüksək səviyyədə, vicdanla yerinə yetirən, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanlar da var. Onların fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və bu gün də dəyərləndirilir". Hüquqşünas deyib ki, məmur savadsız olanda, ağıllı insanların "başını kəsir", ətrafına kobud insanları yığır: "Bu, reallıqdır. Əgər məmurun savadı, Vətənə, millətə, dövlətə sevgisi varsa, neqativ halların heç biri onda olmayacaq. Bizdə vətənpərvərliklə bağlı çoxlu mövqe və baxışlar var. Mənim baxışıma görə, vətənpərvər ilk növbədə o insandır ki, cəmiyyətdə harada və hansı sahədə çalışmasından asılı olmayaraq vəzifəsini layiqincə yerinə yetirir. Hesab edirəm ki, məmur heç vaxt şəxsi hisslərlə rəhbərlik etməməlidir. Şəxsi hisslər aldadıcıdır. Çünki şəxsi hisslər gündə bir neçə dəfə dəyişə bilər. Məmur qanunlara, Konstitusiyaya riayət etməli və təmsil etdiyi komandanın mənəvi prinsiplərinə əsaslanmalıdır. Bizdə bəzi məmurlar vəzifəyə təyin edilən kimi rəhbərlik etdiyi qurumlara, ilk növbədə, öz adamlarını gətirirlər. Orada 10-15 il dövlətə sədaqətlə çalışan savadlı insanları kənarlaşdırır, onun yerinə işini bilməyən, bəzi hallarda kobud adamları ətrafına yığır. Bu məmur oraya məhz korrupsiya ilə məşğul olmağa gəlir. Hesab edirəm ki, əhalidə narazılıq yaradan problemin kökündə bu durur. Bu mənfi tendensiya kütləvi hal aldıqda cəmiyyətdə narazılıq yaradır. Hesab edirəm ki, güclü, savadlı rəhbər istənilən kadrla işləməyi bacarmalıdır. Heç bir halda nöqsansız işləyən, peşəkar kadrı işdən çıxarmaq olmaz. Əgər bir kadr 10-15 il işləyibsə, demək ki, dövlətə sədaqətlə xidmət edib. Məmur savadsız, qeyri-peşəkar olanda, rəhbərlik etdiyi sahənin işini çox aşağı səviyyədə biləndə kollektivdə özünün dominantlığını göstərmək üçün nə qədər ağıllı insanlar var onların "başını kəsir". Nə qədər özünə münasib adam varsa, gətirib yanına yığır. Bu, ümumiyyətlə pis nümunədir".
Əli İbrahimovun sözlərinə görə, vəzifə ona görə verilir ki, hüquq və qanunlar çərçivəsində istiqamət verilmiş sahədə dövlətinə, vətəninə, millətinə və ölkə rəhbərinə xidmət etsin: "Cənab Prezident unikal təcrübəyə, xüsusi liderlik qabiliyyətinə malik bir rəhbərdir. Hesab edin ki, ölkə rəhbəri dövləti idarəetmə sükanında duran əsas aparıcı qüvvədir və sürətlə hərəkət edir. Bu sürətli hərəkət nə deməkdir? - Reform və islahatlar. Reform və islahatlarda rüşvətə, korrupsiyaya, cibə girməyə, xalqın sərvətini talamağa yer yoxdur. Təəssüf ki, köhnə təfəkkürə malik məmurlar cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmadılar. "Eybi yox, biraz keçər, yola verərik" deyə düşünürlər. Bu, tipik keçmiş nomenklatura sisteminə sahib olan insanların təxəyyülünün məhsuludur. Ölkə rəhbəri isə modern, ölkəni gələcəyə aparan, rüşvətdən və korrupsiyadan uzaq, vətəndaşa xidmət edən məmur psixologiyasına sahib insanların vəzifədə olmasını arzu edən bir liderdir. O, bunu sadəcə bəyan etmir, hər dəfə öz işi ilə, atdığı addımlarla, həyata keçirmiş olduğu islahatlarla, vermiş olduğu qərarlarla da təqdim edir. Ölkə başçısı tərəfindən başladılan islahatlar güclü bir dalğadır. Əgər günah sahibisənsə, acizsən. Yox, əgər günahın yoxdursa, dalğa sənə heç nə etməyəcək. Xalqın malını talayan məmurlar görün necə iyrənc əməllər törədirlər". Hüquqşünas deyib ki, Cənab Prezident parlamentin açılışında çox tarixi bir kəlam söylədi: "Bildirdi ki, köhnə sistem bitdi, biz təzə sistemlə işləyiriksə, məmurlar da buna cavab verməlidir. Yaxın günlərdə mədəniyyət nazirinin işdən azad olunması, orada baş verən korrupsiya halları, Dövlət Sərhəd Xidmətindəki proseslər, Sahil Mühafizə Xidmətinin rəisinin və əməkdaşlarının tutulması və başqa məsələlərin şahidi olduq. Əlbəttə, Azərbaycan hüquqi dövlətdir, kimsə burda başqa bir şey demir. Hüquq-mühafizə orqanları onsuz da öz sözünü deyir və deməyə də davam edəcək. Hər kəs layiq olduğu cəzanı alacaq. Dövlətin qanunları var. Amma fakt faktlığında qalır. Əgər ciddi şühbələr meydana gəlməsəydi, bu insanların həbsi də baş verməyəcəkdi. DTX-nın yaydığı görüntülərdə də bəzi şeyləri gördük. Dəftərlər yazırlar, siyahı tuturlar. Bu nə deməkdir? Elə bil, bazarda nəsə satırlar. Bu, korrupsiyanın ən iyrənc formasıdır. Vətəndaşın cibinə girməkdən başqa, dövlətin malını mənimsəməkdir. İnsani tərəfdən də baxsaq, vicdansızlıq və ədalətsizlikdir. Əminəm ki, cənab Prezidentin özünün də vurğuladığı kimi, bu islahatlar davam edəcək. Ölkə rəhbərinin verdiyi mesajlara baxdıqda hər dəfə yeni bir informasiyanın şahidi oluruq". Əli İbrahimov bildirib ki, Azərbaycanda söz azadlığı olduğu üçün sosial şəbəkələrdə, mediada hər kəs öz fikrini sərbəst şəkildə ifadə edir: "Heç kəsin fikrini ifadə etməsinə əngəl yoxdur. Əlbəttə ki, burada məsələyə müxtəlif prizmadan yanaşmaq mümkündür. Dünya ölkələrinə baxdıqda, məsələn Türkiyənin özündə hər hansı bir skandal yaşandığı zaman həmin skandalla bağlı məsələlərin sakitləşməsi üçün məmur könüllü şəkildə istefaya gedir, yaxud araşdırma bitənə qədər vəzifəsindən uzaqlaşdırılır. Əgər həqiqətən də onun bir günahı yoxdursa, yenidən vəzifəsinə bərpa olunur. Söhbət təyinatlı məmurlardan gedir. Avropada və dünyanın bir çox inkişaf etmiş ölkələrində də istefa mədəniyyəti mövcuddur. Azərbaycanda hökumət nümayəndəsinin və ya yerli icra strukturu rəhbərinin istefa edib-etməməsi məsələsini mənim şərh etməyim doğru olmaz. Çünki o insanın hansı düşüncəyə sahib olduğunu bilmirəm. Bu sualın ən ideal cavabını onlar özləri verə bilər ki, istefaya getməlidirlər, yoxsa yox. Çünki o, cavabdeh olduğu qurumda baş verən korrupsiya hallarında nə dərəcədə rolu olub-olmadığını özü yaxşı bilər. Belə bir fikir var ki, elin gözü tərəzidir. Xalqın hər bir fikri bizim tərəfimizdən dəyərləndirilməlidir. Amma hüquqi dövlətdə deyilənlər yox, faktlar əsas rol oynayır. Hər halda bir məmurun hər hansı məsələdə ciddi nöqsanı varsa, o özü istefa verməsə də, cənab Prezident onu vəzifəsindən azad edir. Ölkə rəhbərinin bu konstitsion hüququnu heç kəs müzakirə edə bilməz. Sadəcə vəzifəyə təyin olunan şəxs bilməlidir ki, bu vəzifə ona ömürlük verilməyib. Bu vəzifə ona görə verilir ki, hüquq və qanunlar çərçivəsində istiqamət verilmiş sahədə dövlətinə, vətəninə, millətinə və ölkə rəhbərinə xidmət etsin. Əgər xidmətində boşluq varsa, hüquq mühafizə orqanları və siyası rəhbərlik tərəfindən cəzasını alacaq. Bu, qanundur. İnkişaf etmiş ölkələrin hamısında belədir".
Əli İbrahimov onu da vurğulayıb ki, Cənab Prezidentimiz tərəfindən aparılan islahatlar 3 istiqamətdə gedir: "Qanunverici, icraedici və məhkəmə orqanlarında. İcraedici orqanlarda və məhkəmə sistemində islahatlar daha öncə başlamışdı. Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi ilə bağlı müvafiq Fərmanı imzalanmışdı. Bir müddət öncə də parlamentdə Ali Məhkəmənin və Apelyasiya Məhkəməsinin yeni hakim heyətlərini təsdiq etdik. Ölkə rəhbərinin əsas məqsədi ondan ibarətdir ki, vətəndaş məhkəməyə müraciət etdikdə, hüquqlarının qanun çərçivəsində qorunacağına əmin olsun. Ümumiyyətlə, məhkəmə sistemi, prokurorluq orqanları və polis orqanlarında islahatlar yüksələn xətlə davam etməkdədir. Bu orqanların birində islahat aparılmasa, digər ikisində gedən islahatın effektiv nəticəsini ala bilmərik. O da məlumdur ki, Prezident bütün bu proseslərə şəxsən nəzarət edir və lazımi tapşırıqlar verərək islahatların uğurla davam etməsini təmin edir. Biz də vətəndaş olaraq, ölkə başçısının apardığı bu islahatlara sahib çıxmalı və ona ictimai dəstək göstərməliyik. Ölkədə elə bir şərait yaradılıb ki, vətəndaş heç nədən qorxmadan, çəkinmədən öz problemlərini rahat şəkildə açıb ortaya qoya bilər. Lakin eyni zamanda insanlar onlara verilən bu hüquq və imtiyazlardan sui-istifadə etməməlidir".
Süleyman
Olaylar.az