Koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq yolverilməzdir

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkədə koronavirus pandemiyası səbəbindən bir müddət tətəbiq edilən karantin qaydalarının mərhələli şəkildə yumşaldılmasından sonra virusa yoluxanların sayında artım qeydə alınmağa başlayıb. Vətəndaşlarımızın karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməsi, tibbi maskalardan istifadə etməmələri, hətta ən sadə gigiyenik qaydaları gözləməmələri hökuməti yenidən bir sıra tədbirlər görmək məcburiyyətində qoyub. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günlərdə qəbul etdiyi qərara əsasən tibbi maskadan istifadə zəruri olub. Bundan istifadə etməyənlər, özləri ilə yanaşı ətrafdakılara da təhlükə yaradan vətəndaşlarımızın isə tibbi maskadan istifadə etmədiyi halda cərimə edilməsi məqsədəuyğun hesab edilib.

Bir çoxları tətbiq edilən qaydalar və cərimələrə qarşı çıxsa da, ancaq reallıq ondan ibarətdir ki, atılan bütün addımlar, qəbul edilən qərarlar yalnız və yalnız vətəndaşlarımızın qorunması, onların təhlükəsizliyinin təminatı, eləcə də virusun ölkə ərazisində geniş yayılmaması üçündür. Elə millət vəkilləri də belə hesab edirlər.

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculugu komitəsi tərəfindən hazirlanmış və müzakirəyə təqdim edilən İnzibati xətalar məcəlləsinə dəyişiklik ölkəmizdə pandemiya dövründə həyata keçirilən mühüm hüquqi addımlardan biridir. AVP sədri bildirib ki, cari ilin mart ayının 17-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliiyətin gücləndirilməsi məqsədilə İnzibati xətalar məcəlləsində dəyişiklik edilib və müvafiq inzibati tənbeh tədbirləri müəyyən olunub: "Hazırki layihəyə görə 211-ci maddəyə yeni iki hissənin əlavə edilməsi təklif olunur. Layihənin 211.2-ci maddəsinə uyğun olaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yolarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin şərtlərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslərin 50, vəzifəli şəxslərin 100, hüquqi şəxslərin 200 manat məbləğində cərimə edilməsi təklif olunur. Layihənin 211.3-cü maddəsinə görə epidemiya, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək 211.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta təkrar törədilərsə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilirlər". Millət vəkilinin sözlərinə görə, karantin rejiminin yumşaldılması cəmiyyət tərəfindən müsbət qiymətləndirilsə də, təəssüf ki, bəzi şəxslər məsuliyyətsizlik nümayiş etdirərək özlərini və ətrafdakıları qorumaq üçün heç bir qoruyucu tədbir görmürlər: "Bunu aydın şəkildə küçələrimizdən, parklardan, market və digər ictimai yerlərdən, sosial şəbəkələrdə yayılan görüntülərdən izləməkdəyik. Nəticədə bu məsuliyyətsizlik infeksiyaya yoluxanların sayını artırmaqdadı və bu neqativ tendensiya davam edərsə yeni məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi qaçılmaz olacaqdır. Mövcud təhlükənin qarşısının alınması maqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 29 may 2020-ci ildə xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə mühüm qərar qəbul edib. Dövlətimiz tərəfindən həyata keçirilən əhəmiyyətli tədbirlərin inzibati-hüquqi vasitələrlə təmin edilməsi hazırki pandemiya dövründə müstəsna əhəmiyyət kəsb edir. Məlumat üçün deyə bilərəm ki, bu cür məsuliyyət koronavirus infeksiyasının yayıldığı zamanda bir çox ölkələrdə tətbiq edilir. Türkiyədə ictimai yerlərdə fərdi vasitələrdən - maskalardan istifadə etməyən şəxslər 3150 lirə (783 m), Almaniyanın Bavariya torpağında 150, təkrar olunduqda isə 300 avro, Rusiya Federasiyasında dörd min rubl (96 m) cərimə edilirlər. Başqa ölkələrdə də, bu yanaşma mövcuddur. Əminəm ki, qanun layihəsinin qəbul olunması əhalinin etibarlı şəkildə pandemiyadan qorunmasında mühüm rol oynayacaq, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə birlikdə karantin rejimin yumşaldılması və tədricən aradan qaldırılmasını təmin edəcəkdir".

Millət vəkili Sədaqət Vəliyeva isə deyib ki, tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək. Deputat təəssüf hissi ilə qeyd edib ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər: "Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronoavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da əlbəttə ki, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər. Avtobusa minərkən, metropolitenə daxil olarkən üzlərinə maska taxan insanlarımız elə pilləkənlərdə, eskalatorda, yaxud vaqonda maskanı çıxarırlar. Qısamüddətli müşahidə bu dediklərimi tamamilə əsaslandıra bilər. Təsəvvür edin ki, karantin rejimi tamamilə götürülür və iri ticarət məkanlarında, parklarda, kinoteatrlarda insanlar maskasız gəzir, sosial məsafə qorunmur və beləliklə də pandemiyanın ikinci dalğasının başlanmaq təhlükəsi yaranır. Gigiyena qaydalarına əməl etməyən, maskadan istifadə etməyən adamların, sadəcə öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır". Sədaqət Vəliyeva bildirib ki, bu səbəbdən də koronavirusa yoluxmaların sayının azaldılması və situasiyanın nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar: "Belə ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 50-400 manat məbləğində cərimələnəcəklər. Qayda pozuntusunun təkrarlanacağı təqdirdə, belə şəxsi inzibati həbs gözləyəcək. İndidən artıq sosial şəbəkələrdə cərimələrlə bağlı manipulyasiya edənlərə bildirmək istərdim ki, Azərbaycanda tətbiq olunan bu cəzalar heç də sərt deyil. Dünya ölkələrində ictimai yerlərlə yanaşı, nəqliyyatda da maskadan istifadə etmə məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir. Məsələn, Rusiyada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir. ABŞ-da, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir. Fransada karantin regiminin pozulması 150 avro, ictimai nəqliyyatda maskasız olmaq 135-150 avro arası cərimədir. Belçikada ictimai yerlərdə, xüsusən, ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. İspaniyada 300 avro qədər maskaya görə, 30 000 avro qədər karantinə görə məhkəmə qərarı ilə cərimələr tətbiq olunur. Böyük Britaniyada nəqliyyatda maskasız tutulana 25 avro məbləğində cərimə elan edilib. İtaliyada 300-4000 avro cərimə tətbiq olunur. Eyni zamanda, Almaniyanın 16 əyalətindən 15-də maska taxmaq, məsafəli davranmaq kimi qaydalar tətbiq edilib. Həmçinin, maskadan istifadə etməməyə görə Sloveniya və Slovakiyada 30-150 avro, Yunanıstanda 40-150 avro və ya 6 aya qədər həbs gözləyir, Birləşmiş Ərəb Əmirliklərində cərimənin məbləği əmirliklərə görə dəyişərək 50 min dollara çatır. Təkrar pozuntuya görə 3 il həbs nəzərdə tutulub".

Millət vəkili qeyd edib ki, koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, o cümlədən ictimai yerlərdə və nəqliyyatda maskasız olmaq yolverilməzdir: "Mütəxəssislər və nüfuzlu ekspertlər qlobal miqyasda koronavirus pandemiyasının ikinci dalğasının yaşandığını deyirlər. Azərbaycanda da koronavirusa yoluxmalarla bağlı son günlərin statistikasə göstərir ki, ikinci dalğa ölkəmizdə yetərincə realdır. Bu səbəbdən hər bir vətəndaşımız məsuliyyətli olmalı, şəxsi deyil, ümumi cəmiyyət, dövlət maraqlarını qorumaq naminə karantin qaydalarına riayət etməlidir. Ümid edirəm ki, tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31